EN

Kallas Gürcüstandan danışdı: "29 dekabra qədər çox şey baş verə bilər"

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Kaya Kallas Gürcüstanda yeni təsdiqlənmiş prezident, keçmiş futbolçu Mixeil Kavelaşvili haqqında fikir bildirməkdən çəkinib.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında verdiyi ilk bəyanatında.

Kallasa yeni prezident seçkilərindən sonra hazırkı prezident Salome Zurabişvilini dəstəkləyib-dəstəkləmədiyini soruşublar.  

"Prezident seçkilərinə gəlincə, indiki prezident hələ 29 dekabra qədər vəzifəsini icra edir. Bu müddət ərzində isə çox şey baş verə bilər", deyə o qeyd edib.  

Kallas nazirlərin Gürcüstandakı vəziyyəti və etirazları basdırmaqda iştirak edən rejim nümayəndələrinə qarşı mümkün sanksiyaları müzakirə edəcəyini bildirib:  

"Biz bu mövzunu müzakirə etmişik və əlbəttə, biz - 27 demokratiya - fərqli fikirlərə malikik, buna görə də bu proses zaman tələb edir. Amma bəli, müxalifətə qarşı güc tətbiq edən şəxslərin sanksiya siyahısını təklif etmişik. Bundan əlavə, viza rejiminin məhdudlaşdırılması məsələsinə də toxunacağıq – elə ölkələr var ki, Avropa Komissiyasından bu yöndə təklif irəli sürməsini istəyir", deyə o deyib.  

Qeyd edək ki, bundan əvvəl Niderland açıq şəkildə Gürcüstanda etirazların yatırılması fonunda viza rejiminin məhdudlaşdırılmasını təklif etmişdi.  

Xatırladaq ki, 14 dekabrda Gürcüstanda prezident seçkiləri keçirilib. Bu seçkilər ilk dəfə olaraq birbaşa xalq səsverməsi ilə deyil, hakimiyyət partiyası tərəfindən irəli sürülmüş yeganə namizəd, keçmiş futbolçu Mixeil Kavelaşvilinin təsdiqi ilə həyata keçirilib. Mövcud prezident Salome Zurabişvili isə seçkini qeyri-legitim hesab edir və onun nəticələrini tanımır.  

Alpər

Chosen
19
qaynarinfo.az

1Sources