Azərbaycan 2035-ci ildə 4 Gvt gücündə enerji ixracına hazırlaşır
Azərbaycanın müasir enerji gündəliyində prioritet yer tutan “yaşıl enerji”yə keçid siyasəti öz mühüm uğurları ilə müşayiət olunmaqdadır. “Yaşıl enerji” konsepsiyasına əsasən, 2030-cu ilə qədər iki beşillik plan müəyyən edilib. Birinci mərhələni əhatə edən 2022-2026-cı illərə dair strategiya sənədi çərçivəsində enerji istehsalı gözləniləndən də ümidverici olub. Energetika nazirinin müavini Elnur Soltanov mediaya açıqlamasında bildirib ki, bütün elektrik enerjisi üzrə qoyuluş gücün həcmi hazırda 8 min MVt-dan artıqdır. Həmin güc bazası növbəti beşillik fazada daha da artacaq və 2030-cu ilə qədər ümumi enerji balansı gücündə “yaşıl enerji”nin payı 30 faizə çatdırılacaq.
10 ayda 3,4 milyard kilovat-saat “yaşıl enerji” istehsalı
Qeyd edək ki, 2024-cü il başlayandan hər rübdə “yaşıl enerji” istehsalında əhəmiyyətli artımlar qeydə alınır və ötən ilin 10 ayı ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında bərpaolunan enerji istehsalı 80 faizdən çox artıb. Belə ki, qeyd edilən dövrdə ölkəmizdə 3,4 milyard kVt·st “yaşıl enerji” istehsal olunub ki, bu, 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən 1,5 milyard kVt·st çoxdur. Bərpaolunan enerji portfelində su elektrik stansiyalarının (SES) payı daha xüsusi üstünlük təşkil edir. SES-lər tərəfindən 2,6 milyard kVt·st-a yaxın enerji istehsal olunub ki, bu son illərin ən yüksək göstəricisidir. Külək elektrik stansiyalarında 44,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 515,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Hazırda “yaşıl enerji”nin payı ölkə üzrə ümumi enerji balansında 15 faizə bərabərdir. Hədəf isə bərpaolunan enerjinin payını 2030-cu ilə qədər 2 dəfə artırmaqdır.
Mövcud real potensial həmin hədəfə çatmağa imkan verəcəkmi?
Mövcud ssenarilər təsdiqləyir ki, Azərbaycanda enerji mənbələri kifayət qədər ümidverici və dayanıqlıdır. Hökumətin və enerji tədqiqatı üzrə xarici ölkələrin, ələlxüsus da bu sahədə dünya liderlərindən olan Yaponiya şirkətlərinin qiymətləndirmələrinə əsasən, Azərbaycanın “yaşıl enerji” potensialı quruda 135 QVt, dənizdə 157 QVt fərz edilir.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə, Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 kiçik SES inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının sayı 15-i ötəcək. Bu isə bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Həmin mənbələrin istehsalı və tədarükü üçün Azərbaycan hökuməti xarici investorları cəlb edib və 2 ildir ki, birgə sərmayə layihələri icra olunur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Maliyyə institutlarının “yaşıl dəstəyi”
Azərbaycanın bərpaolunan enerji sektoruna maliyyə institutlarının, o cümlədən Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və digər təşkilatların da marağı böyükdür, hazırda bir neçə layihə onların dəstəyi ilə həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin deməkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
Hədəf 2030-cu ildə 5 milyard Kvt-st-ı ötməkdir
Nəticədə bütün bu sərmayə və maliyyə proqramları sayəsində Azərbaycandakı bərpaolunan enerji mənbələrinin istehsal həcmlərinin 2 dəfədən çox artacağı proqnozlaşdırılır. Yaxın 6-7 ildə bərpaolunan enerji sitehsalının təxminən 5-6 milyard Kvt-st-a çatacağı proqnozlaşdırılır ki, bu da “yaşıl gücün” 2 dəfədən çox artımı deməkdir.
Beləliklə, bərpaolunan enerji sektorlarının hər bir sahəsindəki güc göstəriciləri tam əminliklə onu deməyə əsas verir ki, 2030-cu ildə “yaşıl enerji” gücünün cəmi enerji istehsalında çəkisini 30 faizə çatdırmaq tam mümkün olacaq. Hətta bu rəqəmin 32-34 faizə yüksəldilməsi belə ehtimal olunur. Bu isə Azərbaycanın “yaşıl enerji” gücünü artırmaqla həm yerli enerji sənayesində alternativ enerji istehlakını təmin etməsinə, həm də “Mərkəzi Asiya -Xəzər-Qara dəniz-Avropa” dəhlizi vasitəsilə Avropaya ixracına imkan verəcək. Ölkəmizin bərpaolunan enerji gücünün 2035-ci ildə hazırkı rəqəmlə nisbətdə 4 dəfəyə yaxın artımı gözlənilir ki, bu da xarici ölkələrə 4 Gvt gücündə “yaşıl enerji” ixracını təmin edəcək.
ELBRUS CƏFƏRLİ