EN

Zəngəzur məsələsində Ermənistan İrana bel bağlayır - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın anti-Rusiya siyasəti hərbi, siyasi müstəvidə davam etsə də, istisadi müstəvidə bunun əksini görürük”.

Bu fikirləri hafta.az-a politoloq Asif Nərimanlı deyib.  Onun fikrincə, bu, Ermənistanın hərbi, siyasi alternativləri olsa da, iqtisadi alternativinin olmaması ilə bağlıdır.

“Ermənistan KTMT-dən uzaqlaşır. Çünki Qərb, Avropa Ermənistanı silahlandırır, hərbi inkişafına maliyyə ayırır.  Amma Ermənistanın indiki zamanda, istəsə belə iqtisadi cəhətdən Rusiyadan uzaqlaşması mümkün deyil. Ona görə də Avrasiya İqtisadi İttifaqında yer almağı və iclaslarında aktiv iştirakı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Birincisi ona görə ki, Ermənistan Rusiyanın iqtisadi bazarından böyük ölçüdə asılı vəziyyətdədir.  Digər tərəfdən Avrasiya İqtisadi İttifaqında yer alan ölkələr daha çox Rusiyanın liderliyi altında iştirak edir və Ermənistanın KTMT-dən imtinası bu ölkəyə qarşı Aİİ-də yer alan ölkələr tərəfindən də əksmövqe sərgiləməsinə imkan yarada bilər.  Çünki bu İttifaqda yer alan ölkələrin bazarı Ermənistan üçün çıxış yoludur”.

Politoloq hesab edir ki, Rusiya-Ermənistan “sevgisi”ndə digər  bir məqam Aİİ-nin İranı da özünün çevrəsinə alması ilə bağlıdır. Onun sözlərinə görə, İranın artıq ittifaqda müşahidəçi kimi iştirak etməsi  gündəmdədir. 

“Regionda İran Ermənistan üçün regional kontekstdə hərbi, siyasi müttəfiq kimi görünür. Qərbdən Ermənistana dəstək verilsə də, regional oyunçular var. Regional oyunçuların hamısının Ermənistana qarşı olması rəsmi İrəvanın əlini zəiflədir. Bu baxımdan, İran faktoru region oyunçuları arasında balansın qorunması, həm də Ermənistanın bir dəstəkçisinin olması deməkdir. Zəngəzur məsələsində Ermənistan İrana bel bağlayır. Ermənistan Aİİ ilə münasibətlərə, həm də İranla münasibətlər kontekstində baxır. Ona görə də biz bundan sonra da Ermənistanın Rusiya ilə atışmasını, yaxud da əl sıxmasını görəcəyik”.

A.Nərimanlı qeyd edib ki, Rusiya ilə Ermənistan arasında anlaşılmayan məqamlar olsa da, qarşıdurma daha çox ritorik müstəvidədir.

“Bu, Ermənistan tərəfinin özünü Qərbə yaxşı qiymətə satması ilə bağlıdır. Ermənistan Rusiyaya qarşı mövqe sərgiləyib, Qərbdən daha çox dəstək almağa çalışır. Rusiya isə Ukrayna məsələsinə görə Ermənistanın mərkəzdən qaçmasına daha ehtiyatla yanaşır.  Rusiya üçün qırmızı xətt 102-ci bazanın bölgədən çıxarılmasıdır. Bu çıxarılmadığı təqdirdə Ermənistana müəyyən güzəştlər edir. Bütün bunlar hər iki tərəf üçün iqtisadi platforma yaradır. Ona görə də iki-üç il öncə Ermənistan Rusiya arasında ticarət dövriyyəsi 2 milyard civarında idisə, indi 16 milyarda çatdırılmasından danışılır. Görünən odur ki, nə qədər qarşıdurma olsa da, Ermənistanla Rusiyanın bir-birinə möhtac olduqları məqamlar var”.

Chosen
30
50
hafta.az

10Sources