EN

Taksi sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları operatorunun məsul şəxsləri üçün imtahan keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün də imtahan təşkil olunacaq. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1542 nəfər qeydiyyatdan keçib.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və DİM-in Gəncə Regional Bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.

DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələn namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahanda taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

Chosen
17
21
azertag.az

10Sources