EN

Azərbaycan çempionatının ən etibarlı və etibarsız qapıçıları

Misli Premyer Liqasında komandaların qapılarını qoruyan qolkiperlər özlərini fərqli tərəfdən göstərə bilirlər.

İdman.biz ötən 17 turda qapıçıların statistik göstəricilərini nəzərdən keçirib.

17 turda 10 komandanın qapısını 19 qapıçı qoruyub. Ən çox qapıçı “Qarabağ”ın heyətində meydana çıxıb – Mateus Koxalski 8, Fabian Buntiç 6, Şahruddin Məhəmmədəliyev və Sadiq Məmmədzadə hərəyə 1 dəfə oyuna çıxıblar.

“Səbail”in qapıçısı Hüseynəli Quliyev hamıdan çox – 17 oyun keçirib. Nəticədə o, oynadığı dəqiqə sayında da (1530) liderdir. 5 qapıçı – Rza Cəfərov (“Neftçi”), Mehdi Cənnətov (“Sumqayıt”), Rikardo (“Şamaxı”), Kristian Avram (“Araz-Naxçıvan”) və İvan Konovalov (“Turan Tovuz”) 16 oyunda 1440 dəqiqə meydanda olublar.

Qapısında ən çox qolu Rojerio Santos (“Kəpəz”) və Hüseynəli Quliyev (“Səbail”) görüb - 29. Lakin Gəncə təmsilçisinin qolkiperi bu qədər topu 14 oyuna buraxıbsa, Bakı klubunun qapıçısı 17 oyunda eyni sayda qola izn verib. “Neftçi”nin qapı keşikçisi Rza Cəfərov 16 oyunda qapısında 25 qol görüb.

Cəmi 1 oyun keçirmiş Sadiq Məmmədzadə (“Qarabağ”) bu mövsümdə qapısını toxunulmaz saxlayan yeganə qolkiperdir.

Komandalarının əsas qapıçılarından ən etibarlıları 16 oyuna 7 top buraxmış Kristian Avram (“Araz-Naxçıvan”) və 8 oyunda qapısında cəmi 3 qol görmüş Mateus Koxalskidir (“Qarabağ”).

Hər oyuna orta göstəriciyə görə ilk 4 yerdə “Qarabağ”ın 3 təmsilçisi yer alıb. Sadiq Məmmədzadə - 0, Mateus Koxalski 0,38, Fabian Buntiç – 0,50 göstəriciyə malikdirlər. Bu arada 3-cü yerdə Kristian Avram (“Araz-Naxçıvan”) gedir – 0,44.

Bu cəhətdən ən aşağı göstərici keçirdiyi 1 oyunda 4 qol buraxmış Tərlan Əhmədlidədir (“Araz-Naxçıvan”) – orta 4,0 qol. 4 oyuna 12 qol buraxmış Məmməd Hüseynovda (“Kəpəz”) bu rəqəm 3,0-dür.

Ən çox “quru” oyun keçirən Kristian Avramdır (“Araz-Naxçıvan”) – 10. İvan Konovalov (“Turan Tovuz”) 8, Aydın Bayramov (“Zirə”) 7 oyunda qapısını toxunulmaz saxlayıb.

Mehdi Cənnətov (“Sumqayıt”) və Rojerio Santos (“Kəpəz”) 64, Rza Cəfərov (“Neftçi”) 62 dəfə seyvlə məharətini göstərib. Hər oyuna görə orta göstəricini nəzərə alsaq, Məmməd Hüseynov (“Kəpəz”) liderdir – 5,25. Cəmi 1 oyun keçirmiş Sergey Samok (“Turan Tovuz”) heç seyv etməmiş yeganə qapıçıdır.

Vüqar Məmmədov
İdman.biz

Chosen
35
1
idman.biz

2Sources