EN

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunlarını açıqlayıb- HESABAT

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Fins.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı 2024-cü ilin yekunlarını təqdim edib.

O bildirib ki, vətəndaşlar göndəriş aldıqları halda istədikləri özəl xəstəxanaya müraciət edə bilərlər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə müraciətlərin sayı ötən illə müqayisədə 9 faiz artaraq 22 milyonu keçib.

"179 özəl tibb müəssisəsi ilə müqavilə mövcuddur. Xidmətlərin sayı ötən ilə nisbətən 20 faiz artaraq 76.8 milyona çatıb. Bu göstəricilər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının və tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyatların sayı 30 faiz, göndərişlərin sayı isə 12 faiz artaraq müvafiq olaraq 167 min və 304 mini keçib," - deyə sədr əlavə edib.

O, həmçinin qeyd edib ki, 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42 faizini təşkil edir.

"2023-cü ildə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub. Ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Bu kateqoriya üzrə bir pasiyentə düşən ödəniş 405 manat təşkil edib."

Agentlik sədri əlavə edib ki, 2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş edilib.

"Tibb müəssisələrinə müraciətlərin əksəriyyəti qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sistem xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, həmçinin tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub. Ümumilikdə əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib," - deyə o vurğulayıb.

Ambulator dərman təminatı

Zaur Əliyev bildirib ki, ambulator dərman təminatına 2025-ci ilin ikinci yarısından başlanılacaq. "Ambulator dərman vasitələrinin təminatına 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur."

Maliyyə davamlılığı və həkimlərin əməkhaqqı

Sədr səhiyyənin maliyyə davamlılığını təmin etmək məqsədilə maya dəyərinin hesablanması xidmətinin yaradıldığını qeyd edib. Həmçinin, həkimlərin əməkhaqqında əhəmiyyətli artım müşahidə olunub:

"2024-cü ildə travmatoloqların maaşı 3600 manat, ümumi cərrahların və mama-ginekoloqların maaşı 3300 manata yüksəlib. İcbari tibbi sığorta tətbiqindən sonra kiçik tibb heyətinin əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətinin maaşı isə 320 manatdan 540 manata qədər artıb."

Sosioloji sorğuların nəticələri

Agentlik sədri icbari tibbi sığorta ilə bağlı aparılan sorğuların nəticələrini də açıqlayıb:

  • İcbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsi 100 faizə yaxındır.
  • Xidmətlər Zərfi üzrə məlumatlılıq isə 47 faiz təşkil edir.
  • Əhalinin 59 faizi göstərilən tibbi xidmətlərdən məmnundur.
  • Sorğuda iştirak edənlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını bildirib.

Əlavə olaraq, respondentlərin 75 faizi özəl tibb müəssisələrinə birbaşa müraciət zamanı ödənişin bir hissəsini cibdən ödəməyə razı olduqlarını ifadə edib.

Fuad Mədətov
Fins.az

Chosen
30
fins.az

1Sources