EN

Türkiyədə məşhur törəndə bizi utandıran 3 xanım…

Türkiyədə “Hürriyyət” qəzetinin “Altın Kələbək ödülləri” adlı nüfuzlu bir layihəsi var. 50 ildir ki, hər il layihə çərçivəsində səsvermə ilə (xalq və jüri tərəfindən) televiziya, musiqi və kino dünyasının ən istedadlı, ən usta nümayəndələrinə müxtəlif kateqoriyalar üzrə mükafatlar verilir.
 
Mükafatlandırma mərasimini hər il diqqətlə izləyirəm. Siz də izləmisinizsə, qəbul edərsiniz ki, bu, sıradan, sadə bir ödül törəni deyil, sözün həqiqi mənasında çox uğurlu, çox maraqlı və çox prestijli bir təqdimat, mərasim, mükafatlandırmadan da ötə bir şoudur. Tamaşaçını yormur, bezdirmir, darıxdırmır. Beş saatdan artıq davam edən mərasimi zövqlə, həyəcanla izləyirsən. Və hər il hər yeni ödülvermə törəni dopdolu olur, daha da təkmilləşir, mükəmməlləşir. Həm göz, həm könül oxşayır.
 
Gülürsən - çox içdən və səviyyəli yumor, satira dolu mükalimələrə, aparıcılarla sənətçilərin “nöqtə atışı” zarafatlarına, zalla ləzzətli təmasa - pozitiv enerji paylaşımına.
 
Təsirlənirsən - son dərəcə səmimiyyətə, doğmalığa və duyğusallığa, həssaslığa, minnət və minnətdarlıq izharına.
 
Hətta kövrəlirsən; hətta ağlayırsan!
 
Türk sənətçisinin nəbzini hiss edirsən!
 
Onların Vətən və dövlət sevgisinə, insana sayğısına, ədalət və ləyaqət anlayışına, Atatürk sevdasına, ehtiramına və bağlılığına, əzilən, şiddət görən, öldürülən qadına münasibətə, qız uşaqlarının təhsildən yayındırılmasını gözəl hekayələrlə çatdırma çabalarına heyran qalırsan, heyrətlənirsən. Müharibələrin bitməsinə, təkcə türk coğrafiyasında deyil, bütün dünyada sülhə və əminamanlığa dair o qədər gözəl və ürəyin dərinliyindən gələn mesajlar verirlər ki, sanki qarşındakı səhnədən, efirdən, ekrandan tanıdığın sənətçilər deyil, qocaman, dünyagörmüş müəllimdir, pedaqoqdur, alimdir, akademikdir, ruhanidir, mürşiddir, həkimdir, yaraları sarıyan, sağaldan həkimdir.
 
8-9 yaşlı uşaqlar – türk seriallarından tanıdığımız fidanlar necə ağıllı danışırlar, necə gözəl özlərini ifadə edirlər, sanki 9 yox, 90 yaşındadırlar. Aktyorlar, aktrisalar, müğənnilər, TV aparıcıları dərin düşüncələri ilə adamı təəccübləndirirlər.
 
Bəlkə ssenaridir, bəlkə bu çıxışlar öncədən yazılıb?
 
Qətiyyən elə deyil. Heç bir ssenari, heç bir ifa, heç bir öncədən hazırlanan çıxış bu qədər mükəmməl ola bilməz. Mükəmməl olsa da, bu qədər səmimi ola, titrəşim yarada bilməz. Hər şey ani, bədahətən, öncədən planlaşdırmadan, xüsusi hazırlıqsız baş verir. Səhnəyə çağırılan hər bir məşhur içindən, qəlbindən keçənləri dilə gətirir, özü də o qədər gözəl dilə gətirir ki, baxanı, dinləyəni dəlib keçir, təsirləndirir, kövrəldir, bu zərif və həzin toxunuşlar insana insan olduğunu, zombiləşməmiş, robotlaşmamış, kompüterləşməmiş bir dünyanın hələ də var olduğunu xatırladır...
 
Hər dəfə “Altın Kələbək ödülləri”ni izləyərkən bu barədə uzun-uzadı düşünürəm, bu dəfə həm də bölüşmək istəyirəm: niyə türk insanı, Türkiyə vətəndaşları özlərini bu qədər gözəl ifadə edə bilirlər? Nədir səbəb, sirr bu özünüifadənin, ruhatoxunmanın hansı məqamında, zərrəsində gizlənib? Sokrat necə deyirdi, “danış, səni tanıyım”, “danış, səni görüm”. Danışan türk, türkiyəli insan necə əzəmətli, müvazinətli və özünə güvənli görünür, özünə necə rəğbət qazandırır! Özü ilə necə baharı, Günəşi gətirir. Özü də bu təkcə ali təhsillilərə aid deyil. Hətta taksi sürücüləri də elə şövqlə, elə səlis söhbətlər edirlər ki, laqeyd qala bilmirsən.
 
Türkiyədə olarkən dəfələrlə şahidi olmuşam; taksi şoferi danışanda sənə elə gəlir bir partiya başqanı, siyasətçi ilə danışırsan, elə səlis fikir bildirirlər ki, sanki hamısının ruhunda bir Yunus Əmrə, bir Mövlanə, bir Şəms Təbrizi var. Və sosial şəbəkələrdə tez-tez rastlaşdığımız videolarda - lağ hədəfi olan azərbaycanlıların çıxışlarını yadıma salıram. Onlarla özümüzü müqayisə edirəm, məyus oluram. İstər orta statistik azərbaycanlının, istərsə də ən populyar sənət adamının nitqi necə kasaddır, necə özlərini ifadə edə bilmirlər, danışıqları necə köntöy alınır.
 
 
Təəssüf ki, bunun utancverici bir nümunəsini elə “Altın Kələbək ödülləri” şölənində də gördük. “Ulduzu parlayanlar” kateqoriyasında mükafat əldə edən 2 TV aparıcısı və bir müğənni - üç azərbaycanlı xanım necə bəsit, qarmaqarışıq, biçimsiz və düzənsiz danışdılar. Halbuki Azərbaycanı əsalətlə təmsil etmək, özlərini 85 milyonluq türk toplumuna - zalda əyləşmiş sənət bomonduna qənirsiz təqdim edə, o toplumun diqqətini öz üzərlərinə çəkə, cəzb edə bilərdilər. Bacarmadılar. Ən gülünc və xəcalətli bir məqam da o idi ki, gənc müğənni xanım ana dilimizdə danışa bilmədi. Sözlərin qol-qanadını qıra-qıra dilimizin anasını ağlatdı və onlar mötəbər, nəhəng bir səhnədə nə yazıq ki, “parlaya” bilmədilər, aldıqları ödülün haqqını vermədilər. Məsələn, mən gözləyirdim ki, o azərbaycanlı təmsilçilər türkiyəli həmkarları kimi, sosial mesajlar verəcəklər. Daha dəqiqi, umurdum, arzu edirdim ki, o 3 gənc qız ən azı Şəhid Analarını - Analarımızı xatırladacaqlar, onları izləyən nəhəng auditoriyanın nəzərlərini 3000 min şəhidimizin - xınalı quzularımızın - analarına yönəldəcək, o analara xitab edəcək, “mən bu mükafatı o dərdli və məğrur qadınlar, analar adına alıram” deyəcəklər. Pafossuz, bəzəksiz-düzəksiz - Qarabağ savaşına, qələbəmizə, şəhidlərimizə şükranlıqlarını ifadə edəcəklər. Əslində 2020-ci ilin noyabrından üzübəri o mərasimdə iştirak edən azərbaycanlı sənətçilərin hər birindən bunu gözləyirəm. Amma yəqin ki, onların özlərinin heç ağıllarının ucundan da keçmir bu və özlərini ən pis – “nitq mədəniyyətsizliyi” yönündən təqdim etməyə hər dəfə yöndəmsiz cəhdlər edirlər və ölkəmiz, xalqımız adına urvatsızlığa “imza” atırlar. Səhnəyə dəvət olunan türkiyəli sənətçilər nə edir? Deyirlər ki, bu məmləkətdə qadına şiddətə, qadın qətllərinə o zaman son qoyulacaq ki, Qadın məsələsi sözün əsl mənasında məmləkət məsələsinə, kişilik məsələsinə çevriləcək. Ailə üzvləri tərəfindən boğularaq öldürülmüş körpə Narini anırdılar, uşaqlara, körpələrə qalxan əllərə - o vəhşətə, cəhalətə, cinayətə lənət oxuyurdular. Zəlzələdən zərər görmüş vətəndaşların haqlarını müdafiə etməyə çağırış edirdilər. Sahibsiz küçə heyvanlarına qarşı işgəncəyə, onların öldürülməsinə qarşı çıxır, hamıdan həssaslıq, bütün canlılara qarşı humanistlik tələb edirdilər. Bakı küçələrində bir neçə il əvvəl reklam şüarına çevrilən “Hər canlı ağrını eyni cür hiss edir” deyimini sanki təkrarlayırdılar. Hələ Atatürkü anmaları bir başqa aləmdir. Ona olan sonsuz, dibsiz sevgilərini necə gözəl bəyan edirdilər...
 
Yəni söz yığını, tör-töküntüsü yoxuydu, fikir vardı, ismarış vardı, arzu vardı, gözlənti, tələb vardı və bunu elə incəliklə, auditoriyaya elə sirayətedici şəkildə çatdırırdılar ki, insan sözlərin sehriylə ovsunlanırdı. O qədər gözəl deyimlər eşitdim ki, bizim gündəlik danışığımızda onlar - bənzər ifadələr demək olar, unudulub, istifadə olunmur. “Tüklərim tikan-tikan oldu” və ya “qəlbim pır-pır edir” - bir zamanlar bizim də leksikonumuzda vardı və indi işlənmir, ən azı mən uzun illərdir ki, bunları və bunlara bənzər gözəl deyimləri, ifadələri eşitmirəm. Türk insanında öz dilinə olan sevgi və ehtiram, parlaqlıq və lətafət bizdə ya yoxdur, ya da görünməyəcək, hiss olunmayacaq qədər azdır. Bəlkə 200-300 sözdən uzağa gedə bilmirik gündəlik ünsiyyətdə. Özünüifadəmiz sığalsız, solğun, qaba və qurudur. Dilimiz sanki çoxdandır köklərinə su çatmayan, yarpaqlarına işıq düşməyən Ağac kimidir - quruduqca quruyur, yarpaqlarını tökür, çılpaqlaşır, xroniki sevgisizlikdən əzilir... Səbəb nədir?
 
Bir müddət öncə maraqlı bir statistika ilə qarşılaşdım: demək, Britaniyada orta məktəb dərslikləri elə hazırlanır ki, məktəbi bitirən şagird artıq 98 min söz duymuş, eşitmiş olur. Uşağın, yeniyetmənin söz ehtiyatını gücləndirmək üçün ona mümkün qədər çox “baza” təqdim edilir. Almanlarda bu 92 mindir, fransızlarda 88 min və s.
 
Türkiyədə orta məktəb dərslikləri ümumilikdə 11 min sözlə yazılıb. Və bunu türkiyəli alimlər böyük qəbahət hesab edirlər, təkmilləşdirilməsi üçün çalışır, tələblər səsləndirirlər.
 
Bir anlıq düşünürəm: bizdə orta məktəb dərsliklərində neçə min sözdən istifadə edilir? Kimsə bu statistikaya rast gəlibmi? Ümumiyyətlə, Azərbaycanda dərslik hazırlayanlar bacardıqca daha çox sözün şagirdə çatması konsepsiyasının mövcudluğundan məlumatlıdırlarmı?
 
İnanmıram - əgər belə bir düşünülmüş konsepsiya olsaydı, bu statistikanı indiyədək elan edərdilər; belə bir konsepsiya olsaydı, mütləq bunun nəticəsini orta məktəbi bitirən şagirdlərimizin özünüifadəsində müşahidə edərdik!
 
Elə bir yanaşma olsaydı… ən azı “Altın Kələbək ödülləri”ndə Azərbaycanı “təmsil edənlər” bizi utandırmazdı…
 
 
Axar.az
Chosen
26
4
moderator.az

10Sources