EN

Baş prokuror 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb

Baş prokuror Kamran Əliyev 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb.

seher.media APA-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, ailənin səlahiyyətli nümayəndəsi kimi çıxış edən Samir Zeynalov məlumat verib.

Hüquq müdafiəçisi qeyd edir ki, 1 mart 2024-cü il tarixdə Salyan rayonunun Kərimbəyli kəndində həmin kəndin sakinləri İsrafil Əliməmməd oğlu Məmmədov və Minəvər Rza qızı Məmmədova yaşadıqları evdə naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, zəruri əməliyyat-axtarış istintaq tədbirləri aparılıb. Aparılan araşdırmalara baxmayaraq, cinayəti törədən(lər) bu günə qədər müəyyən edilməyib. Bu səbəbdən də cinayət işi üzrə icraat bu ilin oktyabr ayında dayandırılıb. Qüvvədə qalmaqda davam edən arzuolunmaz vəziyyəti nəzərə alaraq Baş prokuror Kamran Əliyevin şəxsi qəbulunda olmaq üçün ardıcıl və əsaslandırılmış müraciətlər edilib. Nəticədə bu gün qeyd olunan cinayət işi üzrə Baş prokuror Kamran Əliyev zərərçəkmişlərin hüquqi varisini Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında qəbul edib.

"Xahişimiz ondan ibarət idi ki, cinayət işinin icraatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilsin. Kamran Əliyev bu barədə müzakirələrin aparılacağını, cinayət işinin nəzarətdə saxlanılacağını və mütləq zərurət yaranacağı təqdirdə, iş üzrə icraatın Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilməsinin təmin olunacağını bildirib. Bu barədə yaxın günlərdə müvafiq qərarın qəbul olunması gözlənilir", - Samir Zeynalov qeyd edib.

Chosen
21
5
seher.media

5Sources