EN

Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notların həcmi azalıb

Cari ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların həcmi 4,6 dəfə azalıb.

Bu barədə Fins.az-a Mərkəzi Bankdan məlumat verilib.

"Noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7.66% və 7.79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3 mln. manat, dekabrın ötən dövründə isə 402.3 mln. manat olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 18 dekabr tarixində uçot dərəcəsini dəyişməz olaraq 7,25 faiz səviyyəsində saxlamaq qərarını qəbul edib. Həmçinin faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Uçot dərəcəsinin dəyişməz saxlanması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınaraq qəbul edilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xarici risk amillərinin dinamikası nəzərə alınaraq qəbul ediləcək.

Mərkəzi Bank iqtisadi prosesləri təhlil etməyə və maliyyə bazarlarını monitorinq etməyə davam edir.

Fuad Mədətov
Fins.az

Chosen
20
6
fins.az

9Sources