EN

Nağd əməliyyatlar sıradan çıxır? - İQTİSADÇI AÇIQLADI

“Dünyada ümumi bir tendensiya var. Bu tendensiya ondan ibarətdir ki, nağd həyata keçirilən maliyyə əməliyyatları sıradan çıxsın, bütün əməliyyatlar debet kartla, yaxud hesabdan-hesaba köçürmə yolu ilə həyata keçirilsin”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bu həm də kölgə iqtisadiyyatının aradan qaldırılması hədəfini müəyyən edir. Yəni, pulların hərəkətinə nəzarətin mümkün olmasını deyirəm. Nəzarətdənkənar pul vəsaitlərinin dövriyyəsinin aradan qaldırılmasını hədəfləyir.

Burada müxtəlif məsələlər var. Məsələn, vergidən yayınmanın aradan qaldırılması, qeydiyyatsız qeyri-qanuni dövriyyələrin dayandırılması, azaldılması və s. Dünyanın hədəfi budur. Azərbaycanda da bu tendensiya gedir. Amma çox təəssüflər olsun ki, müəyyən səbəblərdən ölkəmizdə bu tendensiya zəif inkişaf edir. Düzdür, hər müsbət inkişafın zərəri də var. Yəni, nəğdsiz əməliyyatlardan imtinanın müəyyən texnogen zərərləri ola biləcəyi ehtimal edilir. Amma hər halda bu gün dünyada inkişaf o istiqamətədir ki, nəğd əməliyyatlardan mümkün qədər azaldılsın və əməliyyatlar ya debet kartlarla, ya da hesabdan-hesaba yolu ilə həyata keçirilsin. Hərhalda bunun xeyri zərərindən daha çoxdur.

Bu gün biz dövlət olaraq bu məsələdən səmərə götürürük. Cəmiyyətin xeyrinə olaraq vergidən yayınmalar aradan qaldırılır, hökumət üçün bütün vəsait dövriyyəsi nəzarət olunacaq səviyyəyə çatır. Bu idarəetmənin səmərəliliyini yüksəkdir. Ona görə də bundan qorxmaq düzgün deyil”.

Ayşən Vəli

Chosen
20
sia.az

1Sources