EN

“Səhliyalı”ya” Halal” sertifikatı verildi – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən “HALAL” sertifikatlaşma prosesini davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, proses çərçivəsində artıq 8 qida subyekti “HALAL” sertifikatı almaq üçün müraciət edib.

Həmin müraciətlər əsasında “Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilir.

AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim edilən sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu, o deməkdir ki, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir.

“HALAL” sertifikatın təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən www.afsi.gov.az veb-səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra institutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Yekunda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Həmin kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir.

Chosen
35
13
yenicag.az

10Sources