EN

Böyük Britaniya naziri “Həyat Təhrir əş-Şam”la diplomatik əlaqələrin qurulduğunu təsdiqlədi

  Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkənin nəzarətini ələ keçirən “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqələrin qurulduğunu təsdiqləyib.

  HTŞ hələ də Britaniyada terror təşkilatı kimi tanınsa da, Böyük Britaniya zəruri hal səbəbindən diplomatik və kəşfiyyat kanalları vasitəsilə qruplaşma ilə əlaqə saxlayıb.

  Devid Lemmi bu barədə açıqlama verərək Suriyada təmsilçi və inklüziv bir hökumət görmək istədiklərini deyib: “Kimyəvi silah anbarlarının təhlükəsizliyini təmin etmək və onların istifadəsinin qarşısını almaq, eləcə də davam edən zorakılığın sona çatmasını təmin etmək niyyətindəyik. Bütün bu səbəblərə görə mövcud olan bütün kanallardan istifadə edərək, yəni diplomatik və əlbəttə ki, kəşfiyyat yönümlü kanallardan istifadə edərək, HTŞ ilə zəruri hallarda əlaqə qurmağa çalışırıq”,- deyə nazir bildirib.

  Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken dekabrın 13-də ABŞ-ın HTŞ ilə birbaşa əlaqə qurduğunu bəyan etmişdi.

  Bunu da deyək ki, Böyük Britaniya keçən həftə prezident Bəşər Əsədin devrilməsindən sonra həssas vəziyyətdə olan suriyalılara dəstək məqsədilə 50 milyon funt-sterlinq (təxminən 63 milyon dollar) dəyərində yardım paketi açıqlayıb. Bu barədə ölkənin xarici işlər naziri Devid Lemmi məlumat verib. Paketin 30 milyon funt-sterlinqi ərzaq, sığınacaq, təcili tibbi yardım və ən həssas qrupların qorunması da daxil olmaqla, bir milyondan çox insana dərhal yardım göstərmək üçün nəzərdə tutulub.

  Suriyalı qaçqınlara dəstək məqsədilə qonşu ölkələr Livan və İordaniyada da tədbirlər planlaşdırılıb. Dünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə hər iki ölkədə suriyalı qaçqınlara yardım üçün 20 milyon funt-sterlinq ayrılacaq.



Chosen
26
2
trt.net.tr

3Sources