EN

Boşanan analar uşaqdan ataya qarşı "silah" kimi istifadə edirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son zamanlar boşanan ailələrdə bəzi qadınlar uşaqlardan "silah" kimi istifadə edirlər. Onlar övladlarını atalarına göstərməkdən imtina edirlər. Bu barədə sosial şəbəkələrdə kişilərin sualları və narazılığına rast gəlmək mümkündür.
Bəs maraqlıdır, bu cür situasiyalarda kişi hansı addımı atmalıdır?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini belə izah edib:
"Təcrübəmizdə və məhkəmə iclaslarında tez-tez görürük ki, boşanma hallarında qadınlar çox vaxt azyaşlı uşaqlardan "silah" kimi istifadə edirlər. Bu, həqiqətdir. Sözügedən situasiyanın yaranmasının bir neçə səbəbi var. Əksər hallarda qadınlar boşanma prosesi zamanı incik düşürlər. Azərbaycan reallığında himayəsində azyaşlı olan qadınların sonradan yenidən ailə həyatı qurması və cəmiyyətə adaptasiya olması çətin olur. Əksər hallarda qadınlar şəxsi həyatlarından məhrum olurlar, buna görə də "qatarın getdiyini" gördükləri üçün əvəz çıxmağa çalışırlar. Bu da uşağı ataya göstərməmək kimi bir mənzərə ilə əksini tapır. Hətta məhkəmələr müvəqqəti təminat tədbiri ilə bağlı qərardad çıxarsalar belə, qadınlar buna icazə vermirlər, problem yaradırlar, qarşı tərəfi provokasiyaya çəkməyə cəhd edirlər.
Belə olan halda ilk olaraq şəxs boşanma ilə bağlı məhkəməyə müraciət etməyibsə, problemlər fonunda ayrılıq mərhələsi baş verirsə, ata məhkəməyə müraciət etməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri barədə qərardad çıxarır. Yəni məhkəmədə iddia qaldırılana qədər ata uşağı ilə müvəqqəti görüş qərarına nail olur. Həmin qərardadın icra müddəti 1 aydır. Yəni 1 ay ərzində müvəqqəti təminat tədbiri barədə ərizə vermiş şəxs məhkəmədə boşanma ilə bağlı iddia qaldırmalıdır. Belə olduğu təqdirdə məhkəmədə iş yekunlaşana qədər ata öz övladı ilə ünsiyyətdə ola bilər. 1 ay ərzində boşanma iddiası qaldırılmasa, qərardad qüvvədən düşür. Ola bilər ki, müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət edilməsin. Bu şəxs birbaşa boşanma ilə bağlı məhkəməyə müraciət edərkən yenə də məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri ilə bağlı qərardad çıxarıla bilər və atanın uşaq ilə ünsiyyəti təmin olunur. Burada, adətən, məhkəmələr müvəqqəti təminat tədbirini işin mahiyyəti üzrə həll etmir. Sadəcə, atanın övlad ilə ünsiyyətdən məhrum edilməsinin qarşısı alınır. Əsasən, atanın şənbə və bazar günləri uşaqla müəyyən saat daxilində ünsiyyətini məhkəmə qərardadı təmin edir".
Ekspert əlavə edib ki, iş məhkəmədə baxılıb yekunlaşanda da qətnamələrdə atanın uşaqla ünsiyyəti üçün həftənin bir günü müəyyən edilir:
"Müvəqqəti təminat tədbiri ilə qətnamənin fərqi odur ki, müvəqqəti təminat tədbiri zamanı iş mahiyyəti üzrə təmin olunmadığından məhkəmə məhdud vaxt ərzində atanın uşaq ilə müəyyən saatlar çərçivəsində görüşməsinə təminat yaradır. Məhkəmələr bir qayda olaraq vaxtı müəyyən edərkən uşağın yaşını nəzərə alırlar. Uşaq südəmər olduğu zaman məhkəmələr ananın iştirakı ilə uşağın ata ilə görüşünü təmin edirlər. Azyaşlı uşaq atanın yanında 1-2 saat qala bilmir. Uşaq 3-dən yuxarı yaş kateqoriyasındadırsa, ata ilə görüşün saatı yuxarı ola bilər. Xüsusilə 10 yaşdan yuxarı uşaqlarda bu qərar qəbul edilir, gecə ata ilə uşağın qalması praktikası da var. Uşağın yaşı nə qədər azdırsa, məhkəmələr görüş saatını da az edirlər. Məhkəmə qətnaməsi çıxanda isə iddiaçının verdiyi ərizədən asılı olaraq hakim uşaqlarla ünsiyyət zamanı bayram günlərini, uşağın özünün, atasının, nənənisinin ad gününü və ya hansısa əlamətdar günləri qətnamədə göstərməlidir. Çünki ad günü olduqda gün yarıya bölünür, uşaq valideynləri ilə balanslı vaxt keçirir. Yaxud da ad günündən sonrakı gün uşaq digər valideyni ilə vaxt keçirir. Kişilər bu mərhələdə sərbli olmalı, provokasiyaya getməməli, qanunun tələblərinə uyğun olaraq addım atmalıdırlar. Müvəqqəti təminat tədbiri ilə bağlı problem varsa, ana uşağı gətirmirsə, ataya göstərmirsə, praktikada icra məmurları hər iki valideyni icra şöbəsinə dəvət edib orada atanın uşağı görməsinə şərait yarada bilirlər".
Hüquqşünas vurğulayıb ki, valideynlər normal qaydada ayrılırlarsa, ünsiyyəti sonradan bərpa edirlərsə, şərt deyil ki, məhkəmə qətnaməsi yazılan müddətdə ata ilə uşaq görüşsün:
"Ana özü deyə bilər ki, daha çox müddət uşaq ata ilə qalsın. Sadəcə, ən çıxılmaz vəziyyətlərdə ata müvəqqəti təminat tədbiri çıxarmaq üçün məhkəməyə müraciət etməlidir. Yaxud da məhkəmədə uşaqla ünsiyyət ilə bağlı iddia qaldırıb məhkəmə qətnaməsinin çıxarılmasına nail olmalıdır.
Bunu da qeyd edim ki, məhkəmə praktikasında səhvlərə də yol verilir. Hakimlər bəzi hallarda uşaqla ünsiyyətlə bağlı qətnamə çıxararkən uşağın yaş xüsusiyyətlərini, psixoloji vəziyyətini, hansı valideynə daha çox bağlı olmasını, onun inkişafında valideynin rolunun hansı dərəcə olduğunu düzgün qiymətləndirə bilmirlər. Bəzi hallarda görüş ilə bağlı həddən artıq qısa müddət müəyyən edilir. Bu vaxt müəyyən edilərkən yaşanılan ərazi, uşağın götürüldüyü, gedəcəyi və təhvil verəcəyi yerlər nəzərə alınmalıdır. Qısa müddətdə görüş təyin edilirsə, Bakının tıxacları fonunda ata uzaq ərazidə yaşayırsa, məcburdur ki, uşaq ilə çöldə görüşsün. Belə olan halda uşaq xəstələnə bilər və sair. Bu detalların hər biri nəzərə alınmalıdır. Standart 2 saat müəyyən etməklə problem qaydasına düşmür. Məhkəmələr hər işə baxarkən fərdi və yaradıcı yanaşmalıdırlar".
Psixoloq Nizami Orucov isə qeyd edib ki, hirsini, qəzəbini kişidən çıxmaq üçün bütün emosionallığından sui-istifadə edən qadınla mübarizə aparmaq yorucudur:
"Çünki bu prosesdə empatiya, anlayış, rasionallıq sıfır vəziyyətindədir. Uşağın bu yolda istifadəyə çevrilməsi həm uşağa, həm ataya xüsusi travmadır. Bu zaman ata hüquq yolu ilə məsələnin həllinə çalışmalıdır. Çünki əks halda situasiya xoşagəlməz nəticələrə səbəb ola və prosesin daha gec həllinə gətirib çıxara bilər. Paralel olaraq yaxşı olardı ki, bu zaman ərzində ata psixoloji dəstək almaqdan çəkinməsin. Çünki hər nə qədər özünü güclü hiss edərək addım atsa və çabalasa da, əslində, travmatik olan bu prosesdən sağlam psixologiya ilə çıxması üçün psixoloji dəstək gərəklidir".
Məhərrəm Əliyev
Chosen
24
50
oxu.az

10Sources