EN

“Baku Steel Company”nin adı bu dəfə 3 milyonluq ƏDV işinə qarışıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə “Baku Steel Company”nin mühasibi işləmiş Xəqani Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Xəqani Seyfullayev xüsusi ilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Dekabrın 10-da keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda iş adamlarının “Baku Steel Company”yə satılan metal tullantılarından qazanılan milyonlarla vəsaitin ƏDV məbləğini dələduzluq yolu ilə ələ keçirməsindən bəhs olunur.

İttihama görə, “Baku Steel Company”ni idarə edənlər fiziki şəxslərdən metal qırıntıları alınmasının dayandırılması ilə bağlı yeni qərar qəbul ediblər. Alış-verişin yalnız hüquqi şəxslərlə aparılmasına icazə verilib.

Bu qərar isə 20 ildir şirkətdə işləyən, cinayət baş verən dövrdə şirkətin metal qəbulu şöbəsinin rəis müavini olan İmani Bayramova, həmçinin ora metal satan digər iş adamlarına sərf etməyib.

Bundan sonra onlar müxtəlif müəssisələrdə mühasib işləyən Xəqani Seyfullayevi işə qoşublar. Xəqani Seyfullayev qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” və digər şirkətlər vasitəsilə fiziki şəxslərdən metallar alıb, həmin metalların “Baku Steel Company”yə satışını həyata keçirib.

İttihamda qeyd edilir ki, şirkət üzərindən metal qırıntılarının alınıb-satılması qanun pozuntuları ilə aparılıb.

Məsələnin üstü Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla açılıb. Müəyyən olunub ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq, vergiləri ödəməkdən yayınma, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması kimi cinayətlər törədilib.

Mühasib Xəqani Seyfullayevin tapdığı şirkətlər vasitəsilə aparılan metal satışı nəticəsində 3 milyon manata yaxın pul cinayət yolu ilə ələ keçirilib.

Prokurorluq tərəfindən Xəqani Seyfullayevlə yanaşı, onun mühasibatlığını apardığı 14 MMC vasitəsilə “Baku Steel Company”yə metal satan Bayramov İmani Mahmud oğlu, Mahmudov Mirzaur Mirhəmid oğlu, Məmmədov Teymuraz Ərəbxan oğlu, Məmmədov Samir Polad oğlu və Hüseynov Rəsul Hidayət oğlu cinayət məsuliyyətinə cəlb ediliblər.

İttihama görə, onlar birgə qanunsuz əməlləri ilə 2 milyon 273 min manat ƏDV məbləğini büdcəyə köçürmədən dələduzluq yolu ilə talayıb, həmçinin 518 min manat vergi borcunu ödəməkdən yayınıblar.

6 təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat təşkil edib. Ağır cinayətə görə təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərlərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətberici əsaslar olmadan xitam verilib.

Hazırda nəzarət şərti ilə azadlıqda olan Xəqani Seyfullayev isə dəymiş ziyanı ödəmir. İstintaqın sonunda ona qarşı xüsusilə külli miqdarda dələduzluq, vergidən yayınma və başqa ağır maddələrlə yekun ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınıb.

Xəqani Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Xəqani Seyfullayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Vəkil isə buna etiraz edib və əvvəlcə ittiham tərəfinin şahidlərin dindirilməsini istəyib.

Hakimlər isə əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi barədə qərar qəbul ediblər.

Daha sonra Xəqani Seyfullayev sərbəst ifadə verib. Onun sözlərinə görə, bacısının yoldaşının adına şirkət olub, onunla bir yerdə işləyiblər.

İxtisasca iqtisadçı olduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, “Baku Steel Company”dən alış-verişi olub, gördüklərin işlərin hamısı rəsmi olub, vergisini də ödəyib.

Təqsirləndirilən şəxs deyib ki, dəmir tullantıları məhsullarını Samir Məmmədovdan alıb, bütün işləri müqavilə əsasında görüblər:

“Samirdən aldığım malın üstünə 5-10 manat qoyaraq “Baku Steel Company”yə satmışıq. Məhsulun qiyməti razılaşma əsasında olub. Qaimə elektron qaydada aparılıb. Malların qiyməti sənədlərdə göstərilib”.

Qeyd edək ki, bu cinayətin təməli şirkətin keçmiş sahibi Rasim Məmmədovun həbsindən 5 ay sonra qoyulub. Rasim Məmmədovdan sonra faktiki şirkətə rəhbərlik edən şəxslər mövcud olan cinayətə imza atıblar.

Xatırladaq ki, Rasim Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmənin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Lakin Ali Məhkəmə onun şikayətini təmin etməyib.

Rasim Məmmədov 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Onun 70 milyonluq əmlakı müsadirə edilib.

Proses 2025-ci il yanvarın 14-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
27
24
musavat.com

10Sources