EN

Sərhəddimizdəki Aİ -in qərargahı "ziyarətgah"a dönüb: Bu dəfə Hollandiyalı səfir

Son bir ayda Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının durduğu ərazi əməlli-başlı “ziyarətgah”a çevrilib.

Adalet.az
xəbər verir ki, bu dəfə “ziyarətgah”ın qonağı Niderland səfiri Marike Monroy Vinter olub. O, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının ofisində olub.
Məlumat missiyanın "X" sosial şəbəkə səhifəndə paylaşılıb:“Niderlandın Ermənistandakı səfiri Marike Monroy Vinteri Aİ missiyasının ofisində qəbul etmək şərəfdir. Səfir missiyanın yerlərdə fəaliyyəti ilə bağlı məlumatlandırılıb, Niderland heyəti ilə görüşüb və Xaçık kəndi ərazisində patrul xidmətinə qoşulub”.

Daha çox hərbi xarakter daşıy 209 nəfərdən ibarət Aİ missiyasında 7 hollandiyalı nümayəndə çalışır.

 Yeri gəlmişkən, missiyanın rəhbəri kimi 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterin təyin edilməsi də təəccüb doğuracaq məqamlardandır. Ritterin “əmək fəaliyyəti” isə onun polisdən çox hərbçiyə bənzədiyini göstərir: o, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.

Amma almanın təyinatı faktı Berlin və Parisin razılaşdırılmış oyununun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Halbuki Fransa nümayəndəsi Şarl Fris Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratorudur. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır.

Qeyd edək ki, Niderlandın (Hollandiya) belə münasibəti bizi təəccübləndirmədi. Çünki, Hollandiya saxta erməni soyqırımını tanıyan öncüllərdən olub.

21 dekabr 2004-də qərar verdi ki, Türkiyə erməniləri soyqırım edib. Bu qərarının Türkiyəyə bir isti-soyuqluğunun olmadığını düşünən Hollandiya parlamenti 2018-ci ildə növbəti dəfə saxta soyqırım məsələsini müzakirəyə çıxartdı və parlament həmin hadisələri "erməni soyqırımı" kimi tanıdı.

Xatırladaq ki, dekabrın 9-da Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Aİ missiyasının baş qərargahında olub. Dekotini Azərbaycanla həmsərhəd bölgəyə dəfələrlə gəlib və Aİ missiyasına öz dövləti adından dəstəyini nümayiş etdirib.

Bundan əvvəl isə -noyabrın 26-da Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi Qərbin əraziyə axınını göstərdi. Bununla Qərb demək istəyir ki, Aİ missiyasını orda saxlamaqda maraqlıdır.


Əntiqə Rəşid

Chosen
15
adalet.az

1Sources