EN

Müəllim də insandır – hissləri, çətinlikləri, problemləri olan insan...

Müəllimlər cəmiyyətin ən ağır, ən dəyərli və eyni zamanda ən az qiymətləndirilən peşəsini daşıyan insanlardır. Amma nədənsə hər bir problem, hər bir qüsur üçün ilk hədəf müəllimlər olur. Sinif otağında şagirdlərin məsuliyyətsizliyi, valideynlərin diqqətsizliyi, təhsil sistemindəki boşluqlar – bunların hamısı müəllimin çiyninə yüklənir. Hər kəs müəllimin yerinə danışır, onun necə işləməli olduğunu "tövsiyə edir", amma öz işini düzgün və vicdanla görənlər azdır. İndi isə gəlin sual edək: hər kəs öz işini necə yerinə yetirir? Müəllimi tənqid etmədən öncə, onun çəkdiyi əzabı anlamadan və ya problemin kökünü araşdırmadan hökm vermək nə qədər ədalətlidir?

Bir müəllimin şagirdə qarşı sərt davranışı heç vaxt müdafiə edilə bilməz, amma biz bu davranışın səbəbini soruşuruqmu? Bəlkə də həmin müəllim aylarla stres altında, hüquqsuz və mənəvi dəstəksiz işləyib. Günümüzdə müəllimlərin ən çox qarşılaşdığı problemlərdən biri hörmətin itməsi və sanki cəmiyyətin onlara günahkar kimi baxmasıdır. Müəllim, təkcə dərs deyən birisi deyil; o, həm psixoloqdur, həm pedaqoqdur, həm də çox vaxt uşağın ailəsində görə bilmədiyi dəstəyi verən biridir. Amma müəllim hər gün təhqirə, təzyiqə, inamsızlığa məruz qalanda, onun da bir insan olduğunu unutmamalıyıq.

Son zamanlar baş verən bir hadisəni xatırlayaq: müəllimin partanı şagirdin başına atdı. Bu hadisə əslində müəllimin uzun müddət tənqidə, hörmətsizliyə və stressə dözdüyü bir anda özünü itirməsinin nəticəsidir. Müəllimlər psixoloji və mənəvi cəhətdən o qədər yorulurlar ki, bəzən hisslərini idarə edə bilmirlər. Sual budur: niyə müəllimlər bu həddə gətirilib?

Valideynlər öz övladlarının hərəkətlərinə görə məsuliyyət daşımır, amma müəllimdən tələb edirlər ki, sinifdə tam nizam-intizam təmin etsin. Uşağın evdə aldığı tərbiyədəki boşluqlar məktəbdə müəllimin çiyninə yüklənir. Təhsil sistemindəki çatışmazlıqlar müəllimin boynuna atılır. Nəticədə, müəllim həm sistemin, həm valideynin, həm də şagirdin əksikliyini tamamlamağa çalışır. Çox vaxt bu yükün altında əzilir, amma heç kimin ağlına gəlmir ki, müəllimin də dəstəyə ehtiyacı var.

Müəllimlərin maddi və mənəvi dəstəksizliyini unutmamalıyıq. Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı, təhsilin vacibliyi ilə müqayisədə olduqca aşağıdır. Bir müəllim həm öz ailəsini dolandırmalı, həm də dərsdənkənar fəaliyyətlərlə məşğul olaraq şagirdlərinin inkişafını təmin etməlidir. Üstəlik, hər gün şagirdlərin sərt davranışlarına, valideynlərin əsassız tələblərinə və cəmiyyətin tənqidinə tab gətirməlidir. Statistikalar göstərir ki, müəllimlərin 70%-dən çoxu işlərinin stressli olduğunu qəbul edir. Müəllimlər iş yükünün ağırlığından, maaşlarının azlığından və valideynlərdən gələn təzyiqlərdən şikayətlənir. Amma bu məsələləri həll etmək əvəzinə, onları hədəf almaq daha asan görünür.

Müəllimlərin qarşısında cəmiyyətin dəstəyi əvəzinə tənqid divarı ucaldılır. Amma bu yanaşma səhvdir. Əgər biz yaxşı təhsil, sağlam nəsil istəyiriksə, ilk növbədə müəllimlərimizi qorumalı və onlara dəstək olmalıyıq. Onların hüquqları təmin edilməli, iş şəraiti yaxşılaşdırılmalı və hörmətlə yanaşılmalıdır. Müəllimin öz peşəsinə sevgisi yalnız maddi təminatla deyil, cəmiyyətin ona münasibəti ilə də bağlıdır. Hörmət görən müəllim daha səbrli, daha fədakar və daha motivasiyalı olur. Amma cəmiyyət müəllimi tənqid etdikcə, onu gücsüz, çıxışsız və motivasiyasız buraxır.

Unutmayaq ki, müəllimlər də insandır – hissləri, çətinlikləri, problemləri olan insanlar. Onlar bizim övladlarımızın həyatına işıq tutan, gələcəyimizi qurmağa çalışan qəhrəmanlardır. Onları müdafiə etmək, onların hüquqlarını qorumaq bizim borcumuzdur. Əgər cəmiyyət olaraq müəllimlərimizi qorumasaq, təhsilin keyfiyyətindən danışmaq mənasızdır. Çünki təhsilin təməli müəllimdir, və o təməl sarsılırsa, gələcəyimiz də təhlükə altındadır.

Chosen
22
tehsil.biz

1Sources