EN

Suriya həbsxanasında 7 ay: "Qapı açılanda bizi güllələyəcəklərini düşündük"

Suriyada BAAS rejiminin Sednaya həbsxanası ilə yanaşı, onlarla başqa mərkəzdə minlərlə insana işgəncə verdiyi məlum olub. Bu mərkəzlərdən biri Mezze bölgəsindəki hərbi hava limanında yerləşən və gizli saxlanıldığı üçün "431" kodu ilə tanınan həbsxanadır. Bu həbsxanada məhbuslar ad-soyadları əvəzinə nömrələrlə qeydə alınıb. 

"614" kodu ilə 7 ay orada saxlanılan Mahmud Abdülbaki Məhəmməd "Hürriyət"in əməkdaşı ilə həbsxananı gəzib və göz yaşları içində ordakı vəhşilikləri təsvir edib.

Rejimin burada mühüm müxalifləri saxladığı bildirilir. Həbsxanada qadın və kişi məhbuslar üçün ayrılmış iki bölmə olub. Tək nəfərlik kameralarda 3-4, 20 nəfərlik koğuşlarda isə 60 nəfərin saxlandığı bu həbsxanada məhbuslar üst-üstə yerdə sərilmiş yorğanlarda yatırıblar. Dəmir qapılar və barmaqlıqlarla əhatələnən hücrələr əsir düşərgələrindən daha dəhşətli görünür.

Mahir Əsədin işgəncə mərkəzi

Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi 4-cü bölməyə aid olan bu həbsxanada 700 siyasi və müxalif məhbus saxlanılıb. Həbsxananın qapıları HTŞ başda olmaqla silahlı qrupların Şamda nəzarəti ələ keçirməsindən sonra açılıb. Buradan azad olunan məhbusların adları yox, nömrələrlə qeyd olunub. 

7 ay burada saxlanılan və "614" kodu ilə tanınan Mahmud Abdülbaki Məhəmməd öz hücrəsini göstərib.

20 nəfərə 1,5 kilo kartof

Məhəmməd keçirdiyi dəhşətli günləri belə xatırlayır: "Tək nəfərlik hücrədə 4 nəfər, 20 nəfərlik koğuşda isə 60 nəfər qalırdıq. Gündəlik yeməyimiz cəmi 20 nəfərə 1,5 kilo kartofdan ibarət idi. Həftədə cəmi 10 dəqiqə gəzinti hüququ verilirdi. Məmurlar istədikləri vaxt məhbusları işgəncə otaqlarına aparır və onlara əzab verirdilər. Qadın məhbuslara isə sözlə ifadə edilə bilməyəcək qədər ağır davranırdılar. Nəhayət, zülm sona çatdı və azadlıq gəldi".

"Ölüm bizim üçün qurtuluş idi"

Məhəmməd azad edildiyi anı belə təsvir edir: "Hücrələrin qapıları açılanda bizi güllələyəcəklərini düşündük. "Əsəd qaçıb, azadsınız" səsini eşidəndə bir-birimizə sarılıb ağladıq. Əsəd rejimi zülm və işgəncə deməkdir. Orada ölüm bizim üçün qurtuluş idi". \\Qaynarinfo.Az

 

Chosen
43
4
hurriyyet.az

10Sources