EN

Tarixi zəfərimizin başlanğıc yolu - Heydər Əliyev

Heydər Əliyev böyük dövlət xadimi və müstəqil Azərbaycan dövlətinin qurucusudur. Şübhəsiz ki, dövlət qurmaq üçün siyasi elmin izah etdiyi şərtlər var. Bu şərtlərin yerinə yetirilməsi həm də təkcə siyasi keyfiyyətlər tələb etmir, eyni zamanda müdriklik, dövlət qurma, idarəetmə təcrübəsi, liderlik keyfiyyətləri tələb edir.

Ona görə də 1990-cı illərin əvvəllərində Azərbaycanda formal müstəqilliyimiz elan edildikdən sonra həqiqi dövlət quruculuğunu həyata keçirmək üçün yalnız Heydər Əliyev kimi böyük şəxsiyyətə ehtiyac var idi və Azərbaycan xalqı da məhz bunu bildiyi üçün Heydər Əliyevin hakimiyyətə gəlməsini dövrün vacib şərti kimi dərk edirdi. Çünki, gənc dövlətimiz həm xarici təcavüzə məruz qalırdı, həm də Azərbaycan cəmiyyətində ideoloji, mənəvi deqradasiya baş verirdi. Yəni, Azərbaycan xalqının milli enerjisi müxtəlif siyasi manipulyativ cərəyanlara, müxtəlif radikal dini cərəyanlara parçalanırdı. Beləliklə də, milli enerjinin cazibə mərkəzində dayanan müstəqil dövlət ideyası olmurdu.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyir ki, Heydər Əliyev müstəqil dövlət quruculuğunu milli enerjimizin cazibə mərkəzi kimi müəyyənləşdirdi, yəni, hər bir fərdin özünü müstəqil Azərbaycan dövlətinə mənsub etməsi üçün dövlətin ədalət funksiyasını yerinə yetirəcək institutlarını işlək mexanizm halına gətirdi.

“Vətəndaş, hər bir azərbaycanlı özünü dövlətin çətiri altında təhlükəsiz hiss edərək, onun himayəsinə güvənərək və Heydər Əliyev siyasi liderliyinə inanaraq milli dövlət ətrafında öz enerjisini səfərbər etdi. Bütün bunlar müstəqil dövlətimizin möhkəmlənməsinin əsas faktoruna çevrildi.

Ümummilli həmrəylik, ümummilli ideologiya, azərbaycançılıq ideologiyası və dövlət institutlarının funksionallığı Heydər Əliyevin yaratdığı modelin struktur vahidləridir. Bunların biri əskik olsa, bəlkə də bu nailiyyəti əldə etmək olmazdı. Deputat qeyd edib ki, biz bu gün dövrü analiz edərkən, sosial-siyasi elmin kateqoriyalarına yanaşaraq bunu analiz etmiş oluruq. Ancaq Heydər Əliyev bunu analiz edib, nəticəyə gəlməkdən daha fövqəl istedada sahib idi. Çünki hər hansı bir fikri səsləndirmək bir başqa, ancaq onu həyata keçirmək isə tamamilə başqa bir məsələdir.

Heydər Əliyevin böyüklüyü ondadır ki, müstəqil Azərbaycan dövlətinin ideoloji, siyasi, iqtisadi əsaslarını yaratmaqla, onu möhkəmləndirə bildi. Bu gün hər kəsə aydındır ki, tarixi zəfərimizə gedən yolun başlanğıcı məhz Heydər Əliyev tərəfindən qoyuldu. Nəticədə onun qurduğu dövlət 2020-ci ildə 44 Günlük Vətən Müharibəsində böyük tarixi zəfərə imza atdı. Heydər Əliyevin böyüklüyü budur, ancaq məsələ ondadır ki, hazırkı qüdrətli dövlətimiz isə önümüzdəki tarixi mərhələdə xalqımızın milli maraqları, məqsədləri naminə daha böyük işlər görəcəkdir. Demək ki, Heydər Əliyevin qurduğu təməllər üzərində Azərbaycan dövləti bundan sonra inkişaf edərək, daha da qüdrətli olacaqdır”, - deyə H.Babaoğlu vurğulayıb.

Aminə Nəzərova

Chosen
44
operativmm.az

1Sources