EN

“Qarabağ” bunlardan nəticə çıxarsın və daha da yaxşı hazırlaşsın" - pley-off ümidi haqda

“Qarabağ”ın İsveçdəki o qədər də gözlənilməyən məğlubiyyəti futbol ictimaiyyətini çox dərin məyusluğa qərq etdi.

Avropa Liqasının əsas mərhələsinin püşkü atılarkən 3 al mənbəyi kimi baxdığımız “Elfsborq” da ağdamlıları evə əliboş yola saldı. Halbuki mümkün qələbə komandanın turnir perspektivlərinə daha nikbin baxmağa sövq edəcəkdi, FKSB və “Olimpiakos” ilə oyunlar üçün xəyallar quracaqdıq.

Təəssüf ki, heç nə alınmadı. 6 turdan sonra cəmi 3 xalı olan, -10 top fərqi ilə 33-cü pillədə qərarlaşan ağdamlılar yalnız möcüzə sayəsində pley-offa adlaya bilər. Artıq heç kimə sirr deyil ki, builki “Qarabağ” ötən mövsümdəki obrazının miskin kölgəsini xatırladır. Qurban Qurbanov hər nə qədər futbolçularına təşəkkür etsə də, indi onlar əvvəlki formasından çox uzaqdı. Futbolçularda nə ruh var, nə enerji, nə də əzmkarlıq. Çox uzaq tarixdə yox, elə bu ilin fevralında-martında, elə bu oyunçular xarüqələr yaradırdı. Ötən müddətdə əslində heyətdə hansısa köklü dəyişikliklər də olmayıb.

Bəs onda “Qarabağ” cəmi 9 ay (“Bayer-04” ilə oyunlar martın 7-si və 14-də keçirilib – red.) ərzində niyə bu qədər geriləyib? Geriləmənin səbəbkarı kimdi? Cari mövsüm üçün Avropa Liqası ümidlərimiz bitdimi?

“Futbol+”in bu suallarını yığmanın sabiq məşqçisi Arif Əsədov cavabladı:

“Mövsüm bitdi demək olmaz. Hələ də “Qarabağ”ın şansı var. İki oyunda maksimum nəticə göstərməklə 9 xalla da pley-offda oynamaq olar. Çünki “Qarabağ”dan öndə qərarlaşan komandaların da xalı çox deyil. O baxımdan şans var, ümid edək ki, Ağdam təmsilçisi bundan maksimum yararlanacaq. Belə məqamda günahkar axtarmaq lazım deyil. Əksinə, biz məsələyə başqa cür yanaşmalıyıq. Bu gün çempionatımızın səviyyəsini, ümumi durumu nəzərə almalıyıq. “Qarabağ” uzun illərdi qrup mərhələlərində bizi təmsil edir. Bugünkü rəqiblər də olduqca güclüdü. “Köhlən atlar” yeni formatda çıxış etdi ki, buna öyrəşməmişdi. Ona görə də “Qarabağ”ın o cür komandaların arasında oynaması bizdə qürur hissi doğurmalıdı. Təbii ki, hər komandada eniş dövrü olur. Ola bilsin, Ağdam klubu da eniş dövrü yaşayır. Amma hər enişdən sonra da yüksəliş olur. Arzulayaq ki, növbəti illərdə “Qarabağ” bunlardan nəticə çıxarsın və daha da yaxşı hazırlaşsın. Belə eniş dünyanın bir çox klubunda yaşanır. Elə “Mançestr Siti”ni götürək. Dünya klub futbolunda ilk sıralarda qərarlaşan, Qvardiola kimi çalışdırıcısı olan komanda hazırda eniş yaşayır. Artıq 8-9 oyundu qələbə qazana bilmir. Bu kimi hallar olur. Biz “Qarabağ”ın “Bayer-04” və “Braqa” ilə oyunlarını düşünüb belə qənaətə gəlirik. Amma “Qarabağ”ın Avropa Liqasındakı çıxışı, məncə, ölkə futbolu üçün uğurdu. İnanaq ki, komanda növbəti illərdə heyətini gücləndirərək daha yaxşı formada olacaq. Görürsüz ki, hansısa futbolçunun zədəyə görə olmaması mənfi təsir edir. O baxımdan bu cür yarışlarda iştirak etmək üçün balanslı heyət lazımdı ki, həm çempionat, kubok, həm də Avropa Liqası oyunlarında performansı qoruyub saxlayasan. Bütün bunlara pozitiv yanaşmağa çalışaq “Qarabağ”ın hələ şansı var və bundan maksimum yararlanacaq. Növbəti mərhələyə  çıxmasa da, bundan düzgün nəticə çıxarıb daha da güclənəcək”.

RÖYANƏ OĞUZ
Chosen
45
football-plus.az

1Sources