SABAH qruplarında təhsil alanlarla bağlı yeni proqram dizayn etmişik.
Teleqraf.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ənənəvi SABAH qrupları 2015-ci ilin reallığına uyğun yaradılmışdı:
“O zaman Təhsil Nazirliyi hesab edirdi ki, keyfiyyəti daha yaxşı idarə etmək üçün ayrıca, xüsusi istedadlar qrupu yaradılsın. SABAH-ın məzunlarının bütün göstəriciləri yüksəkdir, amma ali məktəblər də bu dövrdə böyük yol keçdi və ona görə də yeni SABAH qrupları yaradılmalıdır. Ana istiqamətimiz müəssisələr arasında ədalətli diferensiallaşmanı təmin etməkdir".
Nazir qeyd edib ki, digər məqam ali təhsil sistemində aparılan islahatlardır:
“Bu yolda hələ işimiz çoxdur. Bu il ali təhsilin bakalavr və doktorantura dövlət sifarişi ilə təhsil pilləsində təhsil alanların sayı 25 faiz artırıldı".