EN

Messi və biz

Əslində, bu barədə nəsə yazmağı nəzərdə tutmurdum, amma baş verənlər məni buna məcbur etdi.

Futbol ulduzu Lionel Messinin ölkəmizə gəlməsi birmənalı şəkildə qlobal hadisədir.

Birincisi odur ki, Messi dünyanın ən istedadlı futbolçusudur. Bəyənsəniz də, bəyənməsəniz də, adam adını dünya futbol tarixinə yaza bilib. Lionel Messi futbol tarixinin bu an üçün ən titullu oyunçusu hesab olunur. 45 kubokdan ibarət mükafat kolleksiyası, milyonlarla fanatı var. Bir sözlə, ona dünyanın ən uğurlu adamlarından biri deyə bilərik. Özü də bütün cəbhələrdə. Karyera, ailə və ən vacibi - reputasiya. Çünki böyük pullara çatan adamların heç də hamısı təmiz adını qoruya bilmir.

Qayıdıram özümüzə, bizə.

Bəzən düşünürəm ki, bəziləri o qədər qısqancdırlar ki, göydən pul da tökülsə, deyəcəklər ki, pul köhnə əsrin əmtəəsidir, hesabımıza elektron pullar yatırılsın.

Azərbaycan qədim tarixə malik olsa da, həmişə lobbiçilikdə axsayıb.

Bunun da bir sıra obyektiv, subyektiv səbəbləri var.

Məsələn, biz övladımızın bizdən uzaq düşməsinə imkan vermərik.

Övladım yanımda olsun, gözümün qabağında. Baxmayaraq ki, övladın ortalama 45 yaşı var.

Xaricdə uşağın nə işi var? "Ata ocağının işığını kim yandıracaq?" deyib, hətta xaricdə təhsil alıb, orada özünə karyera qura biləcək potensiala malik xeyli sayda insanların qohum-əqrəba tərəfindən geriyə qaytarılmasına da şahidlik etmişik.

Amma bizdən fərqli olaraq, ermənilər hər zaman dünyanın bir sıra ölkələrində kök buraxaraq, yüksək dövlət strukturlarına qədər yüksəlməyi bacarıblar. Özü də arxalarınca başqa erməniləri də dartıblar. Bu gün Rusiyada erməni sayı Ermənistandakından çoxdur, biləsiniz.

Başqa bir maraqlı fakt.

Məsələn, dünyada "aeroportlar kralı" kimi tanınan erməni milyarder var. Eduardo Ernekyan. Adam 1932-ci ildə Argentinada doğulub. Çünki o zaman ailəsi oraya köçüb. Və xırda-xırda biznes qurublar. Daha sonra Eduardo Argentinanın KİV-nə yatırım edib, fabrik və zavodlar tikib.

Qeyd edim ki, Argentinanın ümumi əhali sayı 47 milyona yaxındır. İndi təsəvvür edin ki, Eduardo Argentinanın 2000 aeroportunu özəlləşdirib. Bundan əlavə, o, dünyanın 49 hava limanına (Argentina, İtaliya, Ermənistan, Ekvador, Peru, Braziliya və Uruqvay) nəzarət edir. Və vacib məqam - Argentinanın şimalında 1 000 kvadrat kilometrdən çox torpaq sahəsinə, qida emalı zavodlarına malikdir.

Bu gün üçün onun iki milyard dollar sərvətə malik olması ən müxtəlif açıq mənbələrdə yazılır. Əslində, söhbət onda da deyil. Məsələ bundadır ki, Argentinanın yeni Prezidenti Xavyer Mileyin seçilməsində onun birbaşa əli var.

Bir düşünün. Adamlar illərlə iş aparır, biznes qurur və sonda öz istədikləri adamı ölkə başçısı edirlər. Özü də yumşaq güc vasitəsilə. Astaca. Topsuz-tüfəngsiz.

İndi paralel aparaq, bunu bir azərbaycanlı edə bilərdimi?

Əgər nəsil-kök imkan versə, bəli. Beş də artıq edərdi.

Amma təəssüflər olsun ki, bizim düşüncə tərzimiz (kütləvi olaraq) məhəlləmizdən o tərəfə keçmir. Keçənləri də təzədən kəndirləyib, gətirib bağlayırıq evə ki, gözümün qabağında olsun.

Bəs bu zaman dəyişən dünyada biz necə yer tapacağıq?

Axı hər şey Bakı ilə məhdudlaşmır.

Hələ rəhmətlik Heydər Əliyev çalışırdı ki, bizim uşaqlar Moskvada, Sankt-Peterburqda təhsil alsınlar. Burada, sadəcə, təhsil faktoru deyil, həm də əlaqələrin qurulması faktoru var.

Əgər sənin qrup yoldaşın bu gün MDB ölkələrinin birində baş prokuror işləyirsə, bu, ən azından əlaqədir. İndi bundan hər kəs necə yararlanır, bu başqa məsələdir.

Bir maraqlı detalı danışım. Hələ 1998-ci ildə Heydər Əliyev Yaponiyada rəsmi səfərdə olanda imkan tapıb orada təhsil alan azərbaycanlı tələbələrlə görüşür. Və çox vacib mesaj verir:

"Lazımdır ki, yapon dilini yaxşı bilən azərbaycanlı mütəxəssislərimiz olsun. Təkcə dili öyrənmək yox, gərək siz Yaponiyanın - bu qədər inkişaf etmiş bir ölkənin bütün imkanlarından bəhrələnəsiniz, öyrənəsiniz. Necə olub ki, yaponlar dünyada bu qədər böyük bir nailiyyət əldə ediblər? Siz də bunları öyrənin, gətirib Azərbaycanda tətbiq edin, yayın.

Mən sizin hamınızı ürəkdən salamlayıram, hər birinizə müvəffəqiyyətlər arzulayıram. Təşəbbüs göstərib Yaponiyaya gəlməyinizə və burada təhsil almağınıza çox müsbət münasibət bəsləyirəm. Çünki 1970-ci illərdə mən Azərbaycanda işləyəndə bizim gəncləri Bakıdan o tərəfə çıxarmaq mümkün deyildi. Mən onları Moskvaya, Leninqrada və başqa yerlərə oxumağa zorla göndərirdim. Siz o tarixi götürüb öyrənin".

İndi sual yaranır ki, bu gün bu qədər geniş imkanlara malik hər hansı dünya ulduzunun Bakıya səfər etməsi bizdə qıcıq yaradır?

Axı həmişə ermənilərə həsəd aparıb demişik ki, "bax e, hər yerdə dostları var". İndi bu dostlardan Azərbaycan da qazanmağa çalışır.

Bunun üçün müəyyən zaman kəsiyində işlər aparılır. Münasibətlər qurulur. Məsələn, sabah bizim də Arda Gülər kimi istedadlı övladımız ortaya çıxanda onun da Messi kimi dostu ola bilər.

İndi bu dostlardan Azərbaycan Adnan Əhmədzadə kimi iş adamlarının səyləri ilə qazanmağa çalışır və buna nail olur. Düşünürəm ki, illər keçəndən sonra bu addımların faydasını və nəticəsini görəcəyik.

Mütləq şəkildə. (oxu.az)

Kubra Məhərrəmova

Chosen
8
1
sportinfo.az

2Sources