EN

“Bavariya” “Der Klassiker”də məğlubiyyətdən son anda qurtuldu - İCMAL

Tur debütantların dueli ilə start götürdü. Buna qədər keçirdiyi 6 ev matçının hamısında qola və qələbəyə həsrət qalan “Sankt Pauli” hər iki seriyaya son qoyaraq “Holştayn”a heç bir şans vermədi.

Əsas sürpriz Leyptsiqdə qeydə alındı. Deyəsən, Marko Rozenin “kreslosu” yavaş-yavaş laxlamağa başlayır. ÇL-də faciəvi nəticələrlə fanatlarını üzən “Leyptsiq” bundesliqada mövsümə yaxşı başlamışdı. Amma indi komanda daxili arenada da məğlubiyyətləri sıralayır. “Öküzlər” “Volfsburq” önündə pərən-pərən düşərək bundesliqada ən ağır ev məğlubiyyətlərindən birini yaşadılar. Bu, komandanın son 6 rəsmi oyunda 5-ci (!) məğlubiyyəti oldu.

Ötən tur “Haydenhaym”a, ÇL-də isə “Zaltsburq”a 5 qol vuran “Bayer-04” üçün “Union”la səfər oyunu asan keçmədi. Amma ikinci hissədə Şik səhnəyə çıxaraq son çempiona qələbə qazandırdı. Yeri gəlmişkən, çexiyalı forvard “Bayer-04”ün heyətində 100-cü bundesliqa oyununda 48-ci dəfə fərqlənməklə klub rekordunu təkrarladı. Daha öncə bu klubda ilk 100 çempionat oyununda bu qədər qolu Ulf Kirsten vurmuşdu. “Ştutqart” “Verder”lə səfər oyununda Demiroviçin dublu sayəsində 1 xal qazandı. Ötən mövsümün vitse-çempionu son 6 rəsmi oyunda cəmi 1 qələbə qazanıb. “Auqsburq”a minimal hesabla uduzan autsayder “Bohum” 12-ci turu da məğlubiyyətsiz başa vurdu. Bu həftənin şah oyunu Dortmundda keçirildi. “Borussiya”nın “Siqnal İduna Park”da son 11 rəsmi oyunda qalib gəlməsi budəfəki “Der Klassiker”ə marağı bir qədər də artırırdı. İlk yarı Münhen nəhəngi üçün uğursuz alındı. Əvvəlcə 33-cü dəqiqədə sağ ayaq əzələsini dartan Keyn oyuna davam edə bilməyərək əvəzləndi. Fasilə ərəfəsində isə əla formada olan gənc ingiltərəli vinger Gittens topla bir xeyli irəlilədikdən sonra hesabı açdı. Bununla da “rekormayster”in qol buraxmamaq seriyası 690-cı dəqiqədə qırıldı. Buna qədər “Bavariya”ya son qolu oktyabrın 24-də “Barselona”lı Rafinya 56-cı dəqiqədə vurmuşdu. Kompaninin komandası ikinci hissəni üstün keçirsə də, meydan sahibləri iki real fürsəti boşa verdilər. Qonaqlar yalnız son anlarda məğlubiyyətdən qurtulmağı bacardılar. Cərimə zərbəsi zamanı top “canlı sədd”ə dayanan Zyulenin üzünə tuş gəldi. Təcrübəli müdafiəçi yerə yıxılsa da, hakim oyunu davam etdirdi. Həmin hücumun davamında Musiala müdafiədə yaranan boşluqdan istifadə edərək başla fərqləndi. 21 yaşlı ulduz bundesliqada ardıcıl 6-cı səfər oyununda qol vurdu. Beləliklə, “Borussiya”nın evdəki qələbə seriyası qırıldı. “Bavariya” isə mövsümdə ikinci dəfə xal itirsə də, yoluna məğlubiyyətsiz şəkildə davam edir.

“Maynts-05” evdə “Hoffenhaym”a, “Ayntraxt” isə səfərdə “Haydenhaym”a heç bir şans vermədi. Marmuşun növbəti əla performansı sayəsində Frankfurt təmsilçisi “Bavariya” ilə xal fərqini 4-ə endirdi. Dubl edən misirli futbolçu bombardirlər yarışına başçılıq edən Keynə yaxınlaşdı. Marmuş “Ayntraxt” tarixində ilk dövrədə 13 qol həddinə çatan 3-cü futbolçu oldu. Daha öncə bunu 2014/15-də Aleksander Mayer (13) və 2010/11-də Teofanis Gekas (14) bacarmışdı.

12-ci tur
Borussiya D – Bavariya 1:1

Gittens, 27 – Musiala, 85. (81365)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 74), Anton (Zyule, 17), Şlotterbek, Bensebaini, Nmeça, Qross, Bayer, Zabitser (Reyna, 90), Gittens (Malen, 74), Girassi.
Bavariya: Noyer, Laymer (Boe, 62), Upamekano, Kim Min Ce (Olise, 80), Devis, Kimmix, Qoretska, Sane, Musiala, Tel (Koman, 62), Keyn (Müller, 33).

Leyptsiq – Volfsburq 1:5
Orban, 82 – Amura, 4; 16. Tomas, 5. Mehle, 64. Berens, 90+1. (40000)
Leyptsiq: Qulaçi, Qeertruyda, Orban, Lukeba (Zayvald, 30), Henrixs, Aydara (Vermeeren, 46), Kampl (Şlager, 77), Baumqartner (Qebel, 77), Nusa, Şeşko (Silva, 69), Openda.

Union – Bayеr-04 1:2
Con Vu Yon, 29 – Frimponq, 2. Şik, 71. (22012)
Bayer-04: Qradetski, Artur (Mukiele, 79), Tapsoba, Ta, İnkapye, Caka, Andrix (Palasios, 58), Qarsiya (Virts, 58), Frimponq (Tella, 79), Qrimaldo, Şik.

Verder – Ştutqart 2:2
Ncinma, 6. Staqe, 77 – Demiroviç, 20; 85. (42100)
Ştutqart: Nübel, Sterjiu (Dil, 80), Çeys, Şabo (Hendriks, 67), Mittelştadt (Ruo, 89), Ştiller, Karazor (Miyo, 80), Vaqnoman, Rider (Voltemade, 67), Fürix, Demiroviç.

Haydenhaym – Ayntraxt F 0:4
Marmuş, 22; 58. Çaibi, 49. Ekitike, 90+4. (15000)
Ayntraxt: Trapp, Kristensen, Kox, Tuta (Kollins, 68), Teate, Skiri, Larsson (Höylunn, 79), Götse (Knauff, 68), Braun (Ekitike, 73), Matanoviç (Çaibi, 46), Marmuş.

Frayburq – Borussiya M 3:1
Höler, 41; 62. Doan, 49 – Klayndinst, 61. (34000)

Auqsburq – Bohum 1:0
Tits, 38-p. (29556)

Maynts-05 – Hoffеnhaym 2:0
Burkardt, 4; 24. (30000)

Sankt Pauli – Holştayn 3:1
Saliakas, 25. Gilavoqi, 56. Y.Eqqeştayn, 85 – Harres, 90+1. (29546)

1. Bavariya 12 10 2 0 37-8 30
2. Ayntraxt F 12 8 2 2 31-16 26
3. Bayer-04 12 6 5 1 28-19 23
4. Leyptsiq 12 6 3 3 19-14 21
5. Borussiya D 12 6 2 4 23-19 20
6. Frayburq 12 6 2 4 16-16 20
7. Maynts-05 12 5 4 3 20-14 19
8. Volfsburq 12 5 3 4 25-19 18
9. Ştutqart 12 4 5 3 23-21 17
10. Borussiya M 12 5 2 5 18-17 17
11. Union 12 4 4 4 10-11 16
12. Verder 12 4 4 4 19-24 16
13. Auqsburq 12 4 3 5 14-23 15
14. Hoffenhyaym 12 3 3 6 17-24 12
15. Sankt Pauli 12 3 2 7 10-15 11
16. Haydenhaym 12 3 1 8 15-24 10
17. Holştayn 12 1 2 9 13-31 5
18. Bohum 12 0 2 10 10-33 2

Bombardirlər: Keyn (Bavariya) – 14, Marmuş (Ayntraxt F) – 13, Burkardt(Maynts-05) – 9, Klayndinst (Borussiya M) – 8.

Turun rəqəmi
512 – “Bavariya”nın ünlü qapıçısı Manuel Noyer bundesliqada 512-ci oyununu keçirdi. Bununla da o, Uli Ştaynı yaxalayaraq turnirin tarixində ən çox oyuna çıxan qapıçıların siyahısında 3-cü pilləyə yüksəldi. İndi Noyer bu siyahıda yalnız Ayke İmmel (534) və Oliver Kandan (557) geri qalır.

Turun ulduzu
Məhəmməd Amura (Volfsburq) – bu tur 3 futbolçu dubl etdi. Amma 24 yaşlı Amura bunu çətin “Leyptsiq” səfərində bacardığı üçün üstünlüyü ona veririk. Özü də ötən mövsüm Belçikada, “Yunion”un heyətində diqqəti çəkməyi bacaran və Almaniyada ilk mövsümünü keçirən Əlcəzair yığmasının üzvü matçın ilk 16 dəqiqəsində dubl etdi. Sonuncu dəfə “Volfsburq”un heyətində bundesliqada ilk 16 dəqiqəyə 2 qol vuran futbolçu 2012-də “Bayer-04”lə oyunda Dieqo olmuşdu.

Turun sitatı
Sven Yablonski, “Borussiya” – “Bavariya”oyununun hakimi:
“Cərimə zərbəsindən sonra top qapıya gedirdi. Belə məqamlarda ilk növbədə topun ələ dəyib-dəymədiyinə fikir vermək lazımdı. Əllə oyun olmadığı üçün “canlı sədd”ən top qayıtdıqdan sonra oyunu davam etdirdim. Qolu ona görə qeydə aldım ki, Zyulenin başından xəsarət alıb-almadığına əmin deyildim. Zədənin ciddi olmadığına qərar verərək epizodu özüm üçün bitmiş saydım”.
Chosen
26
football-plus.az

1Sources