EN

“Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib.

Görüşdən əvvəl könüllülər tərəfindən  musiqi nömrələri nümayiş etdirilib və süni intellekt vasitəsi ilə hazırlanmış şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənilməsi ilə başlayıb.

Davamında Ulu öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Pantomima teatrının aktyorlarının ifasında ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşa izlənilib.

Tədbir çərçivəsində könüllülərin fəaliyyətini əks etdirən və COP29 konfransı ilə bağlı təəssüratlarından ibarət video çarxlar nümayiş etdirilib. 

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. Ölkəmizin qısa müddət öncə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsinə diqqət çəkən Komitə sədri, Azərbaycanın yaşıl dünya naminə həyata keçirilən fəaliyyət çərçivəsində özünəməxsus təcrübəsinin olduğunu əlavə edib.

B.Muradova bildirib ki, Azərbaycan Tərəflər Konfransının üzvü kimi ekoloji proseslərə öz töhfəsini verməklə yanaşı, həm də milli töhfələri təmərküzləşdirməkdə, vahid bir məcraya yönəltməkdə və hər kəsi əhatə edəcək fəaliyyət planlarını icra etməkdə öncüllük etməyə davam edəcəkdir.

Könüllü gənclərin COP29 fəaliyyətinə böyük həvəs və şövqlə qatıldıqlarını vurğulayan sədr, onların bu prosesə hərəkətverici qüvvə kimi töhfə verməyə çalışdıqlarını dilə gətirib: “Yaşıl dünya naminə ətraf mühitin qorunması, təhlükəsiz və sağlam həyatın təmin edilməsi işinə öz bacarıqları, bilik və fəaliyyətləri ilə töhfə verən könüllülərin fəaliyyəti bizdə hər zaman qürur və fərəh hissi doğurur” - deyə o əlavə edib.

Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib.Bu proqramların davamlılığının təmin olunması üçün əlaqədar qurumlarla birgə fəaliyyət birliyinin yaradılmasının əhəmiyyətini vurğulayan B.Muradova, bu təşəbbüsün  Azərbaycanın insan kapitalı və onun inkişafının təmin edilməsinə yönəldiyini deyib.

Cəmiyyət, dövlət və ailələr arasındakı sarsılmaz bağa diqqət çəkən Komitə sədri, bu mühitin hər birinin sağlam olmasının vacibliyinini qeyd edib. 

O, çıxışının sonunda gənclərin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı bütün uğurların davamlı olmasını təmin etmək, eləcə də ölkəmiz və onun maraqları naminə fəaliyyət göstərməyə daim hazır olmaqlarını arzu edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbiətin mühafizəsi, flora və faunanın, eləcə də biomüxtəlifliyin qorunması, sağlam qidalanmanın təmin edilməsi, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. O, inkişaf etmiş ölkələrdə texnologiyanın və sənayenin yüksək inkişafının fəsadları haqqında da məlumat verib: "İnsanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır.” Nazir müavini bildirib ki, yalnız ekoloji tərbiyə və ekoloji mədəniyyətin gücü ilə bilikli və təhsilli gənclik sayəsində bu mənfi təsirlərin həcmini azaltmaq olar. O, müəllimlər üçün yaşıl gələcək, ekoloji tarazılıq mövzularını özündə əks etdirən xüsusi metodiki tədris vəsaitlərinin hazırlandığını və bütün məktəblərdə tədris ilinin ilk dərsinin məhz yaşıl dünya naminə həmrəylik ilinə həsr edildiyini diqqətə çatdırıb. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini xüsusilə vurğulayaraq, onların keçirilən tədbirlərə verdiyi mühüm töhfələri qeyd edib: “Bizim pavilyonumuzda təkcə könüllü gənclər deyil,  könüllü qatılmaq istəyən kifayət qədər şəxslər də var idi. Onları gənclərin bu tədbirlərə və ümumilikdə COP29-a optimist yanaşması cəlb edirdi" - deyə o bildirib. İ. Hacıyeva könüllülərin hər bir təşəbbüsə operativ, dəqiq, peşəkar və gülərüz yanaşmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazılığı qorumalıyıq.  İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdr. Çünki düşünülməmiş və elmə əsaslanmamış hər bir addım ağır nəticələrə səbəb ola bilər. Gənclərin bu haqda düşünməsi, siyasi iradə sərgiləməsi, fərdlərin davranış tərzi olduqca vacibdir. İ. Hacıyeva təmsil etdiyi nazirliyin növbəti illərdəki fəaliyyətində ekoloji maariflənmə istiqamətində xüsusi olimpiadaların keçiriləcəyini diqqətə çatdırıb.

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. N. Zeynalov qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin, yayılmasına səbəb olur. Nazir müavini bu vəziyyətlə mübarizə məqsədilə mümkün tədbirləri qeyd edib, bərpa olunan enerji mənbələrindən istifadənin önəmini vurğulayıb. O, könüllü gənclərin bu sahədə maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında könüllülərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq, ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə olunduğunu qeyd edib. Millət vəkili COP29-a könüllü qəbulu elanından sonra on altı min gəncin qediyyatdan keçdiyini, üç min gəncin isə prosesdə iştiraka cəlb edildiyini diqqətə çatdırıb: “Bir gün ərzində doqquz min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi bizi yaxşı mənada təəccübləndirdi. Bu, onu göstərir ki, könüllülərin aktivliyi gözlənildiyindən daha yüksəkdir" - deyə o əlavə edib. 

Çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, keçirilən tədbirlərdə Azərbaycan könüllülərinin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsi sevindirici haldır. “Bu, dövlətimizin, dövlət başçısının gəncliyimizə verdiyi dəyərin və gənclərimizin də bu qayğını hiss etməsinin nəticəsidir” - deyən V. Əliyev COP29 dövründə əvəzsiz və aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkürünü bildirib. O, yaşıl dünya naminə görülən işlərə töhfə verməyə daim hazır olduqlarını bildirərək, deyib ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ekologiya sahəsində atılacaq addımlar üçün motivasiya mənbəyi olub. O, ekoloji sahənin prioritet olduğunu vurğulayaraq, tullantıların idarə olunması, təkrar emalı, hətta onları əl işinə çevirərək sərgilərdə nümayiş etdirmənin rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin bir  hissəsi olduğunu qeyd edib.

Çıxışlardan sonra könüllülər tərəfindən dövlət rəsmilərinə ünvanlanan suallar cavablandırılıb.

Yaqut Ağaşahqızı, "İki sahil"

Chosen
19
4
ikisahil.az

5Sources