EN

Olena Kondratyuk: Azərbaycanın ukraynalı uşaqların reabilitasiyası üzrə səylərini yüksək qiymətləndiririk

Kiyev, 14 dekabr, AZƏRTAC

Azərbaycanın müharibədən zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası üzrə səylərini yüksək qiymətləndiririk. Bu il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yardımı ilə üç qrup ukraynalı uşaq Azərbaycanda qonaqpərvərliklə dincəlib. Bu proqramın fəaliyyət göstərdiyi müddətdə 180-dən çox ukraynalı uşaq cəlb edilib və onlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk söyləyib.

Görüşdə dövlətlərarası münasibətlərin hazırkı vəziyyəti, Ali Rada ilə Milli Məclis arasında sıx əməkdaşlığın qurulması müzakirə edilib.

Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması ilə bağlı hər iki ölkənin daimi mövqeyinin əhəmiyyəti qeyd edilib.

“Biz Ukraynaya göstərilən humanitar yardıma, xüsusilə enerji sektorunda və təhsil müəssisələrinin bərpasında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Ümid edirik ki, 2025-ci ildə Ukrayna müharibəsi uşaqlarının Azərbaycanda istirahəti və reabilitasiyası proqramı davam edəcək”, deyə Olena Kondratyuk əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
53
1
azertag.az

2Sources