EN

Erol Rzayev - Boston Filarmoniya orkestrində azərbaycanlı violonçel ifaçısı

Bakı, 13 dekabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycan istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz azərbaycanlı gənc violonçel ifaçısı, çoxsaylı beynəlxalq və respublika müsabiqə və festivallarının qalibi Erol Rzayevdir. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) bitirdikdən sonra Longi Musiqi Məktəbinə (Kembric, ABŞ) qəbul olub və hazırda orada təhsil alır. 2024-cü ilin sentyabr ayından azərbaycanlı musiqiçi Boston Filarmoniya Orkestri ilə işləyir. İstedadlı violonçel ifaçısı bundan əvvəl “Tutti” Uşaq Kamera Orkestri (2012 - 2014), Azərbaycan Dövlət Gənclər Simfoniya Orkestri (2014 – 2018), Bakı Kamera Orkestri (ilk violonçel, 2018 - 2024), “Cadenza” orkestrinin (ilk violonçel, 2021–2024) üzvü olub. Həmçinin 2023-cü ildən bu günə kimi Pan-Qafqaz Gənclər Orkestrinin üzvüdür. Erol Rzayev Azərbaycan, Gürcüstan, Türkiyə, Fransa, Almaniya, Belçika və digər ölkələrin konsert salonlarında çıxış edib.

- Erol, musiqi sənətinə necə gəldiniz?

- Düşünürəm ki, məni musiqiyə gətirən yol uşaqlıqdan dünya musiqisinin şah əsərlərini dinləməkdən başlayıb. Evimizdə hər gün musiqi səsləndirilib: bu, muğamdan tutmuş estradaya, Baxdan Berioya, aşıq musiqisindən operaya qədər müxtəlif musiqi əsərləri olub. Yəqin ki, hər gün bu cür əsərləri dinləməyim peşə seçimimə təsir edib. Nəslimizdə peşəkar musiqiçi olmayıb. Ailəmizdə ilk musiqiçi böyük qardaşım olub, Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. Mənim də musiqiyə gəlməyim 2008-ci ildə daxil olduğum Bülbül adına məktəblə sıx bağlıdır.

- Niyə məhz violonçeli seçdiniz?

- Alim Qasımov və Yo Yo Manın (Çin əsilli amerikalı violonçel ifaçısı - müəllif) çıxış etdiyi “İpək Yolu” festivalı (2006) sayəsində violonçeli seçmişəm. Soruşdum ki, səhnədəki violonçel ifaçısı niyə bizimki deyil? Uşaq səmimiliyi və əminliyi ilə dedim ki, mən violonçel ifaçısı olacağam və həmişə səhnədə çıxış edəcəyəm. Odur ki, öz peşəmi 4 yaşımda seçdim.

Təhsilinizi nə üçün ABŞ-da davam etdirmək qərarına gəldiniz? Oraya qəbul olunmaq çətin deyildimi?

- ABŞ-ı seçməyimin səbəbi əslində dostlarımın mənə verdiyi motivasiya oldu və mən qısa zamanda qəbula hazırlaşmağı qərara aldım. İlk cəhdim uğursuz olsa da, ikinci cəhdimdə daha təcrübəli oldum və uğur qazandım. Hazırlıq prosesi bir qədər zəhmət tələb edirdi. O vaxt iki orkestrdə işləyirdim, BMA-da oxuyurdum. Deyə bilərəm ki, repertuar hazırlamaq, video və audio yazılar yaratmaq, dil sertifikatı almaq üçün kurslardan keçmək qəbul prosesinin ən mürəkkəb hissəsi idi.

- Azərbaycan və ABŞ-dakı musiqi təhsili sistemləri arasında paralellər aparsaq, sizcə, onların hər birinin xüsusiyyətləri nədən ibarətdir?

- Azərbaycan və ABŞ-ın təhsil sistemləri arasında ən mühüm fərqlərdən biri fənləri seçmək imkanıdır. Hazırda oxuduğum məktəbdə “kreditlər”ə müəyyən tələblər var (Amerikanın ali təhsil müəssisələri bütün növ akademik işləri hesaba almaq üçün “kredit formullarından” istifadə edirlər - müəllif) və bu “kreditləri” necə seçməyim əsasən məndən asılıdır. Təbii ki, müəyyən vacib fənlər var, amma mənim tədris zamanı qalan hissəni istədiyim kimi fənləri seçib bitirmək imkanım var. Sadə dillə desək, hər kəsin eyni öyrənmə prosesindən keçməli olmaması və fərdi olaraq öz maraq dairəsinə uyğun fənlər seçə bilməsi, fikrimcə, institutumun ən böyük üstünlüyü hesab edilə bilər.

- Hansı müsabiqədə qalib gəldiyinizi və ya iştirak etdiyinizi xüsusilə xatırlayırsınız və niyə?

- 2017/2018-ci tədris ilində mənim üçün ən yaddaqalan məqamlardan biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan III Respublika müsabiqəsində Qran-Pri mükafatını almağım oldu. Bu, nisbətən bir yetkin kimi iştirak etdiyim ilk müsabiqə idi. Müsabiqəyə hazırlıq prosesinin məni bir musiqiçi kimi nə dərəcədə inkişaf etdirdiyini dərk etdim. Bəlkə də bu proses mənim üçün müsabiqənin nəticəsindən daha faydalı və dəyərli oldu. Düşünürəm ki, bunu dərk etmək mənim üçün böyük bir addım idi.

- Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etdiyiniz olubmu?

- Mən Bakı Kamera Orkestrinin üzvü olanda xarici səfərlərdə tez-tez Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirdik və onların böyük maraqla qarşılandığını həmişə hiss edirdim. Hələ ki solist kimi təcrübəm yoxdur, amma yaxın gələcəkdə ABŞ-da Azərbaycan musiqisinin üstünlük təşkil edəcəyi konsert proqramı hazırlamağı planlaşdırıram. Birləşmiş Ştatlar dünyanın hər yerindən insanların yaşadığı bir ölkə olduğundan, hesab edirəm ki, xalqımızın mədəniyyətini burada təqdim etməyim çox böyük təsir göstərəcək.

- Müxtəlif orkestrlərdə işləməklə bağlı zəngin təcrübəniz var. Siz indi Boston Filarmoniya Orkestrinin üzvüsünüz. Orada özünüzü necə hiss edirsiniz? Kollektivə uyğunlaşmaqda hansı çətinliyiniz oldu?

- Müxtəlif mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq bəzən o qədər də asan olmur. Onlarla necə danışacağınızı, onlara necə yaxınlaşacağınızı bilmirsiniz, bu sizi sıxır, özünüzü narahat hiss edirsiniz. Məncə, bu məsələdə çətinliklərdən biri də budur. Onların musiqiyə yanaşması, orkestrin iş prosesi və s. mənim öyrəşməli olduğum şeylərdən sadəcə bir hissəsidir. Amma onlarla müəyyən münasibət qurmaq və konsertə hazırlıq prosesinin necə getdiyini anlamaq üçün mənə bir neçə məşq kifayət etdi. Dünyanın ən yaxşı salonlarından biri sayılan “Symphony Hall”da çıxışımdan sonra özümü daha inamlı və kollektivə daha yaxın hiss etdim.

- Erol, Azərbaycandan ABŞ-a gələn musiqiçi üçün hansı çətinliklər yarana bilər?

- Deyə bilərəm ki, böyük mədəni fərq və ümumi maraqların olmaması müəyyən çətinliklərə səbəb ola bilər. Onların mədəniyyətini və maraqlarını təhlil etmək və öz şəxsiyyətinizlə yerli icma arasında ortaq nöqtələr tapmaq və ya yaratmaq lazım ola bilər. Burada yeni olsam da, iş haqqında nə düşündüyünüzün çox vaxt gördüyünüz işdən daha vacib olduğunu öyrəndim. İstənilən konsertdə çox yüksək səviyyədə çıxış etmək qeyri-adi deyil, amma insanların ən çox bilmək istədiyi məsələ sizin bu konserti hansı səbəbdən verməyinizdir. Müəyyən dərəcədə düşüncə hərəkətdən daha vacib olur. Azərbaycanlı musiqiçi buna öyrəşmədiyi üçün bu sual müəyyən çətinliklər yarada bilər.

- Bundan sonra hansı istiqamətdə hərəkət etməyi planlaşdırırsınız?

- Planlarıma təhsilimi ABŞ-da, başqa bir məktəbdə davam etdirmək daxildir. Təbii ki, bir violonçel ifaçısı kimi öz işimi daim təkmilləşdirmək istəyirəm. Kamera ansamblında ifa etməyi, miqyasından və nüfuzundan asılı olmayaraq müxtəlif konsert salonlarında auditoriya qarşısında öz fikirlərimi ifadə etməyi, həmkarlarımla birlikdə gördüyüm işdən zövq almağı xəyal edirəm. Ola bilsin ki, sabah oyanım və fikirlərim, xəyallarım dəyişsin. Amma bu günə olan arzularım bunlardır.

 

Chosen
28
1
azertag.az

2Sources