EN

2025-ci il üçün şok proqnozlar

Tramp 2.0 dolları “partladacaq”

Analitiklərin fikrincə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın əvvəlki hakimiyyət dövrü deqloballaşmaya zəmin yaratmışdısa, onun Ağ Evə qayıdışı ABŞ dolları üçün sarsıdıcı nəticələr doğuracaq.

ABŞ 2025-ci ildə büdcə kəsirini azaltmaq üçün idxala böyük rüsumlar qoyacaq. Bu da başqa ölkələrlə münasibətlərinin xarakterinə təsirsiz ötməyəcək. Kriptovalyuta bazarı dörd dəfə (təqribən 10 trilyon dollar həcmində) artacaq, dollar isə əsas valyutalara nisbətdə 20%, qızıla qarşı isə 30% ucuzlaşacaq.

“NVIDIA”nın kapitalı “Apple”ı ikiqat üstələyəcək

“Saxo Bank”ın qənaətinə görə, “NVIDIA” 2025-ci ildə innovativ “Blackwell” çipi sayəsində böyük nailiyyət qazanacaq. Sözügedən çip Süni İntellektin inkişafı baxımından əvəzsizdir. Belə ki, əvvəlki nəsillə müqayisədə istehlak olunan enerji vahidinə görə 25 dəfə daha çox Sİ hesablama performansına imkan yaradacaq. Nəticədə şirkətin kapitalı iki dəfə artacaq, Sİ üzrə “silahlanma yarışı”nda “Apple”ı ikiqat üstələyəcək.
NVIDIA-nın ümumi dəyəri 7 trilyon dollara çataraq, qlobal fond bazarının 10%-ni əhatələyəcək. Hər bir səhminin qiyməti isə 250 dolları ötəcək.
Bu səviyyədə artım bazarda NVIDIA-nın qazancına şübhə oyadacaq. Tənzimləyici orqanlar onun mümkün inhisarçılığı ilə əlaqədar yoxlama aparacaqlar, nəticədə, şirkətin nüfuzu sarsılacaq.

Çin 50 trilyon yuan ayıracaq

Çin hazırda xeyli borclanıb. Ölkənin korporativ borcu ÜDM-nin 150%-ni, yerli idarəetmə orqanlarının borcu isə 80%-ni ötür. Ev təsərrüfatları üzrə borcun həcmi digər ölkələrə nəzərən aşağıdır, ancaq əsas problem daşınmaz əmlak bazarı ilə əlaqədardır.


Çin bu çərçivədə vəziyyəti stabilləşdirmək üçün ölkədəki pul kütləsinə 50 trilyon yuan (təqribən 7 trilyon dollar) qatacaq. Məbləğ rəqəmsal yuan vasitəsilə birbaşa istehlakçılara ayrılacaq. Eyni zamanda, şirkətlər əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq naminə iş saatlarını azaltmağa təşviq ediləcək. Asudə vaxt istehlakın artmasına, yeni şirkətlərin qurulmasına, evlənməyə, uşaq dünyaya gətirməyə zəmin yaranacaq. Nəticədə yuan bütün dünyada nüfuz qazanacaq və əmtəə qiymətləri yüksələcək.

Uzunömürlülük yeni mərhələyə qədəm qoyacaq

Qabaqcıl 3D-bioçap texnologiyasının inkişafı hətta beyin və ürək kimi mürəkkəb orqanların tam işlək surətdə uğurlu “çap”ına gətirib çıxaracaq. Zədəli orqanların rahatlıqla yenilənməsi insan ömrünü artıracaq. Bu sahədə nailiyyətlər biotexnologiyaya, 3D-bioçapa tələbat oyadacaq. Bioçap üzrə startap şirkətlər yaxın gələcəkdə ictimai təklif həyata keçirəcəklər. Beləliklə, səhiyyə sənayesi ilə yanaşı insanların həyat şəraitinin yaxşılaşması iqtisadiyyata da müsbət təsir göstərəcək.

Elektrikləşmə bumu OPEC-i sıradan çıxaracaq

Elektromobillərin getdikcə yayğınlaşması nəticəsində 2025-ci ildə OPEC aktuallığını itirə bilər. 2025-ci ildə neft istehlakı pik nöqtəsinə çatıb, ardınca sürətlə enməyə başlayacaq. Hərçənd, neftin 2/3-nin hələ də benzin, yaxud dizel halında minik və yük maşınlarında istifadəsini nəzərə alsaq, bu yanacağa gələcək tələbatın dərəcəsi növbəti il müəyyənləşəcək.
OPEC-in ümumi nüfuzu ilə yanaşı barel hasilatına qoyduğu milyon dollarlıq məhdudiyyətlər də əhəmiyyətini itirəcək. Alyansın əksər üzvləri ixraca tələbatın azaldığını, OPEC-in fəaliyyətinin başa çatdığını anlayaraq, bazar payını doldurmaq üçün istehsalı maksimuma çatdıracaq. Nəticədə neftin qiyməti xeyli ucuzlaşacaq.

ABŞ Sİ üzrə məlumat mərkəzlərinə vergi qoyacaq

Nəhəng texnologiya şirkətləri yeni Sİ məlumat mərkəzlərində həddən artıq elektrik enerjisi işlədir. Şirkətlər gələcəkdə sabit, davamlı enerji mənbələri qurmaq üçün radikal addımlar atır. “Microsoft” Pensilvaniya ştatında yerləşən keçmiş “Tri-Mayl-Aylend” AES-dəki nüvə reaktorlarından birinin yenidən açılması üçün “Constellation Energy” şirkəti ilə müqavilə bağlayıb. “Google” və “Amazon” da Sİ məlumat mərkəzləri üçün kiçik modul nüvə reaktorları tikmək məqsədilə ABŞ-nin kommunal şirkətləri və digər təchizatçılarla təəccüblü müqavilələr bağlayırlar. Belə layihələrin yalnız 2030-cu ildən sonra reallaşması nəzərdə tutulur.

Adıçəkilən layihələrdə geniş həcmdə enerji istifadəsi fonunda 2025-ci ildə ABŞ-nin böyük şəhərlərində elektrik qiymətləri artacaq. Kəskin qiymət artımı əhali arasında ciddi narazılıqlar doğuracaq. Bəzi ştatlar öz seçicilərini qorumaq naminə şirkətlərə ağır vergilər, hətta cərimələr tətbiq edəcəklər. Belə vergilər enerji yükünü tarazlamaq üçün yeni günəş, eləcə də qaz elektrik stansiyasına investisiya ayırmağa təkan verir.
Qiymət artımı ABŞ-də inflasiya dalğasına gətirib çıxaracaq. Enerji infrastrukturuna investisiya bumu meydana gələcək ki “Fluor” kimi şirkətlərin nüfuzu, əməkdaşlıq sahəsi genişlənəcək.

İlk dəfə böyük sığorta şirkəti təbii fəlakət hesabına müflis olacaq

İqlim dəyişikliyi Yer kürəsində su dövranını intensivləşdirib. Atmosferin istiləşdikcə daha çox nəm saxlaması son illər yağıntıların miqdarını kəskin artırıb.
2025-ci ildə ABŞ-də baş verəsi qasırğa 2005-ci ildə “Katrina”nın törətdiyi 40 milyard dollar ziyanı qat-qat üstələyəcək. Ölkənin ən böyük sığortaçılarından birinin iqlim dəyişikliyindən sığorta risklərini səhv qiymətləndirməsi onun təsirə məruz qalmış regionda nüfuzunu itirməsinə gətirib çıxaracaq. Sığorta məbləğləri ilə yanaşı maddi təzminatı ödəməyə vəsait tapmayacağı üçün iflasla üzləşəcək.

Funt avro qarşısında güclənəcək

Avropanın iqtisadi çətinliklərlə boğuşması fonunda Britaniyada yeni hökumət 2025-ci il üzrə büdcə prioritetlərini açıqlayacaq. İqtisadi artıma xüsusilə zərbə vuran gəlir vergisi faizləri aradan qaldırılacaq, az məhsuldar dövlət sektoru xərcləri azaldılacaq. Pensiyaçılara qışda yanacaq yardımı kimi subsidiyalar ixtisara salınacaq, daşınmaz əmlak və istehsal sahələrinə investisiya qoyulmasına təkan vermək məqsədilə tədbirlər görüləcək, dövlət sektoru işçilərinin maaşı artırılacaq. İngiltərə Bankının payı digər qlobal bankları üstələyəcək.

2025-ci ildə funt sterlinq avroya qarşı “Brexit” referendumundan əvvəlki dəyərinə – 1,27 avroya yüksələcək. O vaxtdan bəri ölkə iqtisadiyyatına dəymişbüün itkilər aradan qalxacaq.

Firudin Həmidli
AzVision.az
Chosen
25
1
azvision.az

2Sources