EN

Özbəkistanın ekologiya naziri: COP29-da qəbul edilən qərarlar qlobal ekoloji strategiyalar üçün əhəmiyyətlidir - MÜSAHİBƏ

Bakıda noyabrın 11-22-də keçirilən COP29 konfransında təkcə iqlim məsələlərinin həlli deyil, həm də dayanıqlı inkişafın əsas elementi olan enerji keçidi diqqət mərkəzində olub. COP29-da iştirak edən Özbəkistan nümayəndə heyəti karbon emissiyalarının azaldılmasına və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyib.

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov “Report”a müsahibəsində Bakıda qəbul edilmiş qərarların iqlim dəyişikliyi ilə qlobal mübarizədə əhəmiyyətini və Mərkəzi Asiya regionuna təsirini qeyd edib.

Nazir həmçinin bildirib ki, Mərkəzi Asiya regionu quraqlıq, səhralaşma və su qıtlığı kimi iqlim çağırışları ilə üzləşir. Buna görə də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və COP29-da qəbul edilmiş qərarların həyata keçirilməsi regionun dayanıqlı gələcəyinin təmin edilməsində mühüm addım olacaq.

- Bakıda bu ilin noyabrında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini necə qiymətləndirirsiniz?

- Bakıda keçirilən COP29 mühüm nəticələrə gətirib çıxardı. Əsas nailiyyətlərdən biri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə dəstək üçün 2035-ci ilə qədər illik 300 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması barədə razılaşma oldu. Bu razılaşmanı qlobal iqlim gündəliyində ölkələrin birgə fəaliyyətə hazır olduğunu nümayiş etdirən mühüm addım hesab etmək ol

- COP29-da qəbul edilmiş qərarlardan hansıları Özbəkistanın ekoloji siyasətinin inkişafına daha çox təsir göstərə bilər?

- Özbəkistan üçün karbon kreditlərinin beynəlxalq ticarət qaydalarının təsdiqlənməsi prioritet təşkil edir ki, bu da ekoloji layihələrə investisiyaların cəlb edilməsi üçün yeni perspektivlər yaradır. Prezident Şavkat Mirziyoyev COP29-da İqlim Dəyişikliyi ilə bağlı İtkilərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin və Dünya İqlim Paytaxtları Alyansının yaradılmasını təklif edib ki, bu da ölkənin qlobal ekoloji gündəlikdə fəal iştirak etmək istəyindən xəbər verir. Bu təşəbbüslərin dayanıqlı inkişafa və iqlimə təsirin azaldılmasına yönəlmiş milli strategiyalara inteqrasiyası planlaşdırılır.

- Sizcə, COP29-un nəticələri istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı qlobal səylərə necə təsir edəcək? Bu təşəbbüslərdə iştirakın Özbəkistana hansı faydaları ola bilər?

- Xüsusilə qeyd etmək istərdim ki, Bakıda keçirilən iqlim konfransı çərçivəsində Özbəkistan, Azərbaycan və Qazaxıstan prezidentləri “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıblar.

COP29-un nəticələri inkişaf etməkdə olan ölkələri aşağı karbonlu texnologiyalara keçid üçün maliyyə və texniki resurslarla təmin etməklə istixana qazı emissiyalarının azaldılması istiqamətində qlobal səyləri gücləndirə bilər.

Özbəkistan enerji infrastrukturunu modernləşdirmək və bərpa olunan enerji mənbələrini tətbiq etmək üçün bu təşəbbüslərdən faydalana bilər. Bu sazişin imzalanması mərasimində çıxış edən Prezident Şavkat Mirziyoyev vurğulayıb ki, bərpa olunan enerji iqtisadi hədəf deyil, gələcəyə töhfə, gələcək nəsillər qarşısında məsuliyyət hissinin nəticəsidir.

- COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində Özbəkistan üçün əsas çağırışlar nələrdir? Ekologiya Nazirliyi bu çağırışların öhdəsindən gəlmək üçün hansı addımlar atmağı planlaşdırır?

- COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində Özbəkistanın qarşısında duran əsas çağırışlar ekoloji layihələrə böyük məbləğdə investisiya qoyuluşunun zəruriliyi və milli iqtisadiyyatın yeni ekoloji standartlara uyğunlaşdırılmasıdır.

- COP29 çərçivəsində başladılan və ya dəstəklənən regional iqlim layihələrinin həyata keçirilməsində Özbəkistan hansı rolu oynaya bilər? Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı mümkün hesab edirsinizmi?

- Özbəkistan COP29-da başladılan regional iqlim layihələrinin həyata keçirilməsində, xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda aparıcı rol oynaya bilər. Su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerjinin inkişafı və səhralaşma ilə mübarizə sahəsində birgə səylər bütün region üçün əhəmiyyətli ekoloji və iqtisadi faydalar gətirə bilər.

Özbəkistan artıq bu istiqamətdə addımlar ataraq regional təşəbbüslərdə iştirak edir, eləcə də Mərkəzi Asiyada dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı layihələr təklif edir.

Bakıda keçirilən COP29 qlobal iqlim siyasətinə və Özbəkistan da daxil olmaqla ayrı-ayrı ölkələrin ekoloji strategiyalarının inkişafına əhəmiyyətli təsir göstərə biləcək bir sıra mühüm qərarların qəbul edlməsi ilə nəticələndi.

Beləliklə, COP29-un nəticələri Özbəkistan üçün həm imkanlar, həm də çağırışlar yaradır. Beynəlxalq qərarların milli siyasətə fəal inteqrasiyası, qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, eləcə də konkret layihələrin həyata keçirilməsi davamlı inkişafa və iqlim dəyişikliklərinə qarşı mübarizənin səmərəli olmasına töhfə verə bilər.

Chosen
9
50
ekologiya.az

10Sources