EN

Qərb tərəfindən PLANLAŞDIRILANLAR - TƏHLİL

Qərbin Tbilisidə qurduğu və oynadığı “oyunlar” bir müddət əvvəl Ukraynada yaratdığı mənzərəni xatırladır. Təəssüf doğuran odur ki, Gürcüstan müxalifətçiləri və ümumiyyətlə, Qərbin alətinə çevrilənlər “qurban” olaraq hazırlandıqlarının hələ də fərqində deyillər. Fərqində deyillər ki, Qərb Tbilisidə hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrə əl atır və Gürcüstanın “ikinci Ukrayna” olması belə planlaşdırılır.

Tbilisidəki mövcud vəziyyət Qərb tərəfindən planlaşdırılanlara uyğun şəkildədir

Ən böyük təəccüb və xüsusən də təəssüf doğuran Gürcüstan müxalifətinin Tbilisidə etirazlar zamanı səsləndirdiyi fikirlərdir və onların “könüllü” şəkildə “qurban” olmağı qəbul etdiklərini təsdiq edən dialoq həqiqətən də şokedicidir. “Gürcü Maydanına qan lazımdır, əks halda daha heç kim etiraza çıxmayacaq”, - deyə Tbilisidə etirazçılar arasında belə şokedici dialoqun Gürcüstan dövlət televiziyası tərəfindən yayımlanan görüntüləri az qala damarda qanı da dondurur. Doğrudanmı müxalifətçilər eyni ilə Ukraynadakı kimi Gürcüstanda da qan tökülməsini istəyirlər? Yəni, həqiqətən də öz ölkəsində qan tökülməsinə razı olan vətəndaş ola bilərmi? Qan tökülməsini, yüzlərlə cəsədi və kütləvi dəfn mərasimlərini, eyni ilə 10 il əvvəl ukraynalıların başına gələnləri görən Gürcüstan müxalifəti indi də Qərbin eyni mənzərəni Tbilisidə yaratmasına “ehtiyac” duyur, yoxsa biganə yanaşır? İstənilən halda bunun qəbuledilməz olmasının əksini fərz etmək belə mümkün deyil və əgər bu, Gürcüstan müxalifəti üçün artıq qəbuledilən sayılırsa, deməli, Qərb tərəfindən Gürcüstanda planlaşdırılanların nəinki reallaşdırıldığı, hətta bunun nədən ibarət olması da bəlli olur.

Gürcüstan dövlət televiziyası tərəfindən yayımlanan və Tbilisidən olan video görüntülərdə etirazların düz mərkəzindən cəmi 300 metr aralıda yerləşən yerli operanın damında növbətçi snayperlərin özlərinə “yer eləmələri” və istənilən anda atəş açmağa hazır olmaları həqiqətən də dəhşətli mənzərədir. Ona görə ki, bu mənzərə artıq Gürcüstan müxalifətinin bu gün “qana ehtiyacı olduğunu” təsdiqləyir. Hər halda, bütün bunların məhz hökumətə, eləcə də təhlükəsizlik qüvvələrinə qarşı xalqın qəzəbini oyatmaq niyyəti olmasını başa düşmək üçün ekspert olmağa ehtiyac yoxdur. Başa düşülən odur ki, Qərbin aləti olanlar elə məhz onların görmək istədikləri mənzərəni yaratmağa çalışırlar. Belə çıxır ki, Tbilisidəki mövcud vəziyyət Qərb tərəfindən Gürcüstanda planlaşdırılanlara uyğun şəkildə formalaşdırılıb.

Ukraynadakı mənzərənin eynisi müşahidə edilməkdədir

Ukrayna ilə aydın şəkildə görünən eyni paralellik var, çünki elə on il əvvəl də Ukrayna Avromaydanının təxribatçıları məhz təhlükəsizlik qüvvələrini qisas almağa təhrik etmək üçün mümkün olan hər şeyi edirdilər. Məsələn, onlara daşlar, molotov kokteyli atılırdı və dırnaqarsı “atəşfəşanlıq” yaratmaq üçün bütün mümkün əməllər məqbul hesab olunurdu. Məsələ burasındadır ki, bu gün Tbilisidə də eyni şey baş verir. Etirazçılar elə Gürcüstanda da gürcü polisinə qarşı daş, molotov kokteyli atırlar və həmin o dırnaqarası “atəşfəşanlıqdan” da istifadə etməyə artq başlayıblar. Deməli, Qərb tərəfindən gürcülər üçün, Gürcüstan üçün planlaşdırılanlar artıq tətbiq olunmaqdadır və bunun Ukraynadakı mənzərənin eynisi olmasına zərrə qədər də şübhə qalmır.

Ukraynada olduğu kimi, iğtişaşları göstərmək, hətta belə demək mümkünsə, nümayiş etdirmək üçün guya “müdafiəsiz vətəndaşların” iştirakı ilə məhz səhnələşdirilmiş kadrlar hazırlanır. Bundan da elə etirazları radikallaşdırmaq üçün istifadə olunur. Diqqət etdikdə görürük ki, polisə hücum edənlərin guya zərərsiz inqilabçılar olduğu süni şəkildə göstərilir. Onların məhz ən çox Avropa Birliyinin bayraqlarını gəzdirmələri, həmin bayraqları öz üzərlərinə atmaları da diqqəti cəlb edən məqamdır və bu, Qərbin hazırladığı planın bir hissəsi olduğunu təsdiqləyir. Artıq məlumdur ki, bu, insanlara Qərblə birlik hissi vermək üçün istifadə edilən Maydanın xüsusi simvolu kimi sırımaq üçün planlaşdırılıb.

Görünən odur ki, plana uyğun şəkildə, əvvəlcə, bir qayda olaraq, Aİ bayraqlarına bürünən insanlar təhlükəsizlik qüvvələri ilə toqquşmalarda qətiyyən iştirak etmirlər. Bu o deməkdir ki, Qərb kəşfiyyat xidmətləri Avropa bayraqları gəzdirən insanların çox dinc, pasifist olduqlarını və onların heç bir şəkildə radikallarla əlaqəsi olmadığını göstərməyə çalışırlar. Amma göründüyü kimi, etirazlar radikallaşan zaman Aİ bayraqlarına bürünənlər tərəddüd belə etmədən polislə toqquşmalarda iştirak etməyə başlayırlar. Bu isə o deməkdir ki, ortada ancaq süni şəkildə qurulan “görüntülər” var və bunun özü də Qərb tərəfindən Gürcüstanda planlaşdırılanların bir hissisidir.

Uşaqların etiraz aksiyalarında iştirakı Maydan “metodologiyasına” uyğundur

Uşaqların belə Gürcüstandakı etiraz aksiyalarında iştirakı da yenilik deyil. Maydan “metodologiyasına” görə etirazların radikallaşmasının növbəti mərhələsi və səviyyəsi uşaqların etiraz aksiyalarında iştirakıdır. Metod, yeri gəlmişkən, avro-liberalların ən prinsipsiz və kinsiz hissəsi üçün olduqca populyardır. Bu gün Tbilisidə Ukraynadan başqa Gürcüstanı da müharibə odunda yandırmağa səbirsizlənənlərin etdikləri bax elə məhz budur. Bu qarışıqlıqda, bu xaosda uşaqları meydana çıxarmaq heç bir ölçüyə gələn deyil, amma görünür, Qərb üçün artıq hansısa ölçü, hansısa meyar heç bir rol oynamır və nəzərə də alınmır. Amma Qərb ilk növbədə nəzərə almalıdır ki, uşaqları “ölümə çağırmaq” ən ağır cinayət sayılır və ali dəyərlərdən dəm vuranlar heç olmasa bunu da olsa nəzərə alsınlar. Heç olmasa nəzərə alsınlar ki, sosial şəbəkələrin Gürcüstan seqmentində və Qərb xəbərlərində bir gecədə etiraz edən yeniyetmələrin videoları kifayət qədər çoxdur.

Kiyevdə bir vaxtlar olduğu kimi, indi Tbilisidə polisə hücumlarda əsasən yeniyetmələrin iştirak etmələri artıq Qərbin bütün dəyərləri hesaba belə almamasını, öz planlarını gerçəkləşdirmək üçün qanunsuz belə olan hər əmələ əl atdığını göstərir. Hər halda, polisi məhz uşaqları döyməyə sövq etdirmək üçün qəsdən məktəblilərin, uşaqların, yeniyetmələrin etiraz aksiyalarına cəlb edildiyi bəllidir. Bəllidir ki, Qərb sonra da bu “qurbanlardan” hakimiyyətə təzyiqi artırmaq üçün səbəb kimi istifadə niyyəti güdür. Bax elə Qərbin Gürcüstan üçün planlaşdırdıqlarından biri də budur. Xüsusən də polislərin uşaqları və qadınları “əzməsi” görüntüsünü yaratmaq üçün bu uşaqları və qadınları etiraz aksiyasına “gətirmək” planı düşünülmüş şəkildə işə salınır. Bu planın növbəti hissəsində isə Qərbin hakimiyyətə cavab olaraq, müvafiq xüsusi vasitələrdən və uyğun metodlardan istifadə etməsi durur…

Nuland peçenyeləri və barrikadalar arası toy Ukraynadakı eyni mənzərənin canlandırılması, eyni məqsədə nail olunması üçündür

Maydanda bir ziyafətin, daha dəqiq desək, ukraynalılara verilən yeməklərin, içkilərin və məşhur Nuland peçenyelərinin paylanması da yaddaşlardadır. Belə “kadrların” nə üçün lazım olduğu barədə indi tam zamanında düşünməyə dəyər. Çünki indi də buna oxşar mənzərə elə Tbilisidə də var və bu həftə etiraz iştirakçılarına peçenyelərin paylanması məhz Ukraynada olanları xatırladır. Təbii ki, belə “kadrlarla” və “görüntülərlə” manipulyasiya etmək niyyəti dərhal bəlli olur.

Etirazçıların şüurunun belə manipulyasiyasına daha bir bariz nümunə barrikadalarda keçirilən “toy mərasimi” sayıla bilər. Elə məhz bu kadr da Ukrayna Maydanının məşhur simvollarından biri kimi, etirazların qızğın olduğu “yerdə” keçirilən toy kadrı ilə eynilik təşkil edir. On il əvvəl bu “mənzərə” bütün “Qərb xəbərlərində” yayılmışdı. Görünür, ortada eyni ssenari var və eyni şəkildə də Gürcüstandakı “toy” Qərb xəbərlərində yayılmaq üçün “hazırlanıb” və ortada fərqli heç nə yoxdur. Tbilisidəki hazırkı iğtişaşdan olan kadrlarda məhz gəlinlik geyinmiş cütlük də eyni ilə Rustaveli prospektində etirazların tam ortasında, özü də Qərb jurnalistləri qarşısında sevinclə “pozalar” verirsə, deməli, yenə də hadisələr eyni ssenari üzrə gedir və yenə də “gözləntilər” eynidir.

Təbii ki, belə “kadrlarla”, belə “toy mənzərələri” ilə göstərməyə çalışırlar ki, guya Gürcüstanın gələcəyi haqqında planlar qurulur. Ələlxüsus da bu “toy”, yəni, “ailə qurmaqda olan cütlük” mənzərəsi ilə elə bir fikir formalaşdırmağa çalışırlar ki, guya bu etirazlar, bu hadisələr Gürcüstan üçün bundan sonra yeni nəsil, gənclər, ailələr yaradacaq, hətta övladlar dünyaya gətirəcək. Bir sözlə, qurma olduğu dərhal bəlli olan bu “mənzərə” arxasında nəzəri olaraq, Gürcüstanın gələcəyini guya insanların özlərinin seçdikləri görüntüsü və fikri formalaşdırılır. Sözsüz ki, bütün bunlar qurmadır və ələlxüsus da bunun özünün də bir manipulyasiya olduğu zərrə qədər də şübhə doğurmur. Biz belə manipulyasiyaların, Qərb tərəfindən qurulan belə “mənzərəli oyunların” çox şahidi olmuşuq və bilirik ki, yenə də eyni ssenari qurulmaqla, eyni şəkildə də manipulyasiyalara yol verilməkdədir.

Gəlinlik paltarı ilə meydana çıxan qızı bəylik geyimində qarşılayan oğlanın qurulma görüntüsü ilə yanaşı, digər ənənəvi bayram əhval-ruhiyyəsi görüntülərinin də eyni şəkildə oxşar məqsədlər üçün nəzərdə tutulduğu artıq bəllidir. Xatırladığımız kimi, eyni ilə Ukraynada da xalq şənlikləri görüntüləri yaradılırdı. Hətta aksiyalarda xüsusi geyimlərdə marşlar, artistlərin çıxışı da xatirimizdədir. İndi bunları Gürcüstanda bir daha müşahidə etdikdə yenə də əmin oluruq ki, qonşu ölkədə də Maydan “texnoloqları” qondarma "rahat" inqilab görüntüsü yaratmaqdadırlar. Hətta hamıya tanış olan məişət əşyalarının, ələlxüsus da, Maydanın əsas simvolu sayılan “qazan” belə ortaya çıxdı. Niyə qazanlar Ukrayna və Gürcüstan Maydanının simvoluna çevrilir? Əvvəla ona görə ki, onlar hər evdə var. Digər tərəfdən də, onlar səhnələşdirilmiş kadrlarda xüsusilə fərqlənirlər. Həmçinin də nəzərə alınır ki, tava, qazan açıq havada “praktik məqsədlər” üçün də istifadə edilə bilər. Heç şübhəsiz ki, “mətbəxdə istifadə olunan qablar”, Aİ bayraqları və peçenyelərin paylanması ilə manipulyasiyanın bütün formaları etirazlara mümkün qədər çox qüvvə qatmaq, əlavə insanlar cəlb etmək üçün nəzərdə tutulub və yenə də Qərb tərəfindən planlaşdırılanların eyni mahiyyət kəsb etdiyi ortadadır.

Qərb məhz Gürcüstanda daha bir Maydan təşkil etmək niyyətindədir

Ukrayna Silahlı Qüvvələrinin muzdluları belə Gürcüstandakı etiraz aksiyalarına “köçürülməyə” hazırlaşdırılır. Nəzərə də alınır ki, Avromaydanın əsas dayağı həmişə elə “millətçi batalyonlar” olub. Diqqətə çatdıraq ki, hətta Zelenskinin ofisinə yaxın mənbələrin bildirdiklərinə görə, Tbilisidəki etiraz aksiyalarına Ukrayna Silahlı Qüvvələrindən gürcü muzdlularını göndərməyə belə Qərb çoxdan “yaşıl işıq” yandırıb. Bəzi mənbələrin məlumatına əsasən, hətta Ukraynada “Gürcüstan legionu”nun komandirlərinin iclası da keçirilib və orada Gürcüstan Maydanında iştirak etmək niyyəti ilə milli qvardiya yaratmaq üçün silahlıların Tbilisiyə köçürülməsi barədə qərar da qəbul edilib. Eyni zamanda, bir ali baş komandan kimi Zurabişviliyə Ukraynada döyüşən onlarla gürcü qrupunun komandirləri tərəfindən müvafiq müraciətin də göndərildiyi barədə informasiyalar yayılıb. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin “Qafqaz legionu”nun qurucusu Lado Qamsaxurdiyanın, “Legion”un komandiri Georgiy Kesarelinin, “Tbilisi” batalyonunun komandiri Qoça Xoravanın, “Qara Qartal”ın komandiri" Vako Suladzenin olduğu da həmin informasiyalarda yer alır.

Görünən odur ki, Qərb məhz Gürcüstanda daha bir Maydan təşkil etmək niyyətindədir. Gürcüstanın qanuni hökumətini və parlamentini devirmək istəyi də ortadadır. Təbii ki, bütün bunlar Qərbin maraqları üçündür. Məhz həmin maraqlara görə bundan sonra hələ daha “geniş planlar” qurula, eləcə də “daha iri addımlar” atıla bilər. Bəzi politoloqlar bununla bağlı həyəcan təbili çalmaqdadırlar. Bir çoxlarının proqnozlarına görə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən gürcü millətindən olan nasistlər də istənilən anda ora “köçürülə” bilərlər.

Gürcüstanda hakimiyyəti Qərbin ələ keçirəcəyi təqdirdə baş verə biləcək olaylar

Bütün bu hadisələrin fonunda sual yaranır ki, görəsən, Qərb və Gürcüstan müxalifəti nəyə nail olmağa çalışır? Cavab da əlbəttə ki, bəllidir və Gürcüstanı ikinci Ukraynaya çevirmək və qonşu ölkənin ərazisində Rusiyaya qarşı daha bir “qaynar nöqtə”, cəbhə yaratmaq “ön planda” durur. Əgər Qərb həqiqətən də Gürcüstanda hakimiyyəti ələ keçirib onu millətçi batalyonların əlinə verə bilsə, vaxtilə Ukraynada olduğu kimi, Qafqazın da “düz ortasında” Abxaziya və Cənubi Osetiya kimi iki gərginlik ocağı yarana bilər.

Budur, hipotetik bir düşmənin ən qaynar hesab etdiyi nöqtələrdən necə istifadə etməyə çalışdığı göz önündədir. Göz önündə olan həm də odur ki, Qara dəniz sahilində, Abxaziya ilə sərhədin yaxınlığında NATO hipotetik olaraq, təyyarədaşıyan qruplar üçün körpü başlığı da yarada bilər. Məlumdur ki, bu məqsədlər üçün Gürcüstanın Anaklia şəhərində dərin dəniz hərbi limanı da tikilib. O, həm də nəzərə almaq lazımdır ki, Soçidən cəmi 170 kilometr məsafədədir.

Cənubi Osetiya istiqamətinə gəlincə, burada da NATO öz aviasiyasına “tramplin” yarada biləcəyi ehtimalı var. Ehtimal ki, o, Gürcüstanın Vaziani bazasında yerləşə bilər. Onun Tsxinvalidən cəmi 110 kilometr, Rusiyanın Vladiqafqazından isə cəmi 160 kilometr məsafədə yerləşməsi də heç şübhəsiz ki, əvvəldən nəzərə alınıb. Yeri gəlmişkən, diqqətə çatdıraq ki, bir qədər əvvəl ortaya çıxan məlumata görə, Qərb hərbçiləri artıq gizli şəkildə F-16 qırıcılarını Gürcüstan aviabazasına köçürməkdədir. İndi politoloqların əksəriyyəti belə bir qənaətdədirlər ki, Qərb “öz məqsədinə” nail olmaq üçün hər hansı bir “nöqtə” axtarır ki, Rusiyaya bir növ “təsir” göstərə bilsin. Təbii ki, buna görə də eyni ilə Ukrayna kimi, Gürcüstan da planlaşdırmalara uyğun olaraq Qərbin hədəfinə çevrilib.

Tbilisi istənilən anda Qərbdən üz döndərə bilər

Bəzi politoloqlar hərbi münaqişə belə proqnozlaşdırsalar da, hadisələrin, olayların birbaşa hərbi münaqişəyə gedəcəyi ehtimalı çox azdır. Tbilisinin bu gün əmin etdiyi kimi, ölkənin ikinci Ukraynaya çevrilməsinə Gürcüstanın hazırkı hökuməti imkan verməyəcək. Əslində, belə də olmalıdır və Gürcüstanın hazırki hakimiyyəti siyasi iradə nümayiş etdirməli, qonşu ölkədə Ukrayna hadisələrinin təkrar olunmasına, eyni şəkildə fəlakətə sürüklənməsinə imkan verməməlidir. Çünki bu, ilk növbədə gürcülərin öz təhlükəsizliyini təhdid edir və bütövlükdə Gürcüstan üçün ancaq fəlakətlər vəd edir.

Təbii ki, Qərb də öz növbəsində, onların gündən-günə yeni nə isə etməyə çalışmasına baxmayaraq, heç bir şey alınmadığını, hələ də bir nəticə əldə edə bilmədiyini də görür. Görür ki, onlar sakitcə “soyuyub” bir kənara çəkilməli olacaqlar. Hətta ekspertlərin bir qismi Gürcüstanda etirazların dekabrın ortalarından sonra, yəni, bu ayın ikinci yarısında bitəcəyini belə proqnozlaşdırırlar. Ona görə belə bir proqnoz verirlər ki, gürcülər yeni prezident seçməklə, Qərb planlarına qarşı çıxmış olurlar. Həm də belə görünür ki, Qərbin davamlı olaraq, Gürcüstan müxalifətini dəstəkləməkdə davam etməsinə əsas qalmır. Çünki Qərb özü də qorxur ki, Tbilisi istənilən anda ondan üz döndərə bilər və tamamilə “başqa yolu” tutar. Məsələn, Qərb Ukraynadakı kimi silahlı üsyana rəvac verməli olduqda, o zaman Gürcüstan elə xalqın tam razılığı ilə Qərbdən üz döndərə və Rusiyaya tərəf “dönə” bilər. Sözsüz ki, bu halda da Qərb uzun illər Gürcüstandan Rusiyaya qarşı proksi qüvvə kimi istifadə etmək perspektivini belə birdəfəlik olaraq itirə biləcəyini də başa düşür və nəzərə də alır. Əks halda, indiyə qədər Qərb məhz Gürcüstanı çoxdan “burulğana” salardı...

Müəllif: İnam Hacıyev
Chosen
33
sia.az

1Sources