EN

Dəhliz bu şərtlə açılır: Vizual yoxlanış belə olacaq

Rəsmi Bakı regional kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Əsas tələb odur ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizində heç bir yoxlamadan keçmədən ölkənin digər hissəsinə gedə bilsin. Erməni tərəfi isə uzun müddət burada yoxlamanın olması ilə bağlı israrlı davranırdı. İndi isə ortaq mexanizmin tapılması gündəmə gəlib. Eyni zamanda fiziki təmas olmadan Azərbaycan vətəndaşlarının burada keçməsi ilə bağlı təkliflər eşidilir.

Bu sözləri Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

“Texnologiya əsrində Azərbaycan vətəndaşının pasportuna baxmadan da kamera görüntüsü və əvvəlcədən bilgi verməklə bu məsələ həll oluna bilər. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı irəliləyişin olması mümkündür. Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri də bu məsələni müzakirə etmişdi”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi və sərhədlərlə bağlı danışıqlar uzun müddət davam edə bilər:

“Azərbaycan sülh məsələsində də tələsmir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ona görə də sülh Ermənistana daha çox lazımdır. Paşinyan daha tələsik addımlar atmalıdır. Parlamentdə, cəmiyyətdə dəstəyi varsa addım atsın. Bir müddət sonra bu imkanları itirə bilər. Radikal qüvvələr Ermənistanda hakimiyyətə gəlsələr sülh danışıqları dalana dirənəcək. Azərbaycan da bu halda sülh sazişini imzalamaqda maraqlı olmayacaq”.

Elxan Şahinoğluna görə, Zəngəzur dəhlizi açılmasa belə, Azərbaycan üçün başqa alternativlər var:

“Bakı-Tbilisi-Qars dəmir yolu, İranla razılaşma əldə edilib ki, Araz çayının sahili ilə Naxçıvana gediş-gəliş mümkün olsun. Ona görə də sülh sazişinin imzalanmaması Azərbaycan heç bir problem yarada bilməz. Sadəcə olaraq ara-sıra sərhəddə gərginlik yarana bilər. Atəşkəsin pozulması hallarının olması qaçılmazdır. Bir neçə aydır ki, sərhəddə heç bir təxribat baş vermir. Amma bu əbədiyyətə qədər davam edə bilməz. Sülh sazişi imzalansa bütün məsələlər həll olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
27
4
teleqraf.com

5Sources