EN

Bu ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb

 

Bu ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42 faizini təşkil edir.

Missiya.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib:

"2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub. Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb.

Sözügedən kateqoriya üzrə bir pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir".

Z.Əliyev əlavə edib ki, sığortahaqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175,7 milyon manat, özəl tibb müəssisələrinə isə 60,3 milyon manat vəsait ödənilib:

"Eyni zamanda dövlət tibb müəssisələrinə müraciətlərin sayı 3.8 milyonu, özəl tibb müəssisələrinə müraciət isə 208 mini keçib. Bu göstəricilər sığorta sisteminin maliyyə dayanıqlığını və tibbi xidmətlərə əlçatanlığın daha da gücləndiyini göstərir".

Chosen
16
6
missiya.az

10Sources