EN

Xalqın qəlbində yaşayan lider

Misir Mərdanov, 
ETN Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü

Heç şübhəsiz, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ölkəmizin tarixinin şərəfli səhifələridir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsipi kimi qəbul edən Ulu öndər müstəqil Azərbaycanın qurucusu və memarıdır. Anım günü ərəfəsində onun ölkəmiz və xalqımız qarşısındakı tarixi, misilsiz və əvəzedilməz xidmətlərinin mahiyyətini daha dərindən anlamaq üçün bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm. 

Hər kəsə məlumdur ki, 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən respublikamızın suverenlik taleyi 20 aydan sonra – 1993-cü ilin iyununda böyük sual altında idi. Həmin dövrdə ölkədə xaos və anarxiya hökm sürür, iqtisadiyyat tamamilə dağıdılmış, gənclər müxtəlif qanunsuz silahlı birləşmələrə cəlb edilərək üz-üzə qoyulmuşdu. Azərbaycanın ərazisi müxtəlif “xanlıq” və “nüfuz dairələri” nə parçalanmış, Dağlıq Qarabağda isə torpaqlarımızın müdafiəsi taleyin ümidinə buraxılmışdı. Qanunsuz odlu silah gəzdirmək və tətbiq etmək adi məişət hadisəsinə çevrilmişdi. Ağır zirehli texnikaya və qanunsuz silahlı dəstələrə sahib olan siyasi partiyalar bir-birinə “əzələ” nümayiş etdirir və ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirirdilər. 

Bəzi yüksək dövlət vəzifəsi tutanlar məsuliyyətsiz siyasi bəyanatlar verməklə Azərbaycanı həm qonşu, həm də regionda geosiyasi maraqları olan dövlətlərlə, az qala, müharibə vəziyyətinə gətirmişdilər. 1993-cü ilin yazında o zamankı iqtidarın “Milli qəhrəman” statusuna qaldırdığı Surət Hüseynovun Gəncədəki qanunsuz hərəkətləri, mərkəzi hakimiyyətə tabe olmaması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, iqtidara qarşı inamsızlığın daha da güclənməsinə səbəb olmuşdu. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu itaətsizlik respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Bu “münbit şəraitdən” istifadə edən “Sadval” hərəkatı və həmin dövrdə mövcud olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik əleyhinə təxribatçı fəaliyyətlərini genişləndirirdilər. Cənubda qondarma “Talış-Muğan Respublikası”nın elan olunması ölkənin ərazi bütövlüyünün pozulması, hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi. 

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ərəfəsində baş vermiş faciəli hadisələr təkrarlanmağa doğru gedirdi. Azərbaycan xalqının qabaqcıl, mütəfəkkir insanlarının xidmətləri sayəsində müsəlman Şərqində qurulmuş ilk Demokratik Cümhuriyyət 23 aylıq fəaliyyətdən sonra süqut etdi. Baxmayaraq ki, onların titanik fəaliyyəti nəticəsində dünyanın bir çox dövlətləri ilə əlaqələr qurulmuş, bir sıra dövlət quruculuğu tədbirləri həyata keçirilmiş, ilk dünyəvi universitet yaradılmış, Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmışdı. Ancaq daxili siyasi gərginlik, xarici qüvvələrə işləyən satqın mənsəb sahibləri, parlamentdə kəskin fikir ayrılıqları, silahlanmış “qoçu dəstələri”, ölkənin daxili problemlərinə xaricdən müdaxilə və digər amillər nəticədə çətinliklə əldə edilmiş milli müstəqilliyi iflasa uğratdı. 

1993-cü ilin yayında da təxminən eyni ssenari yaradılmışdı, gözlərimizin qarşısında tarixin təkrarlanması prosesi gedirdi. 73 illik fasilədən sonra baş verən bu olayların o zamankı hadisələrdən yalnız iki fərqi var idi, qalanları– tarixi şərait, adamlar, siyasi vəziyyət qismən dəyişikliyə uğramaqla demək olar ki, eyni idi: Birincisi, bu hadisələr müstəqillik elan edildikdən 23 ay yox, 20 ay sonra baş verirdi, ikincisi tarixin səhnəsində çox müdrik, cəsarətli, hər şeyi dəqiq hesablamağı bacaran siyasət qrossmeysteri Heydər Əliyev var idi. 

Yaxşı xatırlayıram, 1993-cü il iyun ayının əvvəllərində Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının iclasında Surət Hüseynovun hərəkətləri müzakirə edilərkən bəzi professorlar onu müdafiə etdilər. Bu, onu göstərirdi ki, heç də hamı ölkədəki siyasi vəziyyəti düzgün dəyərləndirə bilmir. Atalarımız demişkən, xalqın gözü tərəzidir, o, nicatın yalnız Ulu öndərdə olduğuna əmin idi, ona görə də yeganə doğru seçimini edərək öz sınanmış rəhbərinə üz tutdu və onun hakimiyyətə gəlməsini israrla tələb etdi. Xalqını canından çox sevən Heydər Əliyev bu məqamda başqa seçim edə bilməzdi. Ona görə də o, heç bir təhlükəyə məhəl qoymadan insanların çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu böyük qayıdışından sonra ölkəni dərin böhrandan, əslində, dövlətçiliyi süquta uğramaqdan və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı, separatçı meyllərə son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi ki, bütün bunlar hərtərəfli islahatların başlanmasına zəmin yaratdi. İndi sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı çox yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin dövrdə Ümummilli lider xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi.

Ölkəmizin tarixinin ən möhtəşəm hadisələrindən biri olan məşhur tarixi qayıdış nəticəsində yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması zəruri idi. Azərbaycana qarşı yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac vardır. 

Ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Onun bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ümummilli liderin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Həmin investisiyalar iqtisadi sabitliyin bərqərar olmasında böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün geniş imkanlar yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığını Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: “Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə “Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz “Əsrin müqaviləsi”ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı”. 

Ulu öndərin həyata keçirdiyi nəhəng geosiyasi layihələr sırasında Bakı – Tbilisi – Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geosiyasi baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin – Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

Heç şübhəsiz, müasir dövrdə enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də, Azərbaycanın, o cümlədən, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq, Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Ümummilli liderin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi. Məhz bu səbəbdən Azərbaycanın regionda yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda nüfuzu artdı. Azərbaycanın artan nüfuzunun nəticəsidir ki, respublikamız bölgənin lider dövlətinə çevrildi, Ermənistanın Azərbaycana təcavüzü BMT səviyyəsində, ATƏT çərçivəsində ölkəmizin xeyrinə qərar və qətnamələrin qəbul edilməsi ilə müşayiət olundu.

Ulu öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır", – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması nəticəsində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin sayı, ölkəmizin bu gününə və gələcəyinə inam artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 

Ulu öndərin əsasını qoyduğu yeni neft strategiyası bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yeni neft strategiyası xalqımızın öz sərvətinə sahib olmasında mühüm rol oynayır. Bu gün BTC və BTƏ Qərblə Şərq arasında körpü rolunu oynayır. Həmin layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni polad kəmərlərlə bir-birinə bağlayıb. Belə möhkəm bağlılığı bədxah qüvvələr, çirkin niyyətli dairələr qıra bilməzlər. Hazırda Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa qlobal bir layihəni həyata keçirmək mümkün deyil. Bütün bunlar Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.

Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi. O, anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. 

Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlarından biri də cəmiyyətin bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdim edilməsi idi. O, böyük müdrikliklə cəmiyyətin monolitliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən Ümummilli lider dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir. Bu ideologiya milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi nəticəsidir. Milli-mənəvi dəyərlərin qorunması məsələsi də Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərmişdir. O istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmışdır. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. 

Onu da yaxşı xatırlayıram ki, Ulu öndərin rəhbərliyi ilə dar çərçivədə keçirilən tədbirlərin əvvəlində o, dönə-dönə deyirdi ki, “hər bir insanın mənəviyyatının əsas göstəricisi milli-əxlaqi dəyərlərdir. Mən harada və hansı mühitdə çalışmağımdan asılı olmayaraq həyatım boyu bu dəyərlərə sadiq olmuşam.” Söhbətinin sonunda bizə milli-əxlaqi dəyərlərə daim sadiq qalmağı tapşırardı. 

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ümummilli liderin adı ilə bağlıdır. 

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi 1993–2003-cü illər ölkə üçün həlledici dövr oldu. Məhz həmin illər milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi. Qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiya aradan qaldırıldı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, milli ideologiyamız işlənib hazırlandı, siyasi islahatlar aparılmağa başlandı, demokratik inkişafla bağlı önəmli qanunlar, o cümlədən, təhsilə dair vacib qərarlar qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Bütün bunların nəticəsində, obrazlı desək, Azərbaycan lokomotivi tozlu-torpaqlı, daşlı-kəsəkli, gələcəyi naməlum cığırlardan hamar dəmir yolu relsinin üzərinə çıxa bildi və uzaq, aydın, parlaq səhərlərə doğru məqsədyönlü səfərə başladı. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan şəxsiyyət kimi qalmışdır. 

Ötən əsrin 70-ci illərində yaşamış insanlardan biri kimi yaxşı xatırlayıram ki, Moskvadakı yüksək nüfuzundan və ölkə başçısı Brejnevlə şəxsi əlaqələrindən türk xalqlarının mənafeyi naminə istifadə edərək Heydər Əliyev axısqa türklərinin doğma vətənlərinə qaytarılması məsələsini həll etməyə çalışırdı. Məlum olduğu kimi, Gürcüstan Respublikasının Mesxetiya regionunda yaşayan bütün axısqa türkləri ­1944-cü ilin noyabrında sovet hökuməti tərəfindən məcburi şəkildə Mərkəzi Asiyaya, daha dəqiqi Qazaxıstan, Qırğızıstan və Özbəkistana köçürülmüşdü. Ulu öndər bu deportasiyanın sonralar Gürcüstanda və Ermənistanda yaşayan soydaşlarımıza qarşı da tətbiq ediləcəyindən ehtiyat edərək (təəssüf ki, onun bu proqnozları da düz çıxdı) və türk xalqlarına qarşı bu ədalətsizliklə barışmayaraq Qazaxıstanın rəhbəri Dinməhəmməd Kunayevdən və Özbəkistanın dövlət başçısı Şərəf Rəşidovdan axısqa türklərinin doğma yurdlarına qaytarılması barədə razılıq almış və Brejnevlə bu barədə danışmışdı. Təəssüf ki, bu hadisədən xəbər tutan Gürcüstanın lideri Şevardnadze həmin regionda gürcülərin məskunlaşdırıldığını, bu məsələnin milli qarşıdurmaya gətirib çıxaracağını əsas gətirərək Brejnev və Siyasi Büro üzvlərindən köçürülmənin qarşısının alınması barədə qərarın qəbul edilməsinə nail olmuşdu. Ümummilli liderin bu yüksək humanistlik, insanların dədə-babalarının uyuduğu doğma torpaqlarına qaytarmaq arzusu baş tutmasa da, faktın özü onun təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının lideri olmasını bir daha təsdiq edir. 

Bununla bağlı daha bir məlumatı hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm, 1986-cı ildə Qorbaçovun kobud səhvlərindən biri hesab edilən Qazaxıstanda böyük nüfuz sahibi olan Dinməhəmməd Kunayevin vəzifədən kənarlaşdırılması və onun yerinə milliyyətcə rus olan Gennadi Kolbin adlı bir nəfərin təyin edilməsi məsələsi Siyasi Büroda müzakirə edilərkən yalnız Heydər Əliyev bu təklifin əleyhinə çıxmışdı və həmin tarixdən etibarən Qorbaçovla münasibətlərinin kəskinləşməsinə baxmayaraq cəsarətlə demişdi ki, Kolbin Qazax xalqını tanımır, Qazaxıstanda işləməyib, yaxşı olar ki, oraya yerli millətin nümayəndəsi təyin olunsun. Bu təklif nəzərə alınmasa da, qazax xalqının rus müstəmləkəçilik siyasətinə qarşı böyük etiraz dalğası başladı, Qazaxıstanda, hətta bütün SSRİ-də sabitlik pozuldu və nəticədə dəhşətli faciələr baş verdi. Ulu öndərin siyasi intuisiyası və türkçülük amalı isə tarixin yaddaşına yazıldı. 

Canlı şahid kimi qeyd etmək istəyirəm ki, Ulu öndərin siyasətində təhsil sistemi həmişə prioritetlərdən biri olmuşdur. O hamıdan yaxşı bilirdi ki, hər bir millətin və dövlətin gələcəyi onun təhsil sistemi ilə əlaqədardır. Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir, mən dünyada müəllimdən yüksək ad tanımıram, bizim hər birimiz bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir...”

Yaxşı xatırlayıram, məni ölkənin Təhsil naziri vəzifəsinə təyin edərkən verdiyi çoxsaylı tövsiyələr arasında ölkədə əsaslı təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı ciddi bir proqramın hazırlanması barədə tapşırıq da var idi: ”Beş əsas məsələni diqqət mərkəzində saxlamaq lazımdır. Birincisi təhsil sistemində hər bir yeniləşmə inqilabi deyil, təkamül yolu ilə aparılmalıdır; ikincisi, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemində aparılmış islahatların nəticələri ilə yaxından tanış olmaq lazımdır; üçüncüsü, heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurulmasına yol vermək olmaz; dördüncü, xalqımızın milli-mənəvi xüsusiyyətlərindən, milli mentalitetindən, xüsusən təhsil sahəsində XX əsrdə ölkəmizdə formalaşmış mütərəqqi ənənələrdən səmərəli istifadə olunmalıdır; nəhayət, Azərbaycanda təhsil sistemini formalaşdırarkən ilk növbədə milli, sonra isə ümumbəşəri dəyərlərə üstünlük verilməlidir.”   

Mən artıq yaşa dolmuşam, Azərbaycanın yaxın-uzaq tarixinə bələd olan təcrübəli bir insan kimi hər zaman tam məsuliyyətimlə deyirəm ki, ölkəmizi ötən əsrin 90-cı illərinin burulğanlarından çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev idi. O məqamlarda Heydər 
Əliyevdən başqa heç kəs bunun öhdəsindən gələ bilməzdi.

Ulu öndər Azərbaycanı, demək olar ki, təməldən başlayaraq yenidən qurdu. Ölkəni ayağa qaldırdı və ömrünün sonlarına doğru hakimiyyət sükanını layiqli davamçısına verdi. Onun Azərbaycan üçün bir yox, on qəzet məqaləsinə sığmayacaq qədər gördüyü işlərin ən böyüyü heç şübhəsiz, cənab Prezidentin timsalında ölkənin taleyini Azərbaycanın müstəqilliyini qoruyan, onu tarixinin ən qüdrətli mərhələsinə yetirən güclü liderə əmanət etməsidir. “Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm” –
bildirən­ Heydər Əliyev dediyi sözə əməl etdi. 

Ümummilli liderə həm də ona görə minnətdarıq ki, o böyük zəhmətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək güclü bir siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı. Prezident İlham Əliyev Ulu öndər məktəbinin yetirməsi, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. 

İxtisasıma və həyat təcrübəmə görə bir məsələni də qətiyyətlə deyərdim ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyətlərindən biri olmaqla yanaşı, həm də ən böyük müəllimlərindən biri olmuşdur. Tarixi yarada-yarada onu öyrədən, onun mürəkkəbliyini və bu çətinlikləri necə şərəflə dəf etməyi tədris edən, eyni zamanda, dəyanətdən, ləyaqətdən, idarəçilikdən, iqtisadiyyatdan, cəsarətdən, mədəniyyətdən, həssaslıqdan və daha neçə-neçə müxtəlif fənlərdən dərs deyən, özü də sadə dərs yox-yüksək səviyyəli master klass verən müəllimə bənzəyirdi. 

Prezident İlham Əliyev öz xatirələrində qeyd edir ki, ”atam çox zəhmli, tələbkar, ciddi bir adam idi. Belə olması ilə yanaşı, uşaq yaşlarımdan onun evdə ailə üzvləri ilə qayğıkeş münasibətləri, anama və bizə həssaslığı mənim diqqətimi çəkirdi. O, bizə ailədə sağlam mühitin zəruriliyi haqda nəsihətlər vermirdi, bunu əyani göstərib öyrədirdi. Mən həyatda ən çox ondan, onun şəxsi nümunədə göstərdiklərindən öyrənmişəm”. 

Sonralar Ulu öndərin dəstəyi ilə böyük siyasət meydanına daxil olarkən dövlət başçımız ən mürəkkəb məqamlarda düzgün qərarlar vermək, ləyaqət və şərəfi hər şeydən uca tutmaq, fədakarlıq, milli maraqları müqəddəs hesab etmək, böyük amallara sədaqət kimi nəcib keyfiyyətləri daha da inkişaf etdirdi. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarda zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ildən çoxunun, xüsusilə müstəqillik dönəminin tarixini yazarkən onunla çiyin-çiyinə addımlayan möhtərəm Prezidentimiz hərf-hərf nəqş edilən bu yazıların incəliklərini mənimsəmişdir. Dahi rəhbər xalqımızın ən çətin anında – sovet imperiyasının dağıldığı, ölkənin vətəndaş müharibəsi ilə üzbəüz qaldığı, insanların ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil olarkən, torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verərkən, XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərərək vətəndaşlarda azadlıq, müstəqillik ideyaları formalaşdırarkən, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, milləti isə cəsur əsgərə çevirərkən cənab İlham Əliyev onun həyat məktəbinin ən yaxşı tələbəsi kimi öyrənirdi. Sonralar bu öyrəndikləri ona Azərbaycanı regionun aparıcı dövlətinə çevirməkdə, xalqın maddi rifah halının yüksəlməsində, 44 günlük müharibədə şanlı Qələbənin əldə edilməsində çox yardımçı olacaqdı. 

Ümummilli lider Azərbaycana ölkənin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda gəldi və Azərbaycanı nəinki xilas etdi, onu həm də yalnız regionun yox, bütün Türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirdi. Hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Bəli, ­Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ulu öndər ömrünü xalqının azadlığı, istiqlalı, Vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı. Ulu öndərin “Türkiyə Cümhuriyyəti Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı nəticəsində yaranmışdır” sözləri eyni zamanda onun özünün tarixi xidmətini də ifadə edir. 

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyev həm də praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir: “Biz 30 ilə yaxın idi ki, həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq.” Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə müzəffər Ali Baş Komandan həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu öndərin arzusunu reallaşdırdı. Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Həmçinin, bütün dünya Azərbaycan dövlətinin ədalətli mübarizəsinin bir daha şahidi oldu. 

Dünyada ən mötəbər beynəlxalq forumlardan biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının– COP29-un bu yaxınlarda ölkəmizdə keçirilməsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin yolunun davamı olan xarici siyasətinin mühüm nəticələrindən biri hesab olunmalıdır. Fikrimcə, Azərbaycan Respublikasının Prezidentinin böyük iradəsi, əzmkarlığı, cəsarəti, siyasi müdrikliyi və gərgin əməyi nəticəsində COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsi bu tədbirin BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qalmasına səbəb oldu və bəşəriyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcına çevrildi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un bəşəriyyət üçün uğurlu nəticələri dövlətimizin növbəti uğurudur.

Bu hadisə də, 44 günlük müharibədə qazandığımız şanlı Zəfər də, indiyədək iqtisadiyyat, siyasət, mədəniyyət, elm, təhsil, idman, səhiyyə və digər sahələrdə qazanılmış uğurlar da uca xatirəsi önündə baş əydiyimiz Heydər Əliyevin vəsiyyətlərinin gerçəkləşməsi deməkdir və onun müqəddəs ruhunu şad edir.

Chosen
28
xalqqazeti.az

1Sources