EN

“Maydan”ın Gürcüstan versiyasının icraçıları: Baltikyanı ölkələr niyə aktivləşdi?

Gürcüstanda ötən ayın 28-dən müxalifət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiya iştirakçıları beşinci gündür ki, hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dondurması qərarına etiraz edirlər.

Müxalifət liderləri və onların tərəfdarları ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edir və oktyabrın 26-da keçirilən seçkiləri saxta adlandırırlar.

Ölkənin baş naziri İrakli Kobaxidze isə bildirir ki, Gürcüstan hakimiyyəti Tbilisi və Gürcüstanın digər şəhərlərində davam edən etiraz aksiyaları fonunda müxalifətlə danışıqlara getməyəcək.

“Xeyr, danışıqlar olmayacaq. 2021-ci ildə baş tutan məcburi danışıqları xatırlayırıq, həmin vaxt konstitusiya çərçivəsindən kənara çıxmağa məcbur olduq. Təbii ki, bu gün müxalifətin belə resursları yoxdur”, - Kobaxidze qeyd edib.

İRAKLİ.jpeg

Baş nazirin sözlərinə görə, bu dəfə Gürcüstan hakimiyyəti yalnız opponentlərlə ictimai müzakirələrə razıdır.

“Gördüyümüz kimi, müəyyən insanlar tərəfindən maraq var və yaxın gələcəkdə, bu günlərin birində biz onlarla ictimai müzakirə formatında oturmağa hazırıq”, - Kobaxidze bildirib.

Hakimiyyət bildirir ki, etiraz aksiyalarında “radikal müxalifət” tərəfindən xaricdən maliyyələşdirilən, vəziyyəti sabitsizləşdirmək və dövlət çevrilişinə zəmin yaratmaq üçün təxribatlar törədən aqressiv qruplar iştirak edir. Buna baxmayaraq, səlahiyyətlilərin fikrincə, onlar “Maydan”a nail olmayacaqlar.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Daxili İşlər Nazirliyi etirazçılar tərəfindən polisə çoxsaylı təhqir və hücumlara baxmayaraq, bütün bu günlərdə prosesləri Amerika və Avropa standartlarından daha yaxşı idarə edib.

Belə bir məqamda Baltikyanı ölkələrin vəziyyətin gərginləşdirilməsində və rəsmi Tiflisə qarşı təzyiqlərdə oynadığı rolu görməmək mümkün deyil. ABŞ və Aİ-nin maşası rolunda çıxış edən bu ölkələr, xüsusilə Litva Gürcüstandakı hadisələrdə Qərbin maraqlarını müdafiə edir və dərhal hərəkətə keçir. Bu ölkələr Qərbin mövqeyini ortaya qoyur və onların iradəsini ifadə edir.

Latviya, Litva və Estoniya Gürcüstanda etirazların yatırılmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Baltikyanı respublikaların xarici işlər nazirləri Bayba Braze (Latviya) və Marqus Tsaxkna (Estoniya) “X” hesabında yazıblar.

“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər. Ölkələrimizdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”, - deyə qeyd olunub.

Baltikyanı ölkələr həmçinin Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə sanksiya tətbiq edib.

Sanksiya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, ümumilikdə 11 nəfərə şamil edilib. Sanksiyalara əsasən, həmin şəxslərin Litva, Latviya və Estoniyaya girişi qadağan edilib.

Bu üçlük açıq və gizli şəkildə gürcü xalqını küçələrə, iğtişalara səsləyir. Çünki ABŞ və Aİ açıq şəkildə Baltikyanı ölkələri təkcə Gürcüstandakı yox, postsovet məkanındakı bütün proseslərə qatılmağa təhrik edir. Bu ölkələr Aİ-yə üzv olarkən Qərbin tezisləri üzrə keçmiş sovetlər ölkəsinə qarşı mübarizə öhdəliyini öz üzərlərinə götürüblər. Əbəs deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı sanksiyalar paketi hazırlayırlar.

RUSSİA.jpeg

Hələ 2022-ci ildə Baltikyanı ölkələr Rusiyaya qarşı enerji, ticarət və SWIFT sisteminə aid olan 8-ci sanksiyalar paketi ilə bağlı Avropa Komissiyasına bir sıra təkliflər hazırlayıb təqdim etmişdi. Sonuncu dəfə Baltikyanı ölkələr fevralın 8-də Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid enerji sistemindən ayrılacağı ilə bağlı bəyanat yaydılar. Bu barədə Estoniyanın milli elektrik şəbəkəsi operatoru “Elerinq”in bəyanatında deyilirdi. Qeyd edilirdi ki, Baltikyanı ölkələrin elektrik sistemlərinin kontinental Avropa sistemi ilə sinxronlaşdırılması 9 fevral 2025-ci ildə baş tutacaq.

Vurğulanırdı ki, sinxronizasiya Avropa İttifaqı tərəfindən dəstəklənəcək. Aİ sinxronizasiyaya təxminən 1,2 milyard avro xərcləyəcək ki, bu da layihənin ümumi dəyərinin təxminən 75%-ni təşkil edəcək.

Açıq-aydın bəlli olur ki, Baltikyanı ölkələr Qərbin birbaşa tapşırıqlarını yerinə yetirir, postsovet ölkələri ilə bütün tərəfdaşlıqları dayandırır və lazım gəldikdə onları sanksiyalarla hədələyir. Hazırda bu ölkələrin diqqəti Gürcüstanda baş verən hadisələrə yönəlib.

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini ilkin olaraq elə onlar tanımadı. Litva proseslərdə xüsusi fəallıq göstərir və radikal mövqeyi ilə seçilir. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin ölkəyə girişinə ilk olaraq Litva qadağa qoyub.

Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Litva rəsmiləri zamanla anti-Azərbaycan fikirlər də səsləndirirlər.

İCMA

Qərbi Azərbaycan İcmasının bununla bağlı bəyanatında deyilir:

“Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir. Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur. “Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir”.

Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yaydıqdan sonra bu ölkələrdəki səfirlər etirazçılara dəstək olaraq istefa verdilər.

SANKSİ.jpg

Gürcüstanın Litvadakı səfiri Salome Şafakidze, ABŞ-dəki səfiri Davit Zalkaliani və Niderland Krallığındakı səfiri David Solomonia, Bolqarıstan və İtaliyadakı səfirləri Otar Berdzenişvili və İrakli Vekua da istefa verdilər.

Bütün çılpaqlığı ilə aydındır ki, bu ölkələr Qərbin mövqeyini ortaya qoyur və onların iradəsini ifadə edir. Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib. Bu barədə Litva prezidenti Gitanas Nausedanın baş müşaviri Asta Skaysqirit bildirib.

Gün kimi aydındır ki, Qərb hazırda Gürcüstanda Ukrayna ssenarisini yazmağa cəhd edir. Bu məqsədlə də Gürcüstana qarşı bütün sahələrdə təzyiq rıçaqlarını işə salıb. Bu məqsədlə ən çox da KİV-dən istifadə edir, bu ölkəni insan hüquqlarını pozmaqda ittiham edir və özünü haqların bərpaçısı olan demokrat kimi göstərir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
7
50
musavat.com

10Sources