“İcbari tibbi sığorta haqqında məlumatlılıq 100 faizə yaxındır, Xidmətlər Zərfi üzrə isə 47 faiz təşkil edir”.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələrini də açıqlayıb: “2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub. Sorğuda 25 min 87 nəfər iştirak edib.
Nəticələrə əsasən, ölkə əhalisinin 100 faizə yaxını icbari tibbi sığorta haqqında, 47 faizi isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir.
İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25 faiz, cüzi azalma bildirənlərin payı isə 40 faizdir. Ümumilikdə respondentlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər.
Respondentlərin 75 faizi özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20 faizə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir”.