İngiltərə nəhəngi "Arsenal" UEFA Çempionlar Liqasının altıncı turunda "Monako"nu 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, bu qarşılaşma "topçular" üçün əlamətdar olub.
Beləliklə, londonlular ardıcıl 14-cü ev matçını məğlubiyyətsiz keçirib. Bu, Mikel Artetanın rəhbərliyi altında "Arsenal"ın ən yaxşı seriyasıdır.
Üstəlik, bu həm də "Arsenal" tarixində ikinci ən yaxşı belə göstəricidir. "Topçular" Arsen Vengerin rəhbərliyi altında, 2017-ci ilin mart-noyabr ayları arasında ardıcıl 18 ev oyununda məğlub olmamaqla rekord reallaşdırmışdı.
“Monako” üzərində qələbə Artetanın komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmaq şansını xeyli artırıb. Londonlular 6 turdan sonra 13 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
“Arsenal” növbəti oyununu dekabrın 14-də evdə İngiltərə Premyer Liqasında “Everton”a qarşı keçirəcək.
Mirağa