EN

Suriyada post-Əsəd dövrü: Hər şey Türkiyədən asılıdır?

“Türkiyə Suriyanın yenidən qurulmasında aparıcı ölkə olacaq”.

Bunu Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin müəllimi Sultan Zahidov “Cebheinfo.az”-a şərhində Suriyada gələcək proseslər barədə fikirləri bölüşərkən bildirib.

Politoloqun sözlərinə görə, cəmiyyət post-Əsəd dövründə daxili münaqişələrin sona çatmasını və ölkənin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir:

“Birincisi, Suriyanın daxilində sabitlik, əmin-amanlıq və təhlükəsizlik təmin olunmalıdır. Bildirim ki, Suriyada fərqli entik və dini qruplar mövcuddur. İstər sünni ərəblər, istərə şiə və ələvilər, istərsə də kürtlər, hətta xristian icması Suriyanin bir parçasıdırlar. Bütün etnik və dini qruplar yeni Suriya rəhbərliyindən gözləntiləri olacaq. Suriyanın yeni hakimiyyəti onların hamısının təhlükəsizliyini təmin etməlidir.

Problem burasındadır ki, Suriyada etnik və dini qruplar müəyyən mənada regional və beynəlxalq güc mərkəzləri tərəfindən dəstəklənir. Məsələn, ABŞ kürd icmasını və YPG terror qruplaşmasını dəstəkləyir. İsrailin də Suriyada öz maraqları var.

Bu baxımdan, regionda sülh və sabitliyin təmin olunması üçün Suriyadakı etnik və dini qrupları bir çətir altında birləşdirmək lazımdır, o cümlədən regionda maraqları olan dövlətlər arasında münasibətlər normal olmalıdır”. 

Politoloq yeni Suriyanın iqtisadi vəziyyətinə də toxunub:

“Bu gün Suriyanın iqtisadiyyatı yenidən qurulmalıdır. 13 illk vətəndaş müharibəsindən əziyyət çəkən ölkənin yenidən dirçəlməsi, əlbəttə ki, mürəkkəb proses olacaq.

Hesab edirəm ki, həm daxildəki qüvvələr, həm də xarici donorların köməkliyi ilə Suriya bir dövlət olaraq yenidən qurulmalıdır.

Qeyd edim ki, Türkiyə bu prosesdə xüsusi rol oynaya bilər. 

Ümumiyyətlə, Suriyanın yeni qurulmasında aparıcı rol oynayacaq ölkə elə Türkiyənin özü olacaq. Türkiyə artıq bu istiqamətdə ABŞ və Ərəb ölkələri danışıqlar aparır”. 

Politoloq vurğulayıb ki, Suriyanın yeni dövlət sistemi BMT Təhlükəsizlik Şurasının 2254-cü qətnaməsinə uyğun nizamlanacaq:

“Həmin qətnamə yeni Suriya ilə bağlı yol xəritəsi təqdim edir. Bu xəritəyə görə, 18 aylıq müddətdə Suriyada inklusiv keçid hökumət qurulmalı, yeni konstitusiya layihəsi təqdim edilməli və yeni seçkilər təşkil olunmalıdır”. 

Suriyada İsrail-Türkiyə toqquşmasının ehtimalına gəlincə, S.Zahidov bu ehtimalın aşağı olduğunu bildirib:

“Düşünmürəm ki, yaxın gələcəkdə İsrail Suriyaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirəcək. Bəli, İsrail ordusu Suriyanın suverenliyini pozub. İsrail hərbi birləşmələri 1973-cü İsrail və Əsəd Suriya arasında imzalanan anlaşmanı pozaraq Qolan təpəliklərinin ətraf ərazilərini nəzarətə götürüb. 

Bundan başqa, İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra hərbi obyektlərini və silah-sursat anbarlarına raket zərbələri endirib.  

Təl-Əvivin bu addımları İsrail ilə yeni Suriya arasında münasibətləri çətinə sala bilər. Bu vəziyyətin qarşısının alınması üçün ABŞ, Türkiyə və digər güc mərkəzləri prosesə cəlb olunacaq. 

Çünki heç kəs yeni eskalasiyanın artmasında maraqlı deyil”. 

Chosen
13
cebheinfo.az

1Sources