EN

Medvedyev Suriya ordusunun zəifliyini Bəşərin idarəçiliyinin üstünə atdı,"ölkə bölünəcək" dedi...

Image

Sədrəddin Soltan: "Əgər beynəlxalq güclər Suriyanı bölüb parçalayarsa, o zaman onlar BMT TŞ-nin bu qərarına qarşı çıxmış olacaq"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Suriyanın birliyinin qorunması ilə bağlı zəif gözləntilərini açıqlayıb. Qeyd olunur ki, Medvedyev Çində iki günlük işgüzar səfərdədir. 

Suriya Ərəb Respublikasındakı vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandıran D.Medvedyev Suriya ordusunun səriştəsiz olduğunu qeyd edərək bildirib ki, bu, hökumətin idarə olunması zamanı edilən yanlış hesablamaların sübutudur.

“Bütün bunların nəticələri acınacaqlıdır, çünki indi deyilənlərə baxmayaraq, Suriyanın birliyinin qorunub saxlanacağına və bütün bu xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələrinin buna nail olacağına dair çox zəif gözləntilər var", - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib.

Onun sözlərinə görə, hələlik heç kim sünni, şiə, ələvi, druz və xristianların mənafeyində konsensusun necə tapılacağı sualına cavab verməyib.

Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkə üzərində nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib. Rusiya isə danışıqlarda iştirak etməyib.

Bundan sonra Suriyanın İdlib əyalətində silahlı müxalifətin yaratdığı “xilas hökuməti”nin rəhbəri Məhəmməd Əl-Bəşir keçid dövrü üçün Suriyanın müvəqqəti hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.

Rusiya Suriyanin bütöv qalacağına inanmır. Sizcə, Medvedyevini bu gümanı doğrula bilərmi? Türkiyə bəyan edir ki, Suriyanın ərazi bütôvlüyünu tanıyır, digər aktorlar hələ bu barədə heç nə demir. Suriyanın gələcəyini necə gorürsünüz?

“Bakı-Xəbər” qəzetinin suallarını cavablandıran siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Suriya ilə bağlı BMT TŞ-nin qəbul etdiyi 2254 sayli qətnaməyə görə, ölkənin ərazi bütövlüyü qorunmaqla keçid hökuməti yaradılmalıdır: "Bu qərara TŞ-nın bütün üzvləri, o cümlədən də Rusiya (həmin vaxt Dimitri Medvedyev Rusiyanın baş naziri idi) səs verərək, Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirib. Başqa sözlə desək, əgər beynəlxalq güclər Suriyanı bölüb, parçalayarsa o zaman onlar BMT TŞ-nin bu qərarına qarşı çıxmış olacaq. Çünki bu sənəd özündən əvvəl qəbul edilmiş bir neçə qətnanənin nəticəsidir.

İkinci bir tərəfdən, ərazi bütövlüyü məsələsi beynəlxalq ictimaiyyət və dünya ölkələri tərəfindən əsas təməl prinsip olaraq qəbul edilib.

Eyni zamanda, İraqda baş verən hadisələr göstərdi ki, dövlətlərin sərhədlərinin dəyişdirilməsi nəzərdə tutulmur. Düzdür, Rusiya hələ Bəşər Əsəd dönəmində Suriyanın federallaşmasının tərəfdarı kimi çıxış edib. Lakin sonradan Moskva bu fikrindən vaz keçdi.

İndi bu ölkə ərazisində terrorçu PKK-nın PYD və YPG qolları İraqın şimalındakı ərazinin özünüidarətmə quruluşuna oxsar bir quruluşun Suriyada da yaranmasını istəyir. Amma Türkiyə Suriyanın federallaşmasının, onun daxilində hər hansi bir quruluşun yaranmasının əleyhinədir.

Əgər belə bir hadisə baş verərsə. o zaman 3,5 milyonluq turkmanların da federal hüququ tanınmalıdır. Çünki Suriyadakı kürd etnik azlığının sayı 1,5 milyon civarındadır. 1,5 milyon saya malik etnik qrupun muxtariyyət bölgəsi olursa, 3,5 milyon sayı olan etnos üçün muxtariyyətin taninmaması ədalətsizlikdir və növbəti mərhələ üçün ziddiyyət yaradır.

Fikrimcə, mart ayına qədər keçid hökuməti yaranacaq və bu hökumət 18 ay ərzində konstitusiya layihəsi hazırlayacaq, parlament, prezident və bələdiyyə seçkiləri keçirəcək, bir sıra qanunları təsdiqləyəcək. Eləcə də ölkənin normal vəziyyətə qayıtması üçün müəyyən addımlar atacaq.

Digər əsas fundamental məsələ Suriya ərazisindəki terrorçuların çıxarılmasıdır. Əgər gələcək hökumət terrorçularla razılasarsa, o halda Suriyanın ərazi bütôvlüyü sübhə altında qalacaq. Amma bu yaxınlarda yayılan xəbərlərə görə, Suriyanın şimalındakı həmin qruplaşma inqlabçiların bayrağını qəbul edib. Bu isə o deməkdir ki,  onlarla gələcəkdə qurulacaq müvəqqəti hökumət arasında müəyyən danışıqların və razılaşmaların baş tutması mümkündür.

Hesab edirəm ki, Türkiyənin razılığı olmadan hər hansı bir uğurun əldə edilməsi çətin olacaq. ABŞ dövlət katibi Entoni Blinkenin Turkiyəyə səfəri Suriyadakı indiki və perspektiv vəziyyəti müzakirə etmək məqsədi daşıyırdı. Heç şübhəsiz, Ankarada PKK və İŞİD kimi terrorçu qruplaşmaların Suriyada fəaliyyətinin canlı olduğu və Turkiyənin təhlükəsizliyinə təhdid yaratdığı bu görüşdə vurğulanıb. Hesab edirəm ki, ABŞ həm də Suriyada fəaliyyət göstərən PKK-nın aqibətinin həll edilməsi vaxtının çatdığını bilir. Əks halda PKK ABŞ qarşısında bir maneə ola bilər".

Dəniz NƏSİRLİ





Chosen
12
baki-xeber.com

1Sources