EN

Ucarda 53 yaşlı kişi özündən 9 yaş böyük qohumunu öldürmək istədi

Ucar rayonunda 1971-ci il təvəllüdlü Maarif Xəlilov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Muxdər Rəsulovu öldürməyə cəhd edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 sentyabr 2022-ci ildə Ucar rayonunun Küçəkənd kəndi ərazisində baş verib. Maatif həmkəndlisi, 1962-ci il təvəllüdlü Muxdər ona toyda həddən artıq spirtli içki içdiyinə görə irad bildirməsindən sonra şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbiləşib. 

Maarif sərxoş vəziyyətdə qisas almaq niyyəti ilə Muxdəri öldürmək qərarına gəlib. O, həmin gün saat 18:30-da öz evindən bir ədəd cib bıçağı əldə edib və Muxdərin yaşadığı evinin həyətinə gəlib. Maarif həmin bıçaqla Muxdərə bir dəfə zərbə endirib.

Bu zaman Muxdər növbəti zərbədən yayınmaq istədikdə isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə ikinci dəfə sol kürəkaltı nahiyənə xəsarət yetirib. 

Hadisəni törədən Maarifin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Maarif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Muxdər onun həmkəndlisi olmaqla əvvəllər aralarında heç bir düşmənçilik və ədavətləri olmayıb: “28 sentyabr 2022-ci ildə yaşadığım Küçəkənd kəndində həmkəndlimiz Elşadın toy məclisində ailə üzvlərim ilə birlikdə iştirak etdim. Toyda spirtli içki olan araq da qəbul etdim. Kiçik oğlum Pərvindən başqa digər ailə üzvlərimi evə yola saldıqdan sonra təxminən 3-4 saat toyda əyləndim. Evə qayıtmaq üçün oğlum ilə birgə mağardan çıxımışdım. Toy mağarının yaxınlığında olan kanalın qırağında həmkəndlim Muxdər mənə çox içki içdiyimə görə irad bildirdiyinə görə aramızda yaranmış mübahisə zamanı onu nalayiq sözlərlə söydüm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əsəbiləşib Muxdərin üz nahiyəsindən əli ilə 2-3 dəfə vurub: “Həmin vaxt Muxdər də mənim üz nahiyəmdən 1-2 dəfə vurdu. Bizim mübahisəmiz təxminən 10 dəqiqə çəkdi. Dalaşdığımızı görən kiçik oğlum Pərvin bizi ayırmaq üçün oradan uzaqlaşdı və adamlara xəbər verməyə getdi. Əvvəlcə Muxdərin oğlum Rəhim, sonra xatırlamadığım insanlar gələrək bizi ayırdılar. Oğlum Pərvinlə birgə yaşadığım evə getdim, üst-başım bulaşdığından paltarımı dəyişdim. Həmin vaxt cibimdə ov bıçağı olan kamuflyaj olunmuş şalvarımı geyindim və həmin vaxt Muxdərin məni nalayiq sözlərlə təhqir etməsi yenidən yadıma düşdüyündən əsəbiləşdim. Evdən çıxaraq Muxdərin yaşadığı evə yollandım. Saat 18:30-da onlara çatdıqda qapını açdım, içəri girmək istədim. Bu zaman qapının ağzında olan Muxdər qəflətən ağacla mənim sol qolumdan və bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Dava zamanı özümü qorumaq məqsədilə cibimdə olan bıçaqla əvvəlcə Muxdərin kürək nahiyəsindən vurdum. Həmin vaxt özüm də əlimdən zədə aldım. Muxdər məni vurmağa davam edən zaman yenidən bir bıçaq zərbəsi ilə sonuncunun qarın nahiyəsindən vurdum. Əvvəlcə Muxdərin arvadı Aybəniz, sonra Muxdərin oğlu Rəhim oraya gələrək bizim dava-dalaşımıza mane oldu. Heç kim məni zorla həyətdən çıxartmayıb. Özüm könüllü olaraq hərəkətlərimə son qoyaraq oradan çıxmışam. Evə qayıdan zaman yolda Ülvi adlı həmkəndlim ilə rastlaşdım. Sonuncu avtomaşını ilə məni evə apardı. Muxdəri öldürmək niyyətim olmayıb. Sonuncu məni nalayiq ifadələr işlətdiyinə görə həmin məsləyə aydınlıq gətirmək məqsədilə Muxdərin həyətinə gedərkən sonuncu məni vurduğuna görə özümü müdafiə edərkən Muxdərə xəsarət yetirmişəm”.

İş üzrə zərərçəkmiş Muxdərin sözlərinə görə, 28 sentyabr 2022-ci ildə kənddə olan toy məclisindən çıxıb yaşadığı evə gəlib: “Bir müddət dincəldikdən sonra toy məhləsinə gedərkən həmkəndlim və qohumum olan Maarif mənə  tərəf gələrək heç bir səbəb olmadan məni vurdu. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı hər ikimizin oğlularımız bizi ayırdıqdan sonra evimə getdim. Təxminən yarım saat sonra həyətdə olduğum vaxt Maarif həyətdən içəri daxil olaraq mənə tərəf gəldi, məni bıçaqla vurdu. Bu zaman təndirin yaxınlığındakı yerdə olan ağacı götürərək bıçağı yerə salması üçün Maarifi vurdum. Bu zaman oğlum və arvadım oraya gələrək Maarifi məndən aralayaraq həyətdən çıxardılar”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Maarif 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan Maarif apellyasiya şikayəti verib. O, apellyasiya şikayətində özünü təqsirli bilməyib. O, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilib. Maarif əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib. 

Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Maarif Xəlilovun apellyasiya şikayəti təmin olunmayıb. 

Bu qərardan Maarif Xəlilov kasasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, kasasiya şikayəti təmin edilməyib. 

Fariz
Demokrat.az
Chosen
29
demokrat.az

1Sources