EN

Leyla Əliyeva sosial xidmət müəssisəsini ziyarət etdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

Yenicag.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib.

Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.

Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.

 
























Chosen
25
42
yenicag.az

10Sources