EN

Suriyada kilidlənmiş DURUM: “Kompromis olmayacaqsa…”

“Kompromis olmayacaqsa, Suriyada vəziyyət gələcəkdə daha da dərinləşəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Suriyada baş verənlərdən sonra Rusiya-Ukrayna müharibəsi ətrafında gərginləşən diplomatik vəziyyətdən danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hazırda diplomatik cəbhədə kilidlənmə mövcuddur.

“Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə Suriyada baş verən hadisələr fonunda İsrail-HƏMAS və “Hizbullah” məsələsi arxa plana keçib. Sözügedən proseslər kontekstində yaranan böhran diplomatik müstəvidə kilidlənməyə səbəb olub. Yəni heç bir nəticə əldə etmək mümkün deyil”.

Analitik əmindir ki, Suriyada vəziyyət bəllidir və Əsəd rejiminin devrilməsi ilə yeni hökumət formalaşır:

“Nəticə etibarilə öz çıxarları naminə yaranan boşluqlardan istifadə etməyə çalışan qüvvələr var. Kifayət qədər qarışıq vəziyyət hökm sürür. Yeni hökumətin qarşısında həll olunmalı mühüm məsələlər mövcuddur. İlk olaraq, daxildə cəmiyyətin toparlanması, xaricdəki miqrantların yenidən ölkəyə qayıtması və iqtisadiyyatın dirçəldilməsi vacib amillərdir. Bunun üçün diplomatik əlaqələr qurulmalı, ordu quruculuğu həyata keçirilməlidir. Asanlıqla həll oluna biləcək proseslər deyil. Suriyada maraqlı olan qüvvələr səbəbindən işlərin qısa müddətdə yoluna girməsi ehtimallar arasında belə yoxdur. Kompromis olmayacaqsa, Suriyada vəziyyət gələcəkdə daha da dərinləşəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
17
yenicag.az

1Sources