EN

Vüqar Rəhimzadə: Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqilliyimizin dönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin, qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycan dövlətinə, xalqına bağlılığının nəticəsidir.  Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyi ifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində  müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalan  Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edərək  inkişaf, tərəqqi yoluna çıxardı.  Torpaqlarımızın işğalının qarşısı alındı.  1994-cü ilin 12 may tarixində Ermənistanla atəşkəsin əldə edilməsi  bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynadı. Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu saziş Azərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması  ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu reallıq daim önə çəkilir ki, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi  Azərbaycanın zəngin iqtisadi potensiala  malik olmasına baxmayaraq ölkəmizlə  əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin  tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra   xilaskarlıq missiyasını  uğurla yerinə yetirərək Azərbaycanda sabitliyin təmin edilməsini prioritet məsələ kimi qarşıya qoydu. Artıq xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin idilər. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bunun təsdiqi oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman öz aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafa yol açdı.  Ümummilli Lider iqtisadiyyatı dirçəltdi, əhalinin sosial müdafiəsini prioritet məsələ kimi qarşıya qoydu. Bildirdi ki, neft Azərbaycanın ən böyük  sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin Fərmanı ilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ümumilikdə Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Daim neftlə zəngin ölkələrə baxış əsasında bu reallıq da diqqətə çatdırılır ki, bu resurslar heç də hər zaman onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanın iqtisadi imkanları isə güclü sosial siyasətin həyata keçirilməsini şərtləndirir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir. Azərbaycanın malik olduğu iqtisadi imkanlardan  səmərəli istifadə etmək məqsədilə həyata keçirdiyi  enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü yaradır. Bu layihələr dünyanın enerji xəritəsini dəyişir. Onların icrası yalnız iştirakçı deyil,  digər dünya dövlətlərinin də  uzunmüddətli iqtisadi inkişafını təmin edir. Regional çərçivədə qurulan əməkdaşlıq  hazırda coğrafiyasını genişləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsi ilə müşayiət olunur. Cənub Qaz Dəhlizinin tam tərkibdə  istifadəyə verilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Artıq hazırda bu layihənin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi əsas çağırışlar sırasındadır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində göstərdiyi səylər, imzalanan sənədlər də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Hazırda bütün dünyada yaşıl enerjiyə keçid əsas hədəfdir. Bu günlərdə dünyanı Azərbaycana toplayan COP29 tədbiri də Azərbaycanın uğurlu enerji diplomatiyasının təqdimatı oldu. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərdi. Dünyada hər kəs bir daha gördü ki, Azərbaycanın  gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. COP29 Azərbaycanın dünyaya təqdimatında növbəti tribuna oldu.

Milli Məclisin deputatı iqtisadi imkanlarımızın artması fonunda Azərbaycanın ordu quruculuğu sahəsində də qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın işğalında əsas faktorlardan biri  nizami ordunun olmaması idi. Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı   qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ordu quruculuğu sahəsində mühüm uğurlara imza atıldı. Ordunun maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələr yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə  26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hərbi kadrların yetişdirilməsi Ulu Öndərin hakimiyyətinin birinci dövründə də əsas hədəflərdən biri idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bunun bariz nümunəsidir. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın sonrakı dönəmdə, son 21 ildə   Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafına əsas yaratdı. Azərbaycan dövləti,  ordusu daha da gücləndi, qüdrətləndi. Silahlı Qüvvələrimiz  dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ildən bugünədək keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi, Ümummilli Liderin cənab İlham Əliyevə etimadının özünü doğrultmasının nümayişidir.  Bu gün  azad Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işlərinin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundan sonra da heç zaman unutmayacaq. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq. Azərbaycana bu gün hansı tərəfdən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin  xidmətləri ilə bağlı  çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni  nəşr, eyni zamanda məqalə  bu xidmətlərə  müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin  tələbi, çağırışıdır.

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də ölkəmizdə və onun hüdudlarından kənarda yüksək dəyərləndirilir. Bu işlər Azərbaycanın daha da qüdrətlnməsinə, güclənməsinə xidmət edir. Hazırda Fond işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası istiqamətində  atdığı addımları ilə diqqətdədir. Humanizm, xeyirxahlıq, mərhəmət Fondun fəaliyyətinin əsas prinsipləridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, bütövləşən  Azərbaycanla qürur duyur. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bunu yeni dövrün yeni hədəfləri də təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz hər bir hədəfə uğurla nail olur, yeni hədəflərə doğru irəliləyir.  Nə qədər ki müstəqil  Azərbaycan dövləti, xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq, Onun gerçəkləşən  ideyaları inkişaf yolumuzu işıqlandıracaq.

Chosen
13
44
ikisahil.az

10Sources