EN

Ölkəmizdə hər kəs enerji istehsalçısı ola BİLƏCƏK – Yeni QAYDA

Ölkəmizə idxal edilən alternativ enerji avadanlıqlarının bir çoxu“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən gömrük rüsumundan azad edilə bilər. Qanun qəbul ediləcəyi təqdirdə qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Beləliklə, elektrik enerjisi istehsalı layihələri üzrə müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.

Digər bir maraqlı məqamsa ondan ibarətdir ki, Azərbaycanda hər bir vətəndaş, hüquqi və ya fiziki şəxs, artıq 100 kilovata qədər gücündə bərpa olunan elektrik enerjisi (günəş enerjisi - red.) sistemini qura bilər.

Nəzərə alaq ki, bu kifayət qədər böyük rəqəmdir.

Məsələn, bir ailəyə yetəcək qədər enerji istehsal edən günəş panellərinin tutumu 4-5 kilovatdır. Bu cür sistemlərdən istifadə edən vətəndaşlar artıq enerji istehsalı olduqda, onu hətta ümumi enerii sisteminə sata bilər, əskik istehsal olduğu halda isə, onu əvəzsiz geri ala bilər.

Bir məqamı da qeyd edək ki, dünya bazarlarında günəş panellərinin qiyməti sürətlə düşür. Son 10 ildə onların qiyməti 90%-ə qədər azalıb.

Bu da əhali arasında günəş panellərinə marağı artıra bilər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 10-15 il əvvəl ölkəmizdə alternativ enerji mənbələrinə maraq çox güclü idi:

“Əhali arasında alternativ enerji əldə etmək istəyənlər az olsa da, iş adamları arasında belə təşəbbüsdə olanlar çox idi. Lakin bu layihənin reallaşdırılması üçün tələb olunan texniki şərtlər, bürokratik prodsedurlar həmin iş adamlarını bu işdən soyutdu. O zaman bölgələrdə şəlalə altında, axar su üzərində xüsusi qurğular quraşdırıb elektirk enerjisi alan restoranlar vardı. Az da olsa, günəş panellərindən istifadə edənlərdə var idi.

Lakin o zaman belə bir qayda qoyuldu ki, günəş paneli və digər qurğular quraşdıran şirkətin xüsusi lisenziyası olmalıdır. Bu lisenziyanı almaq üçünsə şərtlər ağır idi. Üstəlik, günəş panelləri xaricdən alınırdı. Onlara tətbiq edilən gömrük və vergi rüsumları da o qədər yüksək idi ki, onu hər adam ala bilmirdi. Yəqin ki, yeni ildən vəziyyət dəyişəcək. Üstəlik, məndə olan məlumata görə xaricdə də günəş panelləri artıq o qədər baha deyil”.

“İlk növbədə təşviqat gücləndirilməlidir”

Akif Nəsirli hesab edir ki, ilk növbədə stimullaşdırıcı tədbirlər artırılmalıdır:

“Bunun hesabına, əhali arasında bu sahəyə güclü maraq yarana bilər. Əgər vətəndaş bilsə ki, 300-400 manat xərc hesabına birdəfəlik elektrik enerji problemini həll edəcək, əminəm ki, çoxları buna gedəcək.

Hazırda Almaniya alternativ enerji istehsalına görə dünyada liderdir. Buna nail olmaq üçün Almaniya hökuməti ilk növbədə əhali və sahibkarlarla güclü iş apardı. Stimullaşdırıcı tədbirlərin sayı artırıldı. Nəticədə vətəndaşların alternativ enerjinin əldə edilməsinə çəkdiyi xərclər minimuma endirildi.

Ümumilikdə isə həm dövlət qazandı, həm də xalq.

Ona görə də bizdə də stimullaşdırıcı tədbirlər çox olsa, əhali buna daha çox maraq göstərər. Avadanlıqların gömrük rüsumundan azad edilməsi və istehsal gücü 100 kilovata qədər olan avadanlqıların quraşdırılmasına əngəlin aradan qaldırılması başlanğıc kimi uğurlu addımdır. Ümid edirik ki, stimullaşdırıcı tədbirlərin davamı gələcək”.

Chosen
28
37
turkustan.az

10Sources