EN

Doktorantura, dissertantura və adyunktura təhsilində iddiaçıların xarici dillər imtahanının nəticələri açıqlanıb

Bakı, 17 dekabr, AZƏRTAC

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər dekabrın 18-i saat 10:00-dan dekabrın 19-u saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Müraciətlərə baxılması üçün DİM dekabrın 20-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, DİM dekabrın 1-də xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 2-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirib. Dekabrın 4-də isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

Chosen
33
1
azertag.az

2Sources