Ekologiya.az xəbər verir ki, Sakit Okeandakı Vanuatu yaxınlığında çərşənbə axşamı günorta saatlarında 7.3 bal gücündə güclü zəlzələ baş verib.
Zəlzələ nəticəsində ən azı 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və ölkənin paytaxtı Port-Vilada ciddi dağıntılar qeydə alınıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Port-Viladan təxminən 30 kilometr qərbdə, 57 kilometr dərinlikdə yerləşib. Güclü təkanlar nəticəsində binalar dağılıb, yollar zədələnib və enerji təchizatı sistemində fasilələr yaranıb. Zəlzələdən sonra bir neçə güclü afterşok da qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib və sahil bölgələrində yaşayan sakinlər təxliyə olunub. Lakin təxminən iki saat sonra sunami təhlükəsi aradan qalxdığı üçün xəbərdarlıq ləğv edilib.
Xilasetmə qrupları dağıntılar altında qalan insanları çıxarmaq üçün gecə boyu çalışıblar. Port-Vilada üç mərtəbəli bir binanın çökməsi nəticəsində bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir. Avstraliya və Yeni Zelandiya kimi qonşu ölkələr yardım təklif ediblər və bölgəyə tibbi və axtarış-xilasetmə qrupları göndəriblər.
Zəlzələ nəticəsində Port-Vilanın əsas xəstəxanası zədələnib və su təchizatı pozulub. Telekommunikasiya sistemlərində geniş miqyaslı fasilələr yaranıb, bu da rəsmi məlumatların əldə edilməsini çətinləşdirir. Hava limanına və dəniz limanına giriş yollarının zədələnməsi səbəbindən xilasetmə və yardım əməliyyatları çətinləşib.
Port-Vilada ABŞ, Böyük Britaniya, Fransa və Yeni Zelandiya səfirliklərinin yerləşdiyi binanın ciddi zədələndiyi bildirilir. Ən ciddi zərər çəkən ABŞ səfirliyi bütün işçilərin salamat olduğunu, lakin binanın növbəti xəbərdarlığa qədər bağlı qalacağını açıqlayıb.
Vanuatu, Sakit okeanın “Alov Halqası” adlanan seysmik cəhətdən aktiv zonasında yerləşdiyi üçün zəlzələlərə meyilli bir bölgədir. Hazırkı zəlzələ son illərdə ölkədə baş verən ən güclü təbii fəlakətlərdən biri hesab olunur.
Musavat.com New York Times -in yaydığı video görüntüləri paylaşır.
Xəbərin hazırlanmasında bu linkdən istifadə edilib: https://nyti.ms/49I8Afc