EN

Media savadlılığı: Perspektivlər və gözləntilər

Müasir dövrün informasiya bolluğu içərisində doğru və etibarlı xəbərə çatmaq artıq əvvəlkindən daha çətin bir missiyaya çevrilib. İnformasiyanın sürətli yayılması insanların məlumatlanmasına xidmət etsə də, bəzən bu axının içində yanlış məlumatların həqiqət kimi təqdim olunması cəmiyyət üçün ciddi problemlər yaradır.

Xüsusilə, sosial şəbəkələrdə sürətlə yayılan dezinformasiyalar insanları çaşdırır və ictimai sabitliyi pozmağa yönəlmiş məqsədyönlü alətə çevrilir. Belə bir şəraitdə medianın və cəmiyyətin üzərinə düşən məsuliyyətlər daha da artmaqdadır.

Yenicag.az-la söhbətində Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk də təsdiqləyib ki, hansısa bir informasiya cəmiyyətə ötürülməzdən əvvəl onun dəqiq yoxlanılması ən vacib şərtlərdən biridir:

“Lakin günümüzdə baş verən reallıqlar tamam başqa şərtləri diktə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, bəzən bu axına çatmaq mümkünsüz olur. Təəssüf ki, yaşadığımız dünyada dezinformasiyanın qarşısını tamamilə almaq mümkün deyil. Xüsusilə, bu prosesdə sosial şəbəkələr əsas aktor rolunu oynayır. Dəqiqləşdirilməmiş və əsassız məlumatlar sosial platformalar vasitəsilə sürətlə yayılır və bəzən bu yanlış məlumatlar mətbuatda da öz əksini tapır. İstər siyasi, istərsə də iqtisadi-sosial mövzularda belə hallara tez-tez rast gəlirik. Bəzi hallarda məqsədyönlü şəkildə yayılan yanlış informasiyalar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır”.

Mütəxəssis əmindir ki, çox vaxt insanlar bu məlumatların mənbəyini aydınlaşdırmaqda maraqlı olmur və yanlış informasiyaları doğru qəbul edirlər:

“Bu cür manipulyasiyaların əsas məqsədi cəmiyyəti nəzarət altında saxlamaqdır. Belə bir vəziyyətdə media nümayəndələri daha diqqətli və məsuliyyətli olmalıdır. Zəif cəmiyyətləri təsir altına almaq üçün istifadə olunan dezinformasiyalar bu gün həm yerli, həm də qlobal səviyyədə ciddi təhlükə yaradır”.

Rafi Müslümov

Chosen
9
yenicag.az

1Sources