EN

Dünyanın ən böyük buz dağı hərəkət edir: 29 ölkədən böyük əraziyə malik aysberq

Dünyanın ən böyük buz dağı olan A23a, 38 illik mövcudiyyəti ərzində elm adamlarını dəfələrlə təəccübləndirib və yaxın gələcəkdə daha çox sürprizlərlə diqqət çəkməsi gözlənilir. 

SeherXeber.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu nəhəng buz dağı ilk dəfə 1986-cı ildə Antarktikanın Veddell dənizinin cənubundakı Filçner Buz Şelfindən qopub. Lakin qısa müddət sonra dənizin dibinə ilişərək, 350 metr dərinlikdə "buz lövbəri” kimi sabit qalıb və 30 ildən artıq bir müddətdə oradan tərpənməyib.

Uzun fasilədən sonra yenidən hərəkətə keçdi

2020-ci ildən etibarən yavaş-yavaş əriməyə başlayan buz dağı bu proses nəticəsində hərəkətə keçib və səfərinə davam edir. A23a-nın hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı müzakirələr hələ də davam edir. Elm adamları tərəfindən "ölməyə müqavimət göstərən buz dağı" adlandırılan bu parça, maraqlı geoloji proseslərin nümunəsi kimi qiymətləndirilir.

Nəhəng ölçülərə malikdir

A23a-nın ölçülərini təsəvvür etmək çətindir. Peyk ölçümlərinə əsasən, buz aysberqin orta qalınlığı 280 metrdir. Müqayisə üçün, İstanbulun 4. Levent bölgəsindəki Sapphire binasının hündürlüyü 261 metrdir. Buz dağının ümumi sahəsi isə 2400 kv.km-dir. Bu ərazi İstanbulun Anadolu tərəfindən (1898 kv.km) və Düzce şəhərindən (2492 kv.km) daha böyükdür. Həmçinin, Lüksemburq, Bəhreyn və Sinqapur kimi 29 ölkənin ərazisini üstələyir.

Cənubdan şimala hərəkət edir

Əvvəlcə yavaş hərəkət edən buz dağı, axınların və küləklərin təsiri ilə Antarktikanın cənubundan daha isti şimal sularına doğru irəliləyib. Hazırda A23a, "Buz Dağı Keçidi" adlanan və Antarktikanın üzən buzlarının əksəriyyətinin çıxdığı bir yolla Cənubi Corciya və Cənubi Sendviç adalarına doğru hərəkət edir.

Ərimə prosesi qaçılmazdır

Buz dağı zamanla parçalanaraq əriməyə davam edəcək. Peyk görüntüləri və sahəni müşahidə edən gəmilərdən alınan yaxın plan şəkillər bu prosesi aydın şəkildə göstərir. Hər gün buz dağından bəzən futbol meydançası, bəzən isə yük maşını ölçüsündə parçalar ayrılaraq dənizə düşür.

2023-cü ilin dekabrında sürətli axınların təsiriylə Antarktika Yarımadasının ucuna çatan aysberq, bölgədə üstünlük təşkil edən qərb küləkləri səbəbindən sonrakı istiqamətini proqnozlaşdırmağı çətinləşdirib.

2024-cü ilin aprel ayında, A23a buz dağı Antarktika Yarımadasının şimal-şərqində, Cənubi Orkney adalarına yaxın, 60-cı paralel boyunca təxminən 700 km məsafədə irəliləməyə davam edirdi. Elm adamları buz dağının daha isti sularda parçalanmasını və əriməsini gözləyirdilər.

Chosen
17
6
seherxeber.org

7Sources