EN

Ukrayna üçün təhlükəli MƏRHƏLƏ - Ruslar cəmi 1.5 km aralıdadır

Rusiya qüvvələri Ukraynanın Pokrovsk şəhərindən cəmi 1,5 km məsafədədir.

Turkustan.az-ın məlumatına görə, bu barədə rusiyalı hərbi blogerlər bildirib.

Onlar iddia edir ki, Rusiya xüsusi təyinatlılarının bəzi qrupları hətta şəhərdə avtomobil və dəmir yolu mərkəzinə daxil olub.

Rusiya sürətlə irəliləyir...

Açıq mənbə xəritələrinə görə, Rusiya Ukraynanın böyük bir hissəsinə nəzarət edir və 2022-ci ildə başlayan müharibənin ilk günlərindən bəri ən sürətli templə irəliləyir.

Rusiyanın əsas diqqəti Ukraynanın şərqindəki Donetsk bölgəsindədir. Moskva burada ərazinin 60%-nə nəzarət edir.

Məşhur Ukrayna əsilli, rusiyayönlü hərbi bloqçu Yuri Podolyaka bildirib ki, Rusiya qüvvələri hazırda Pokrovskdan cəmi 1,5 km aralıdadır.

Podolyaka Rusiyanın kəşfiyyat-təxribat qruplarının, cəbhəyə nüfuz edən kiçik xüsusi təyinatlı birləşmələrin artıq şəhərdə olduğunu söyləyib.

Boris Rojin kimi digər rusiyalı müharibə bloggerləri də oxşar şərhlər verib.

Ukraynanın hərbi komandanlığı şənbə günü bildirib ki, rus qoşunları Pokrovsk ətrafındakı kəndlərdə yorucu döyüşlərdən sonra taktiki mövqelərini yaxşılaşdırıb və Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib.

Gündəlik hesabatında Ukrayna hərbçiləri son 24 saat ərzində Pokrovsk yaxınlığında ümumilikdə 62 toqquşma olduğunu bildiriblər.

Ukrayna rəsmiləri deyir ki, aylardır davamlı atəşə məruz qalan və bütün kritik infrastrukturun - elektrik enerjisi, su və qaz təchizatının məhv edildiyi Pokrovskda hələ də 11 minə yaxın insan qalmaqdadır.

Belousov da Ukraynadadır

Ötən həftə Rusiyanın müdafiə naziri Andrey Belousov Pokrovskdan təxminən 35 km cənubda, strateji əhəmiyyətli Kuraxove şəhərinin cənubunda döyüşən Rusiya qüvvələrinin Şərq Qrupuna baş çəkib.

General-leytenant Andrey İvanayev bildirib ki, Şərq Qruplaşması son bir ay ərzində Ukraynada 300 kv km ərazini ələ keçirib.

Ukrayna komandiri dəyişir

Ukraynanın hərbi rəhbərliyi Rusiya qüvvələrinin sürətlə irəlilədiyi şərq Donetsk bölgəsində müdafiəyə nəzarət edən komandiri dəyişib.

Baş Qərargah rəsmisi bildirib ki, 54 yaşlı general Oleksandr Tarnavski general Aleksandr Lutsenkonu əvəz edərək Donetsk əməliyyat-taktiki qrupunun rəhbəri təyin edilib.

Lutsenko ukraynalı hərbi bloggerlər və bəzi deputatlar tərəfindən Pokrovsk şəhərinə amansız hücumu dayandıra bilmədiyi üçün tənqid edilib.

Pokrovsk niyə önəmlidir?

Pokrovsk bir neçə mühüm yol və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Donetsk vilayətinin inzibati sərhədindən cəmi 20 kilometr aralıdadır.

Müşahidəçilər qeyd edir ki, mühüm logistika mərkəzi olan Pokrovskın süqutu Ukraynanın son aylar ərzində ən böyük hərbi itkilərindən biri olacaq.

Rusiya Pokrovski şəhərini tam ələ keçirməyi hədəfləyir. Bu şəhərin ələ keçirilməsi Moskvaya şərq cəbhəsi boyunca Ukraynanın təchizat xətlərinə maneə yaratmağa və daha geniş əraziyə nəzarət üçün uyğun hesab edilən Çasiv Yar şəhərinə hücumunu gücləndirməyə kömək edə bilər.

Ekspertlər deyir ki, Rusiya qüvvələrinin irəliləməsi və Ukraynanın ABŞ istehsalı ATACMS raketlərindən istifadə etməsi fonunda iki ölkə arasında müharibə ən təhlükəli mərhələyə daxil olur./modern.az/

Chosen
9
50
turkustan.az

10Sources