EN

“Sona qədər mübarizə aparacağam” Cənubi Koreya prezidenti ittihamları rədd edir

Cənubi Koreya prezidenti Yun Sok-yol hərbi vəziyyətin tətbiqi qərarının düzgün olduğunu və "hökumət işlərini normallaşdırmaq" üçün lazım olduğunu söyləyib. O, qiyam ittihamlarını və istefaya çağırışları rədd edərək, sona qədər mübarizə aparacağına söz verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident hərbi vəziyyət dövründə parlamentə qoşun yeritməyin üsyana bərabər tutulmamalıdır.

Yun Sok-yol hökuməti iflic edən müxalifətə qarşı "milləti qorumaq və dövlət işlərini normallaşdırmaq üçün" hərbi vəziyyət elan etməyə məcbur olduğunu, prezident səlahiyyətlərindən istifadə etdiyini deyib və bunu "dərin düşünülmüş siyasi qərar" adlandırıb.

O, həmçinin istefaya çağırışları rədd edib və müxalifəti impiçment səylərindən sui-istifadə etməkdə və büdcəni azaltmaqda ittiham edib.

Prezident deyib: “Mənə qarşı impiçment və ya təhqiqat olub-olmamasından asılı olmayaraq, mən bunun qarşısında şərəflə dayanacam. Əsas müxalifət partiyasının üstünlük təşkil etdiyi Milli Assambleya azad demokratiyanın konstitusiya quruluşunu məhv edən bir canavara çevrilib. Mən sizinlə sona qədər mübarizə aparacağam”.

Cənubi Koreya lideri hərbi vəziyyətə görə yaranmış narahatlığa görə xalqdan bir daha üzr istəyib.

“Yonhap” qeyd edir ki, ölkə qanunvericiliyinə görə, prezidentin addımı konstitusiya ilə müəyyən edilmiş dövlət orqanlarını devirmək və ya onların funksiyalarını güc tətbiq etməklə qeyri-mümkün etmək cəhdi kimi müəyyən edilir.

Yun Sok-yol isə iddia edir ki, o, "yalnız az sayda" silahsız qoşuna "asayişi qorumaq" əmri verib və parlament hərbi vəziyyətin ləğvi barədə qərar qəbul etdikdən sonra dərhal geri çəkilib.

Məlum olduğu kimi, ötən çərşənbə axşamı parlamentə 200-ə yaxın silahlı əsgər, seçkilərə nəzarətlə bağlı üç sayta isə daha 300-ə yaxın silahlı əsgər göndərilib.

Prezidentin bəyanatı müxalifət partiyalarının təşəbbüsü ilə prezidentin impiçmenti ilə bağlı növbəti səsverməyə bir neçə gün qalmış verilib. Keçən şənbə günü keçirilən səsvermədə hakim partiya fraksiyasının palatanı tərk etməsi ilə əlaqədar kvorum olmadığı üçün parlament ona impiçment elan edə bilməyib.

Prezidentə qarşı impiçment elan edilərsə, Yun Sok-yol vəzifəsindən uzaqlaşdırılacaq və iş Konstitusiya Məhkəməsinə göndəriləcək. Proses altı aya qədər davam edə bilər.

Musavat.com

Chosen
13
musavat.com

1Sources