Maliyyə naziri və ölkənin vitse-prezidenti vəzifələrini tutan İsveçrə siyasətçisi Karin Keler-Sutter 2025-ci il üçün İsveçrənin dövlət başçısı seçilib. Bu barədə İsveçrə Federal Məclisi (parlament) X sosial şəbəkəsində məlumat yayıb.
İsveçrə federativ parlament respublikasıdır. Prezident, Federal Şuranın (hökumət) üzvlərindən biri olaraq parlament tərəfindən bir illik müddətə, növbəti müddətə yenidən seçilmək hüququ olmadan seçilir. Bu vəzifəni əvvəllər Viola Amherd icra edirdi.
Keler-Sutter (Azad Demokratik Partiya. Liberallar, ADPL) 203 səsdən 168-ni alıb.
O, 2025-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. Vitse-prezident vəzifəsinə isə daha əvvəl ölkənin iqtisadiyyat naziri olan Qi Parmelin (İsveçrə Xalq Partiyası) seçilib.
Keler-Sutter 1963-cü ildə katolik ailəsində dünyaya gəlib. Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçilik təhsili alıb, daha sonra Friburg Universitetində pedaqogika üzrə magistratura təhsilini tamamlayıb.
Siyasi karyerasına 1992-ci ildə başlamazdan əvvəl məktəb müəlliməsi kimi çalışıb.
Britaniyanın Financial Times qəzeti 2023-cü ildə onu ilin 25 ən nüfuzlu qadını siyahısına daxil edib.
N.Təbrizli
www.anews.az