EN

Ukrayna ÇIXILMAZ DURUMDA – Sülh danışıqları Zelenskinin SONUNU GƏTİRƏCƏK?

Ukrayna-Rusiya müharibəsində vəziyyət yenidən Rusiyanın lehinə dəyişib. Hətta Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində əsaslı dönüşün baş verdiyini söyləyib.

Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya döyüş bölgəsində strateji təşəbbüsü tamamilə ələ keçirib:

“Bizim döyüş fəaliyyətimiz rəqibin strateji təşəbbüsünün tamamilə dayandırılmasıdır”.

O, həmçinin əlavə edib ki, Rusiya 2024-cü ildə 189 yaşayış məntəqəsini nəzarətə götürüb.

Rusiyanın növbəti hərbi uğurları təbii ki, rəsmi Kiyevi dalana dirəyib.

Üstəlik, Qərb də əvvəlki kimi Ukraynaya hərbi və maliyyə dəstəyi vermir. Ona görə də 2025-ci ilin əvvəllərində Rusiya-Ukrayna münaqişəsində mühüm hadisələrin baş verəcəyi gözlənilir.

Hadisələrin inkişfını proqnozlaşdıran Rusiya prezidenti Vladimir Putin hesab edir ki, indiki Kiyev hökuməti nəticədə xaricə qaçacaq. O, bu barədə dekabrın 16-da Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı çıxışında Ukrayna dövlətçiliyinin itirilməsinin əlamətlərindən və bu ölkədə səfərbərlik yaşının aşağı salınmasından danışıb. O qeyd edib ki, Kiyev hakimiyyəti Ukrayna xalqının maraqlarını qorumur və bu gün proseslər artıq göz qabağındadır.

"Kiyev hakimiyyətinin həmin fiqurları müəyyən pərdə altında xaricə qaçacaqlar".

O, həmçinin xatırladıb ki, Ukraynanın bəzi siyasi fiqurları artıq xaricə qaçıb və “Ukrayna xalqından pul oğurladıqları üçün özlərini yaxşı hiss edirlər”.

Ukraynaya edilən yardımlar ünvanına çatmır?


Nəzərə alaq ki, son 3 ildə Ukraynaya edilən hərbi və maliyyə yardımları barədə müxtəlif informasiyalar yayılır. Yardımların mənimsənilməsi haqqında da bir sıra iddialar var.

Bir müddət əvvəl "Deutsche Welle" nəşri yazırdı ki, Ukraynaya ayrılan yardımların auditi aparılmır:

“Ukraynaya yardım adıyla qlobal dünyada çox çirkin maliyyə fırıldaqları aparılır”. 

Təsadüfi deyil ki, bir müddət əvvəl ABŞ-ın Respublikaçılar Partiyası Bayden Adminstrasiyasından 2023-cü ildə Dövlət Büdcəsindən Ukraynaya yardım adı ilə xərclənən  milyardların hesabatını tələb edib.  Respublikaçılar iddia edir ki, vəsaitin xərclənməsində şəffaflıq prinsipi pozulub.

Ukrayna hər şeydən əlini üzüb?

Hadisələrin inkişafı göstərir ki, növbəti qış döyüşlərində Rusiya daha böyük uğurlara imza atacaq. Məlum olduğu kimi qarlı-şaxtalı havalarda ruslar daha yaxşı döyüşür. Ötən 2 qışda rusların qazandığı hərbi uğurlar bunun sübutudur.

Volodimir Zelenski də etiraf edib ki, Ukrayna ordusu itirilmiş əraziləri geri qaytara bilməyəcək:

“Ordumuzun buna gücü çatmır. Bu doğrudur”.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin “çətin dövrü” başlayıb. Ukrayna lideri bir məsələnin də anonsunu verib:


“Rusiya yanvarın 20-dək Kursk bölgəsində itirdiyi əraziləri geri qaytarmağa çalışır”.

O, həmçinin qeyd edib ki, Kiyev ərazilərlə bağlı məsələnin diplomatik həll yolunu axtarmalı olacaq.

Britaniyalı analitik Aleksandr Merkuris bu günlərdə sensasion sayılacaq bir məlumat paylaşıb. O bildirib ki, Rusiya ordusu Ukraynanın dörd “Patriot” hava hücumundan müdafiə sistemini məhv edib. Merkus bunun Ukrayna ordusu üçün sarsıdıcı zərbə olduğunu bildirib:


“Bu, Rusiyanın hava üstünlüyünü bir daha nümayiş etdirən dağıdıcı zərbə idi”.

Britaniyalı analitik onu da əlavə edib ki, Qərbin Kiyev rejimini təyyarələr, hava hücumundan müdafiə sistemləri və raketlərlə təmin etmək cəhdləri Ukrayna Silahlı Qüvvələrinə kömək etməyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyat zonasında “AN/MPQ-65” radiolokasiya stansiyasının və ABŞ istehsalı olan dörd “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusunun məhv  edildiyini açıqlamışdı” .

Gözlər Trampa dikilib.

Çarəsiz qalan rəsmi Kiyev son ümid kimi nəzərlərini Amerikaya dikib. Zelenski ümid edir ki, Tramp münaqişədə dönüş yarada bilər.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən həftə Parisdə Volodimir Zelenski və Emmanuel Makronla bir araya gəlib. Görüş zamanı Tramp deyib ki, Ukraynada dərhal atəşkəs əldə olunmalıdır. 35 dəqiqə söhbət edən hər üç lider sülhə dair konkret təfərrüatları müzakirə etməyiblər. Lakin Tramp dərhal atəşkəs və müharibəni tez bir zamanda dayandırmaq üçün danışıqların vacibliyini vurğulayıb”.

Bu görüşdən sonra ABŞ-ın yeni seçilmiş prezidenti “New York Post” qəzetinə açıqlamasında deyib ki, Ukrayna prezidenti sülh istəyir. Tramp Zelenski ilə münaqişəyə son qoymağın yollarını müzakirə etdiyini qeyd edib:


“O, atəşkəs istəyir. Barışmaq istəyir. Detalları müzakirə etmədik. O, vaxtın çatdığını düşünür və Putin də uduzduğuna görə vaxtın çatdığını düşünməlidir. Artıq Rusiya 700 min insan itirib. Sülh olmasa, bu itkilər bitməyəcək. Mən bu gülünc müharibəni necə bitirmək barədə konsepsiya hazırlayıram”.

Konsepsiyanın nədən ibarət olduğunu açıqlamasa da, daha əvvəl Ukraynanın gələcəyi ilə bağlı Tramp müəyyən fikirlər səsləndirib:

“Ukraynanın işğal altında olan ərazilərində bir dənə də olsun bina qalmayıb və insanlar o ərazilərə qayıtmayacaqlar”.


Onun fikrincə, dağıdılmış Ukrayna şəhərlərinin bərpası 100 il çəkə bilər.

Beləcə, dolayısı ilə Tramp işğal altında olan ərazilərin geri qaytarılmaması şərti ilə Rusiya ilə sülhə nail olacağına ümid edir. Bu isə Ukraynanın siyasi hakimiyyətinin sonu deməkdir. Bu həm də o deməkdir ki, 2025-ci ildə Rusiya-Ukrayna münaqişəsi ədalətli şəkildə həll olunmayacaq, sadəcə müvəqqəti də olsa, dondurulacaq.

Surxay Atakişiyev, Bizim.Media

 

Chosen
32
50
bizim.media

10Sources