EN

"Generalın öldürülməsi Rusiya təhlükəsizliyindəki ciddi boşluqlardan xəbər verir" - Aqşin Kərimov

Xəbər verdiyimiz kimi, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və köməkçisi terror qurbanı olub. İlkin məlumatlara görə, partlayış skuterə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində meydana gəlib. Bu da ölkədə təhlükəsizlik sistemindəki problemləri üzə çıxarıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, Rusiya daxilində belə bir yüksək rütbəli hərbçinin öldürülməsi ölkənin kəşfiyyat və əks-kəşfiyyat sahələrində ciddi boşluqlardan xəbər verir.

"Yəni, Rusiya Ukraynada apardığı hərbi kampaniyada əhəmiyyətli ərazi irəliləyişlərinə nail olsa da, ölkə daxilində əldə edilən nəticələrin tərs mütənasibliyi ilə üzləşir. Məlumatlara əsasən, hadisəni törədən şəxs özbək əsillidir və o, bunun müqabilində Ukraynadan 100 min dollar, bir də “Avropa pasportu” vədini alıb. 
Rusiya hadisədən sonra Ukraynaya qarşı aqressiv siyasətə haqq qazandıran rəvayətləri gücləndirir və bu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin dilindən bəyan edilir". 

Aqşin

Politoloqun sözlərinə görə, Kirillovun öldürülməsi Rusiya-Ukrayna münaqişəsinin yeni bir mərhələyə keçid etdiyini göstərir. 

"Kreml miqrantlara qarşı sərt siyasətin qanuni əsaslarına don geyindirməyə bəhanə tapır. Hərçənd ki, hadisə başqa bir ölkənin vətəndaşı, hətta birbaşa kəşfiyyat subyektlərinin əməkdaşları tərəfindən də törədilə bilərdi. Ukrayna Təhlükəsizlik Xidmətinin legitim hədəf kimi rusiyalı generalı Rusiya daxilində hədəf seçməsi də ehtimalla Kiyevin Qərbdəki tərəfdaşları ilə razılaşdırılmış xüsusi əməliyyat olub. Kirillovun ölümü bir daha göstərir ki, həm Qərbin, həm də Ukraynanın kəşfiyyat elementləri Rusiyanın içərilərinə dərin nüfuz ediblər. Rusiya Prezidenti Vladimir Putin bununla ölkənin təhlükəsizlik qurumlarında “təmizləmə əməliyyatı”nın başlaması əmrini verə bilər", - deyə A.Kərimov vurğuladı.

Qeyd edək ki, bu hadisə həm regional, həm də qlobal səviyyədə yeni siyasi və təhlükəsizlik balanslarına təsir göstərə bilər. Hadisənin araşdırılması davam edir və növbəti günlərdə daha çox detalların üzə çıxması gözlənilir.

Türkan İSGƏNDƏRLİ

Chosen
52
43
redaktor.az

10Sources